İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyx Əbdüldən ŞOK AÇIQLAMALAR: “Məni ölümdən Əli İnsanov xilas etdi...”

“Şəfiqə Məmmədovaya qarşı cinayət işi açıla, həbs oluna bilərdi, çünki... “

Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov ötən gün qeyd olunan Milli Kino Günü, kino camiyəsində baş verən qalmaqallar, həmkarı Şəfiqə Məmmədova ilə bağlı Musavat.com-a ilginc açıqlamalar verib. Həmin müsahibəni təqdim edirik:

 - Əbdül bəy, ötən gün geridə qoyduğunuz Milli Kino Günü ilə bağlı hansı təəssüratlarınız var?

 - İlk öncə qeyd edim ki, bir neçə gün mədəniyyət nazirliyindən mənə zəng edib, kino günü ilə bağlı  tədbirdə iştirak etməyimi istədilər.  Dedim ki, xeyir ola? Cavab verdilər ki, “sən nəyin uğrunda mübarizə aparırdın,  artıq o məsələ həll olunur, kino ittifaqları birləşir, sənin də iştirakını istəyirik”. Tədbirdə də nazir Adil müəllim bütün kino camiyəsinə  gözaydınlığı verdi, bildirdi ki,  “qərar aldıq ki, bir kino ittifaqı olmalıdır”.

Əlbəttə ki, ölkədə iki kino ittifaqına ehtiyac yox idi, çünki hər iki kino ittifaqı dövlətdən maliyyə alırdı. Beləliklə, hər iki ittifaqın sədri yazılı bəyanat verdi ki,  qurumlar birləşir, növbəti qurultaya qədər hazırlıq görülür və artıq  kino camiyəsində birlik yaranır. Qurumun adı “Birlik” adlanacaq ki,
bununla bağlı təklif Xalq yazıçısı Anardan gəldi.

Tədbirin sonunda mənə də söz verildi, dedim ki, mən Şəfiqə xanımla universitetdə eyni kursda oxumuşam, Rasim Balayevlə isə 45 ildir ailəvi dostuq, beləliklə düşmənçilyimiz qurtardı, birləşirik.

- Sizcə, Şəfiqə Məmmədova bu məsələyə niyə çox sakit, səssiz razı oldu?  Çünki hər zaman bu məsələdə sərt mövqe nümayiş etdirirdi.

 - Şəxsən mənim təşəbbüsüm ilə çox təhlükəli bir məsələni açıb, ortaya qoymuşduq. Belə ki, Şəfiqə xanım quruma aid nizamnaməni bütün camiyədən gizlədirdi və bunun səbəbi bilinmirdi. Halbuki qurum həmin nizamnamə ilə tənzimlənir. Çox böyük çətinliklə nizamnaməni tapdım, bəlli oldu ki, nizamnaməyə əsasən 5 ildən bir seçki keçirilməli, bunun nəticəsində rəhbər təyin olunmalıdır. Lakin sən demə Şəfiqə Məmmədova düz 7 il qurultay keçirmir və bunu hamıdan gizlədir. Bu isə hüquq baxımından konkret olaraq cinayətdir. Çünki quruma dövlət büdcəsindən pul ayrılır, amma heç bir seçki keçirilmir və Şəfiqə Məmmədova qeyri-legitim fəaliyyət göstərirdi. Onda demişdim ki, Şəfiqə Məmmədova, istəyirsən ki, sənə cinayət işi açaq, səni həbs etsinlər?  Beləliklə, biz bu məsələni hüquqi müstəvisinə çıxarmayaq deyə, həm də yuxarından nazir səviyyəsində məsləhət olundu deyə o, çox rahat şəkildə bu məsələ ilə razılaşdı.

- Sizcə, birləşən  quruma rəhbər yenə də Rasim Balayev olacaq, ya... ?

 - Rasim Balayev heç vaxt rəhbər olmayacaq. Çünki dünyanın hər yerində də belədir ki, rəhbər, kinonun sahibi kinorejissorlar olur. Hamı kinorejissora bağlıdır, o cümlədən bəstəkar, ssenarist, aktyor, aktrisa da və sairə.

 - Bəs kimin rəhbər olmasını istəyərdiniz? Namizədlər sırasında Cəmil Quliyevin adı çəkilir. Siz necə düşünürsünüz?

 - Cəmil Quliyev həm cavan oğlandır, həm də peşəkar rejissor, professor, Azərbaycan Dövlət Film Fondunun direktorudur. Yəni, həm dövlət tərəfindən qəbul olunan adamdır, həm də kinorejissordur.

Beləliklə, hesab edirəm ki, bu dəfə quruma rəhbər mütləq şəkildə kinorejissor olacaq.

 - Bəs qurultay nə zaman keçiriləcək?

 - Bizə 2 ay müddətinə vaxt veriblər. Yəni, bu müddət ərzində təhvil-təslim məsələsi olmalı, daha sonra qurultay çağırılmalı, sədr seçilməli, qurumun adı dəyişməli, beləliklə də bütün kino camiyəsi bir yerə yığışmalıdır.

 Qeyd edim ki, yeni nazirə böyük ümidlərim var.  Lazım gələndə hamını bir yerə yığır,  müzakirə aparır, toplantılar, iclaslar keçirir, fikirlərimizi öyrənir və hər şey də dövlət səviyyəsində olur.

Kinomuzun bərpası üçün çox  böyük maddi təminat lazımdır. Söhbət 50-100 milyondan gedir. Həmçinin milli kadrlarımız yenidən formalaşmalıdır.

Əlimdə dörd ssenarim var, onları nazirə təqdim etdim, bildirdim ki, cənab nazir mən bunları cavan ssenaristlərə hədiyyə edirəm. Artıq 4 aydan sonra 80 yaşım olacaq, amma kimlərinsə səhlənkarlığı ucbatından ssenarilərim kənarda qalıb. Ümid edirəm ki, gənclər bu ssenariləri həyata keçirəcəklər.  

Onu da əlavə edim ki, Bədii Şura yaradırıq və artıq bütün ssenarilər, əsərlər rejissorlar, təkliflər şurada həll olunacaq, daha bir nəfərin sərəncamının ümidinə buraxılmayacaq.

 - Bəs dostunuz, Xalq artisti Ənvər Həsənovun sağlamlığı ilə bağlı son vəziyyəti necədir?

 - Şükür Allaha yaxşılaşıb. Ötən gün də bir yerdə idik, vəziyyəti  düzəlib. Bildiyiniz kimi Prezident təqaüdü də alır,  əvvəllər maddi durumu yaxşı deyildi.  Onun 75, mənim 80, Oqtay Mirqasımovun 81 yaşı var. Yəni, barmaq sayı qədər qalmışıq, daha  kimsə qalmayıb. Zamanında cavanlar da pərən-pərən düşdülər. İndi bütün bunların hamısı bərpa olunmalıdır.

- Əbdül bəy, bir qədər solğun görünürsünüz, sağlamlığınızda problemlər var?

 - Mən iki dəfə koronavirus keçirdim, buna görə çox ağır günlər yaşadım, sağlamlığımda ciddi problemlər oldu.  Dostlarımdan fərqli olaraq məni ölümdən Əli İnsanov qurtardı, sağ olsun. Əli İnsanov fərdi şəkildə müalicə edərək, məni ölümdən xilas etdi. Müalicə prosesləri bu gün də davam edir. Hər yerdə deyirəm ki, bu cür həkimi yenidən klinikaya qaytarmaq lazımdır.  O, ümumiyyətlə təkcə ağ ciyər deyil, bütün tibb sahəsi üzrə çox gözəl həkimdir.

 - Ev məsələniz nə yerdə qaldı?

 - Bilirsiniz, 10 ildir ki, ev problemim həll olunmur. Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovla bağlı Ali Məhkəmənin yeni təyin olunmuş sədri İnam Kərimova müraciət ünvanlamışam. Bildirmişəm ki, 10 ildir onun ucbatından Karlson kimi damda-bacada yaşayıram. Zamanında Ali Məhkəmə ona məxsus evlə bağlı 3 qətnamə qəbul etsə də, bu günə qədər həmin qətnamələr icra olunmur: “Əvvəllər bu qətnamələr niyə icra olunmurdu, səbəbi məlum idi, çünki Abutalıbov vəzifədə idi və buna mane olurdu. Bəs indi niyə baxılmır, qərarlar icra edilmir? Niyə mənim kimi 80 yaşlı Xalq artisti illərdir damda yaşamalıdır? Tələbim bundan ibarətdir ki, ya Abutalıbov gəlsin evimi alıb versin, ya da dağıtdığı evimi təmir etdirsin. Dövlətin məhkəmə qətnamələrinin icra olunmaması cinayətdir. Buna görə Abutalıbov məsuliyyət daşıyır. Tələb edəcəm ki, əgər Abutalıbov bundan sonra da məhkəmə qərarlarını icra etməsə, buna görə barəsində cinayət işi açılsın”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR