İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəxsi istifadə üçün xaricdən dərman gətirmək problemi

Hökumətin qərarı icra olunacaqmı?

“Mövcud qanunvericiliyə əsasən, fiziki şəxslər özünə lazım olan qədər dərman vasitəsini ölkəyə gətirə bilər”. Bunu Milli Məclisin son iclasında baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, zəruri olan miqdarın müəyyən edilməsi üçün Səhiyyə Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müvafiq tapşırıqlar verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında dekabrın 13-də keçirilən iclasında DGK sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov deyib ki, dərmanların qiymətinə təsiri yoxdur, olsa da cüzidir. “Bir çox hallarda dərmanları külli miqdarda buraxa bilmirik. Məsələn, aspirinin nə qədər gətirilməsinə heç bir gömrükçü etiraz etməyəcək. Ancaq elə dərmanlar var ki, ona nəzarət etmək lazımdır. Qiymət məsələsinə gəldikdə, dərmanların qalxmasında gömrüyün rolu yoxdur. Bildiyim qədəri ilə, apteklərdə dərmanlar Tarif Şurasının müəyyən etdiyi həddən yuxarı satılmır. Əgər bu baş verirsə, bu başqa məsələdir”, - Ş. Bağırov deyib.

“Dərmanların miqdarının müəyyən edilməsi çox vacibdir. Başa düşürəm ki, psixotrop tərkibli dərmanlar var, amma bunları qoyaq bir kənara, insanlar indi xəstəlikdən əziyyət çəkir”.

Müzakirələrdə iştirak edən deputat Vahid Əhmədov belə deyib. “Ramiz Rövşənin oğlu Konyadan dərmanı 4 manata alıb, burada həmin dərman 27-28 manatdır. Fərq böyükdür. Başa düşürəm ki, yol xərci, digər xərclər var. Olsun iki dəfə baha. Yoxsa 7-8 dəfə baha ola bilməz axı! İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma dərman elə bir şeydir ki, insanın sağlamlığı dərmandan aslıdır”, - deyə  V.Əhmədov bildirib.

Hökumətin müvafiq strukturları, xüsusilə DGK qərarı icra edəcəkmi? Maraqlıdır, xaricdən gətirilən dərmanın miqdarı necə müəyyən ediləcək?

Natiq Cəfərli: “Təklifimizi dövlət qəbul etsə, ölkədə qiymət artımının  qarşısı alınacaq”

Natiq Cəfərli 

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a danışıb: “Fiziki şəxslərin ölkəyə gətirəcək dərmanların miqdarının müəyyənləşdirilməsinin kriteriyaları mənim üçün də çox maraqlıdır. Yəni bu, hansı kriteriyalarla müəyyənləşdiriləcək? Müəyyənləşmə dərmanların sayına, yoxsa qiymətinə görə olacaq? Və yaxud da necə müəyyənləşdiriləcək ki, fiziki şəxsə nə qədər dərman preparatı lazımdır? Bir illik dərmanın gətirilməsinə icazə veriləcəkmi, yoxsa bunu qadağan  edəcəklər?

Bu tip məsələlər problemin həllində önəmsizdir və onun problemi kökündən həll etmək üçün onun ciddi təsiri edəcəyini düşünmürəm.  Şəxsən mən özüm dəfələrlə xaricdə olanda dostlar, tanışlar, qohumların xahişi ilə onlar üçün 1-2 qutu dərman alıb gətirmişəm və açığı, gömrükdə ciddi bir problemlə rastlaşmamışam. Söhbət  o dərmanın həcminin hansı  formada müəyyənləşdirilməsindən gedir. Bəlkə elə insanlar var ki, öz dərman ehtiyatını birdəfəlik gətirmək istəyəcək? Bu zaman bu məsələni kim və necə müəyyən edəcək? Bu, reseptlə, ya həkimlərin rəyi əsasında, yoxsa hansısa say məhdudiyyəti ilə olacaq?  Bütün bu məsələlər açıq qalıb. Nəzərə alsaq ki, quru sərhədlər bağlıdır, hava nəqliyyatı ilə də çox insan gedib-gəlmir, bu zaman ölkə daxilində bu qiymətlərə nə qədər təsir edə bilər? Həcm olaraq nə qədər dərman bu yolla ölkəyə gətiriləcək ki, onun hansısa formada təsiri olsun?"

Ekspert qeyd etdi ki, vəziyyətdən çıxış yollarından biri onlayn sifarişlərin qarşısını almamaqdır: “Bu, daha məntiqli olar. Məlum olduğu kimi, indi çatdırılma şirkətləri var, hansı ki, onların bir çoxu populyardır. Hətta Türkiyədə elə şirkətlər var ki, onlar dərman sifarişlərini də  qəbul edirlər. Həmin Türkiyə şirkətlərinə icazə versinlər ki, onlayn qaydada dərman preparatlarını sifariş edib, ölkəyə gətirmək mümkün olsun. Bu, daha çox bazara və bazarda müəyyən qiymətlərin aşağı düşməsinə şərait yarada bilər, nəinki digər variant. Amma  inanmıram ki, belə bir qərar alınsın”.

Natiq Cəfərli dərman preparatlarının qiymətlərinin tənzimlənməsi məsələsində Tarif Şurasının qərarlarına tənqidlə yanaşdı: “Təbii ki, Tarif Şurasının bu tənzimləmə siyasəti tamamilə yanlışdır. Bu mexanizmin necə yanlış olduğunu dərmanların qiymətlərinin qalxıb, əksinə, keyfiyyətinin aşağı düşməsində açıq-aşkar görmək olur. İndi neçə il keçməlidir ki, Tarif Şurasının bu yanaşmasının yanlış olduğu başa düşülsün və bu qərar ləğv edilsin?

Bu tənzimləmə mexanizminin həm də digər mənfi tərəfi bu oldu ki, bazarda onlarla kiçik, orta  dərman şirkətləri var idi və  bu da rəqabəti  gücləndirən amil idi, lakin Tarif Şurasının tənzimlənmə mexanizmindən sonra həmin şirkətlərin böyük əksəriyyəti rəqabətə dözməyərək, bağlandı.

Başqa bir məsələ gömrük və  vergi tənzimlənməsidir. Doğrudur, dərman preparatlarında gömrük rüsumu yoxdur. Amma birbaşa dərman kimi sayılmayan, məsələn, vitaminlər və sair əlavələr, qatqılar var ki,  onlara gömrük rüsumu var. Əlavə dəyər vergisinin ödənilməsi isə bütün dərman preparatlarına aiddir.

Məlum olduğu kimi, ölkə ərazisində dərman istehsalı  yoxdur, 95 faiz xaricdən asılıyıq. Bu zaman əlavə dəyər vergisinə ehtiyac varmı? Bu, birbaşa qiymətləri artıran amildirsə, avtomatik olaraq qiyməti 18 faiz artırırsa, bəri başdan bunun ləğv olunması gündəmə gəlsə daha  məntiqli olardı.

Rəqabəti artıracaq addımların olması ciddi effekt verə bilər.  Yəni fiziki şəxslərin özünə aid 5-10 dərmanı gətirməsi ilə  bazarın tənzimlənməsi, qiymətlərin aşağı düşməsinə nail olmaq demək olar ki, mümkünsüzdür".

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov 

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov isə baş nazirin qərarının təqdirəlayiq olduğunu bildirdi: “Bu, çox yaxşı qərardır. Əvvəllər  bununla bağlı müəyyən problemlər yaşanırdı. Hətta ciddi şəkildə məhdudiyyətlər olan dövrlər də olub. Amma insanların başqa ölkələrdə öz xəstəliklərinə uyğun daha keyfiyyətli dərmanlar alıb gətirə bilməsi yaxşı haldır.

Amma bu dərman maddələrinin həqiqətən də həmin fiziki şəxslərə lazım olmasını təsdiqləyən reseptlərin olması vacibdir. Çünki bəzən insanlar dərmanları öz bildiyi, bəzən yanlış, qədərində olmayan şəkildə alır.  O ki qaldı dərmanların qiymətinə, bu məsələdə bəzən xeyli uyğunsuzluqlarla rastlaşırıq. Məsələn, dərmanın qiyməti istehsal olunan ölkədə dəfələrlə bahadır, bunun anlamaq olur, ya da ki, dərmanın qiyməti istehsal olunduğu ölkədən dəfələrlə ucuzdur. Yəni belə hallarla da rastlaşmışıq".

Zülfüqar Yusifov qeyd etdi ki, keyfiyyətli dərmanların ölkəyə ayaq açması üçün bir tək fərdlərin gətirməsi təsirli deyil, bu məsələ daha böyük təşkilatlar, hətta dövlət səviyyəsində həll olunsa daha çox effekt verər: “Çünki son vaxtlar ölkədə xüsusilə də çox vacib olan dərmanların qıtlığı yaşanır. Bəzi dərmanların ölkəyə gətirilməsinə icazə verilmir və yaxud gətirilmir. Bunun səbəbləri aydınlaşdırılmalıdır.  Həm də uyğun olardı ki, daha çox ehtiyac olan dərman preparatları gələcəkdə ölkəmizdə istehsal olunsun”.

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR