İnsanlara hürriyət, millətlərə istiqlal!

Sığorta Agentliyinin sabiq direktoru hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Vaqif oğlu Qasımovun cinayət işi üzrə proses keçirilir.

Musavat.com xəbər verir ki, Elmar Qasımova qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və ya israf etmə (179.3.2) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

İttihama görə, təqsirləndirilən şəxs Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Siğorta Agentliyinə ümumilikdə 212 min manat maddi ziyan vurub. Agentliyin nümayəndəsi məhkəmədə müttəhimə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb.

Hakim Rasim Sadıxovun sədrliyi keçirilən iclasda iş üzrə şahidlər dindirilib. Şahid Mədinə Murquzova deyib ki, əvvəllər Nizami rayon Dövlət Sığorta Agentliyində mütəxəssis vəzifəsində işləyib. İşi icbari sığorta olanların məlumatlarını sistemə yerləşdirmək olub.

“Müştərilərə kod verirdik, onlar gedib ödəniş edirdilər. İşin maliyyə hissəsindən məlumatım olmayıb. Ən çox Kəmalə Haqverdiyeva adlı sığorta agenti müqavilə bağlayırdı, ən çox maaş alanda o idi agentlər arasında. Elmar Qasımovun qohumu kimi tanıyırdıq. Gülayə və Kəmalə adlı şəxslər rəsmi agentlər idi. Maaşa gəldikdə isə bizim aylarla maaşımız gecikib. Səbəb kimi göstəriblər ki, baş ofis maaşları köçürmür. Anar Quliyev adlı iş yoldaşımızın Əmək Müfəttişliyinə şikayətindən sonra işçilərin maaşları köçürülüb. Mənim Elmar Qasımovun ofisin icarə xərci adı ilə pul köçürməsindən xəbərim olmayıb. Ketrinq xidmətlərinə qaldıqda isə, mən o xidmətdən yararlanmamışam. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm”, - deyə şahid bildirib.

Bəhlul Ramazanov Sumqayıtda obyektini Sığorta Agentliyinə icarəyə verib. O, şahid qismində ifadə verərək ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib. Növbəti şahid İbrahim Ələmov olub.

O, Şığorta Agentliyində sığorta agenti olub, Sumqayıtda olan ofisdə işləyib:

“Ayda ofis üçün 1000 manat icarə haqqı verirdik. Elmarın mənə 10 min manat komisyon haqqı verəcəyi var idi. Elmar 6 mini mənim ofis üçün icarə haqqı köçürdü, qalanını özümə verdi”.

Şahid Xəyal Quliyev 2018-ci ilin sentyabrından Agentliyin Nizami filialında direktor müavini işləyib. Məhkəmədəki ifadəsində deyib ki, Elmar Qasımov ona qarşı çox haqsızlıq edib, aylarla maaşını verməyib.

“Elmar baş mühasiblə işləyirdi. 800 sığorta müqaviləsinə görə 167 min manat pul köçürülmüşdü. Kəmalə Haqverdiyeva isə Elmar Qasımovun həyat yoldaşı olub. Ən çox pulu da ona verirdi”, - deyə şahid bildirib.

Hakim elan edib ki, iş üzrə Sığorta Agentliyinin 4 əməkdaşı dindirilmək üçün məhkəməyə dəvət olunublar. Lakin şahidlər üzrsüz səbəbdən prosesə qatılmayıblar. Buna görə də Agentliyin 4 əməkdaşı barəsində məhkəməyə məcburi gətirilmə qərarı verilib.

Hazırda Elmar Qasımov azadlıqdadır, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Elmar Qasımov ittihamları qəbul etmir.

Proses oktyabrın 22-də şahidlərin dindirilməsi ilə davam etdiriləcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR