Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Ukrayna münasibətləri, Ukrayna xarici işlər nazirinin Bakıya səfəri üçüncü ölkəyə qarşı deyil
Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın Bakıya səfəri, gözlənildiyi kimi, Rusiyanın bir sıra dairələrində qıcıq və narahatlıq doğurub. Bu məsələdə yenə əsas canfəşanlığı anti-Azərbaycan mövqeyi ilə tanınan, artıq ölkəmizdə girişi bloklanan “tsargrad.tv” edirdi. Sibiqanın səfəri haqda yazanda da öncə qeyd olunurdu ki, Azərbaycan Kiyevə indiyədək 40 milyon dollara yaxın vəsait ayırıb və Ukraynanın enerji infrastrukturunun bərpasına fəal kömək edir. İddia olunur ki, guya bu səfər Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana getməsinə “cavabdır”. Ukrayna XİN rəhbərlərinin müharibənin başladığı 3 ildə Cənubi Qafqaza ilk dəfə olaraq səfər etməsi və Azərbaycanı seçməsi şimal qonşumzun qarnının sancısını artırıb. Vurğulanır ki, guya Azərbaycan hakimiyyəti məlum təyyarə qəzasından sonra Rusiyaya qarşı çıxır və bu səfəri də Qərbə mesaj kimi qəbul etmək lazımdır və s.
İki ölkə arasında münasibətlərin tarixi yeni deyil və hər zaman yüksək səviyyədə olub. Burada hər iki ölkənin keçmiş SSRİ respublikası olması və keçmişdən gələn siyasi, iqtisadi, mədəni bağlar xüsusilə önəmlidir. Eyni zamanda hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkib və bir-birini qarşılıqlı şəkildə dəstəkləyib. Bu məqam, eləcə də ikitərəfli münasibətlər və müxtəlif sferalarda əməkdaşlığın inkişafı Sibiqanın Bakı səfəri zamanı müzakirə olundu. Ukraynanın xarici işlər nazirinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbulu zamanı da yalnız ikitərəfli məsələlər gündəmdə idi. Bu o deməkdir ki, Bakı-Kiyev münasibətləri yalnız ikitərəfli xarakter daşıyır və burada hansısa üçüncü ölkə ilə bağlı məsələlər müzakirə mövzusu deyil.
Azərbaycan hər hansı bir dövlətlə münasibətlərini müstəqil şəkildə qurur və bu, onun hüququdur. Eyni zamanda Ukrayna ilə davam edən müharibədə ölkəmiz neytral mövqe nümayiş etdirib. Nazirin səfəri zamanı da səslənən fikirlərə baxsaq, burada üçüncü ölkəyə yönəlik hər hansı bəyanat səslənməyib. Əksinə, postsovet məkanında sülh və əmin-amanlığın qurulması diqqət mərkəzində olub.
Sibiqa Haqqın.az-a müsahibəsində Ukraynaya dəstəyə görə Azərbaycan xalqına, humanitar yardıma görə Prezident İlham Əliyevə minnətdar olduqlarını deyib: “Bizim üçün ən çətin vaxtda, sərt qış dövründə Azərbaycan qardaş kömək əlini uzadıb. Bizi elektrik avadanlıqları ilə təmin etdilər. Azərbaycan minaların təmizlənməsi prosesində, ukraynalı uşaqların sağlamlığında və reabilitasiyasında böyük rol oynayıb. Biz çox ümid edirik ki, Azərbaycan gələcəkdə Ukraynanın bərpasında ən fəal iştirak edəcək”.
Nazir deyib ki, Bakıda Prezident İlham Əliyevlə ilk dəfə nazir kimi görüşüb, bundan əvvəl iki dövlət başçısı arasında aparılan danışıqlarda iştirak edib. “Siz Zelenskidən Əliyevə hansısa şəxsi və ya xüsusi mesajla gəlmisiniz” sualına nazir belə cavab verib: “Təbii ki, bəzi siqnalları çatdırmağa gəlmişəm. Prezident Zelenskinin göstərişi ilə. Bakıya getməzdən əvvəl bu səfərin xüsusi əhəmiyyətini nəzərə alaraq, prezident Zelenski ilə uzun söhbət oldu. Mən lazım olan hər şeyi birbaşa prezident Əliyevə çatdırdım. İlham Əliyevin müdrik məsləhətlərinə, geosiyasi vəziyyətə, regionda və dünyada vəziyyətə verdiyi qiymətə qulaq asmaq bizim üçün çox vacib idi. Bir daha deyirəm, bu, çox vacib görüş idi”.
Hikmət Babaoğlu
Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın xarici siyasətində məntiq siyasi münasibətlərin üçüncü tərəfə şamil olunmamasına hesablanıb: “Yəni hər hansı başqa bir dövlətlə əlaqələr, əməkdaşlığın inkişafı heç vaxt üçüncü dövlətə qarşı yönəlmir. Tam əksinə, ikitərəfli münasibətlərin üçtərəfli-dördtərəfli formatlara keçməsi hadisəsi Azərbaycanın xarici siyasətində mövcuddur. Amma ikitərəfli münasibətlərdən üçüncü dövlətə qarşı aqressiya və ya cavab kimi təqdim olunması tamamilə yanlışdır. Ona görə də Ukrayna xarici işlər nazirinin Azərbaycana səfərinin heç bir şəkildə başqa istiqamətdə yozulması mümkün deyil. Çünki Azərbaycanın diplomatik təcrübəsində belə bir hadisə yoxdur. Düşünürəm ki, sadəcə, Azərbaycanın beynəlxalq hüquqa söykənən və beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünə söykənən xarici siyasət kursunu bəzi aqressiv ölkələr öz maraqları kontekstində şərh edərək belə nəticəyə gəlirlər. Kimin necə düşünməsindən və ya kimin bunu necə qarşılamasından asılı olmayaraq Azərbaycan müstəqil dövlətdir. İstənilən üçüncü ölkə ilə münasibətləri qurmaq da Azərbaycanın hüququdur. Ukrayna xarici işlər nazirinin Azərbaycana səfərinin başqa kontekstə yozulması regiona qarşı siyasi iddiaları olan mərkəzlərin işidir. Ukrayna-Azərbaycan münasibətlərinin yaxınlaşması regionda sülhə xidmət edir”.
Məhəmməd Əsədullazadə
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiyadakı anti-Azərbaycan qüvvələr və onlara bağlı media Azərbaycan-Rusiya münasibətlərini tamam pozmaq üçün çalışırlar: “Rusiya Prezidenti Vladimir Putin 28 May Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda Rusiya-Azərbaycan münasibətlərinin dostluq, müttəfiqlik xarakteri daşıdığını qeyd edib. Vladimir Putin əminliyini ifadə edib ki, konstruktiv ikitərəfli əməkdaşlığın, beynəlxalq məsələlərdə tərəfdaşlıq üzrə qarşılıqlı fəaliyyətin bundan sonra da birgə səylərlə gücləndirilməsini təmin edə biləcəyik. Rusiya lideri həmçinin vurğulayıb ki, bu, xalqlarımızın maraqlarına tamamilə uyğundur - Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında davam edir. Rusiya Prezidentinin bu fikirləri müsbətdir. Ancaq Rusiya mediasının və bir sıra siyasətçilərinin, deputatlarının Azərbaycanla bağlı isterikası ilə bu yazılanlar təzad təşkil edir. Belə çıxır ki, Azərbaycana qarşı olan dairələr prezident Putinin mövqeyini belə nəzərə almırlar. Onlar bütün imkanlarını səfərbər ediblər ki, Azərbaycan-Rusiya münasibətləri pozulsun. Ukrayna xarici işlər nazirinin Azərbaycana səfərinin guya Rusiya xarici işlər nazirinin Ermənistan səfərinə cavab olaraq təşkil edildiyini iddia eləmələri də münasibətlərə zərbə vurmağa hesablanıb. Ona görə də əgər Prezident Putin təbrik məktubundakı fikirlərində səmimidirsə, həmçinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik münasibətləri haqda 2022-ci ildə imzalanmış sənədə sadiqdirlərsə, Rusiyada anti-Azərbaycan təbliğatını alovlandıran qüvvələr susdurulmalıdır”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan-Ukrayna münasibətləri, Ukrayna xarici işlər nazirinin Bakıya səfəri üçüncü ölkəyə qarşı deyil: “Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenskinin salamlarını İlham Əliyevə çatdırıb. Azərbaycan Prezidenti beynəlxalq konfranslarda fürsət düşən kimi Volodimir Zelenski ilə ikitərəfli görüş keçirir. Xatırlatmaq yerinə düşər ki, Volodimir Zelenski prezident seçildikdən sonra Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycana səfər edib. Bu, Zelenskinin Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətdən irəli gəlir.
İlham Əliyev Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə vurğulayıb. Dövlət başçısı aprel ayında ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı da “biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik” ifadəsini işlədib. Ukrayna ilə münasibətlər Rusiyaya və ya başqa hansısa ölkəyə qarşı deyil".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ