Onlayn ictimai-siyasi qəzet
Bakının Sabunçu rayonunda 2003-cü il təvəllüdlü İlham Xanlarov dostu Sübhan Cəfərovu qətlə yetirib.
Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, İlham Sübhanla birlikdə 2 iyun 2022-ci ildə Ramana qəsəbəsindəki "Friends" adlı çay evində ortaq tanışlarına məclis təşkil edib.
Qonaqlıqdan sonra hesaba görə obyektə qalan borcu birgə ödəməklə bağlı razılaşmalarına baxmayaraq, Sübhan öhdəsinə düşən payı verməkdən yayınıb.
İlham çay evi qarşısında borclu duruma düşməsində Sübhanı günahkar sayıb. İyunun 9-da görüşüb söhbət etmək bəhanəsi ilə onu Zabrat-Kürdəxanı şosesinə, boş torpaq sahəsinə dəvət edib. Mübahisə zamanı İlham Sübhana zərbələr vurub. Sübhan aldığı zərbələrdən vəfat edib.
"Vaxt verməsini xahiş etdim"
İstintaq orqanı İlhamın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlham özünü qismən təqsirli bilib. O bildirib ki, Sübhanla hadisədən bir-iki ay əvvəl təsadüfən tanış olub:
"Aramızda səmimi münasibət yarandığından özümə məxsus sosial şəbəkədə olan səhifəmi ona verdim. Həmin vaxtdan etibarən Sübhan ilə əlaqə saxlayıb, hal-əhval tutmuşam. 2022-ci il mayın sonlarında dostlarımla birlikdə Ramana qəsəbəsində yerləşən "Friends" kafesində pivə içdik və mənim həmin kafeyə 100 manat borcum qaldı. Kafeni işlədən Sarvan adlı şəxsə maaşımı alan kimi borcu bağlayacağımı bildirdim və mənə vaxt verilməsini xahiş etdim. Həmin gün Sübhan yanımda olmayıb".
"Telefonumu girov qoydum"
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən iyunun 2-də Sübhanla bir yerdə olan zaman dostları ilə birlikdə "Friends" kafedə əyləşib və pivə içmək barədə razılaşıblar:
"Sübhanla hesabı ikimiz yarı-yarıya ödəyəcəyimizə razılaşdıq. Günorta saatlarında "Friends" kafesinə yığışdıq. Axşam saat 21-22 radələrinə qədər birlikdə pivə içdik. Hesabı verə bilməyəcəyimizi gördüm və Sübhanla birlikdə "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən lombarda getdim. Özümə məxsus "Redmi" markalı telefonumu Sübhanın şəxsiyyət vəsiqəsi vasitəsi ilə girov qoydum və 100 manat götürdüm.
Həmin pulun 60 manatını özüm üçün saxladım, 40 manatını isə gətirərək kafeni işlədən Sarvana verdim. Bizim kafeyə 153 manat borcumuz qaldı. Sarvana həmin pulu tez bir zamanda çatdıracağımı dedim. Sübhan 153 manat pulu qaytarmaqda köməklik edəcəyini, səhəri günü pul tapıb telefonu lombarddan çıxardacağına söz verdi".
"Gedə bilməyəcəyini dedi"
İlhamın ifasdəsinə görə, səhəri gün Sübhana zəng vurub və o, pulu düzəldə bilmədiyini deyib: "Əlacsız qalıb atam Rövşənə bu barədə bildirdim. Atam məndən Sübhanın telefon nömrəsini götürdü və onu yığdı ki, birlikdə gedib telefonu götürsünlər. O, atamı Ramana qəsəbəsində yerləşən Gülçülük sovxozuna dəvət etdi.
Bir neçə saat atamı orada gözlətdikdən sonra gələrək özünün şəxsiyyət vəsiqəsini atama verib, onunla gedə bilməyəcəyini bildirib. Atam Sübhanın şəxsiyyət vəsiqəsi ilə 120 manat pul ödəyib, telefonumu lombarddan götürüb".
"Söyüşlü SMS-lər göndərdi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Sübhana zəng vurub və nə səbəbə atası ilə hörmətsiz davrandığını soruşub:
"Sübhan pul tapa bilmədiyini, utandığı üçün belə etdiyini bildirdi. Onun işsiz olmasını nəzərə aldım, ona çox da təzyiq etmədim. Sonrakı günlərdə kafeni işlədən Sarvan pulunu istədi və Sübhana bu barədə bildirdim. Sübhan isə hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayındı. Bununla da kifayətlənmədi, Xəyal adlı tanışımın yanına gedərək güya mənim Sübhandan pul tələb etdiyimi bildirdi.
Xəyal mənə zəng vurdu və Sübhanı hansı səbəb görə sıxdığımı, ondan pul tələb etdiyimi soruşdu. Bildirdim ki, Sübhanı sıxmamışam, sadəcə sakit şəkildə borcu ödəməsini istəmişəm. O mənə yalan danışıb, verdiyi sözə əməl etmədiyi üçün kafeyə borcum qalıb. Sübhana görə Sarvan adlı şəxsin yanında pis olmuşam.
Xəyal isə "çalışın mehriban olun, söhbəti sakit şəkildə öz aranızda həll edin" - deyə məsləhət verdi.
Bundan sonra da Sübhan müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayındı, mənimlə kobud danışdı. "İnstagram" sosial şəbəkəsində profilimə nalayiq ifadələr, söyüşlü SMS-lər göndərdi. Bununla belə dava etmədim, yalnız telefon vasitəsi ilə sözlü mübahisə etdim".
"Borcumu ödəməyimi tələb etdi"
İlham qeyd edib ki, iyunun 9-da, günorta saatlarında telefonunda "İnstagram" sosial şəbəkəsinə baxıb: "Gördüm, Sübhan mənə "sən düzgünlükdən danışırsan, amma elədiyin hərəkətlər səhvdir" məzmununda, həmi də deyilə bilməyəcək söyüşlü SMS-lər yazıb. Cavab yazmasam da, onun bu hərəkətindən bərk əsəbləşdim.
Həmin gün saat 17 radələrində tanışım Adillə "Koroğlu" metrosunun yaxınlığında görüşdüm və ona ayaqqabı almaq üçün birlikdə "28 May"a getdim. Sonra birlikdə Adilgilin həyətinə qayıtdıq. Adil ayaqqabısını evə qoydu, bir qədər piyada gəzişdik, sonra məni evimizə tərəf yol salmasını xahiş etdim.
Adil yolda "Ceka" ləqəbli tanışına zəng vurdu və biz bulağın yanında "Ceka" ilə rastlaşdıq. Həmin vaxt "Friends" kafesini işlədən Sarvan mənə zəng vurdu, mənimlə aqressiv şəkildə danışaraq borcumu ödəməyimi tələb etdi.
Mən də Sübhana zəng vurdum, kafeyə olan borcu ilə əlaqədar görüşmək istədiyimi bildirdim. Sübhan pulu qaytarmaq əvəzinə, mənə söyüşlü SMS göndərdi. Adilə təklif etdim ki, mənimlə bir yerdə Sübhanla görüşə getsin".
"Məqsədim cəzalandırmaq idi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən saat 19 radələrində Sübhana zəng vurub və ondan harada olduğunu soruşub: "Sübhan Məmmədli kəndində olduğunu dedi. Şübhələnməməsi üçün onunla mehriban danışdım. Məqsədim görüşüb, işlətdiyi söyüşlərə görə onu bıçaqla vuraraq cəzalandırmaq olub. Adil məndən nə baş verdiyini, nə üçün Sübhanı axtardığımı soruşdu. Onunla işim olduğunu dedim.
Həmin vaxt hadisə zamanı istifadə etdiyim bıçaq üzərimdə idi. Üstümdə bıçaq olmasından Adilin və "Ceka" ləqəbli şəxsin xəbəri olmayıb.
Biz birlikdə Sübhanın olduğu ünvana yola düşdük. Yolda bir daha Sübhana zəng vurdum və harada olduğunu soruşdum. Sübhan Məmmədli dairəsində yolun kənarında dayandığını dedi. Danışığı bitirəndən sonra Adilə dedim ki, baxarsız, onu peysər çıxardacam. Məndən nə baş verdiyini soruşdular. Mən də "baxıb özünüz görərsiz" - deyə cavab verdim.
Təxminən saat 20.35-də Məmmədli dairəsini çatdıq. Sübhanın yolun əks tərəfində dayanmışdı. Adil ona tərəf getdi, əl elədi. Sübhan bunu gördü və yolu keçərək yanımıza gəldi. Maşından düşəndə öz mobil telefonumu sürücüyə girov qoydüm və bildirdim ki, bizi gözləsin, tez söhbət edib gələcəyik. Sürücü mənə bir söz demədi.
Mehriban şəkildə Sübhana yaxınlaşdüm. Hal-əhval tutandan sonra onunla dairənin sağ tərəfinə - avtoyuma məntəqəsinin arxasında yerləşən boş torpaq sahəsinə tərəf getdik. Adil və "Ceka" da arxamızca gəldi".
"Hərəkətlərindən bezdiyimi dedim"
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 30 metr irəlilədikdən sonra dayanıb və Sübhandan nə səbəbə görə ona nalayiq məzmunda SMS yazdığını soruşub: "Sübhan mənə "çay evinin pulunu ödəməyib, məndən pul istəyirsən?" - deyə cavab verdi. Bildirdim ki, nə üçün pul ödəməliyəm, yeyib-içən sən, pulu ödəyən mən?
Sübhan söyüş söymədiyini dediyi üçün "Ceka"dan xahiş etdim ki, taksi sürücüsündən telefonumu alaraq gətirsin. "Ceka" telefonu gətirdi və mənə verdi. Bundan sonra telefonda olan SMS-ləri Sübhana göstərdim. Sünhan SMS -ləri oxuduqdan sonra yenidən ünvanıma söyüş işlətdi, məni itələdi. Onun danışığı və hərəkətlərindən əsəbləşdim.
Arxa sol tərəfdən şalvarımın belində saxladığım bıçağı çıxardım və Sübhanın qarın nahiyəsindən bir dəfə vurdum. Zərbədən Sübhan arxası üstə yerə yıxıldı. Bıçaqla vuracağımı gözləmirdi. Adil və "Ceka" bizdən bir-iki metr aralıda idilər. Onların heç biri Sübhanı vurmadılar.
Sübhanın yıxıldığını gördüm və yanımdakılara dedim ki, siz qarışmayın. Sonra birlikdə taksiyə tərəf qaçdıq. Biz maşına minən kimi Adil dedi ki, niyə belə hərəkət etdin, vururdunsa, yumruqla vurardın. Ona Sübhana çox güzəşt etdiyimi, hərəkətlərindən bezdiyimi dedim".
"Sürücü qorxusundan susdu"
İlham deyib ki, bu zaman taksi sürücüsü onun əlində qanlı bıçaq olduğunu görüb və qorxuya düşüb:
"Mənim tələbimlə o, maşını şəhər yolu istiqamətində sürməyə başladı. Maşını geriyə verən zaman Adil arxa pəncərəni açdı və avtoyuma məntəqəsində çalışan şəxsə "orda bir nəfər bıçaqlanıb, ona kömək edin" dedi. Həmin şəxsin sonradan Sühbana tərəf gedib-getmədiyini bilmədik.
Yolda gedən zaman əvvəlcə polisə təslim olmaq istədim. Lakin Sübhan ölməz deyə fikirləşdim və bir qədər gözləmək qərarına gəldim. Əlimdə bıçaq olsa da, sürücüyə hadisəni hansı səbəb görə törətdiyimi demədim.
Biz bir qədər hərəkət etdikdən sonra "Ceka"nı Zabrat qəsəbəsində "Panda" marketin yanında düşürdük. Mən və Adil isə yolun sonunda Sabunçu qəsəbəsində yerləşən körpünün yanında maşından düşdük. Sürücüyə yol pulunu bir nəfərin sabah çatdıracağını dedim, sürücü qorxusundan dinmədi.
Maşından düşəndən sonra qəsəbədə yerləşən adını bilmədiyim kafenin tualetində əl-üzümü, üstümdə olan bıçağın qanını yudum. Sonra bıçağı yenidən qatlayaraq cibimə qoydum".
"Bizi həbs etdilər"
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra birlikdə Sabunçu qəsəbəsində vağzalın yaxınlığında Adilin dostu ilə görüşüb, ondan qalmağa yer tapmaqda köməklik etməsini xahiş ediblər:
"Həmin şəxs bizdən salamatçılıq olub-olmadığını soruşdu. Əvvəlcə ona heç bir söz demədik. Birlikdə piyada Balaxanı qəsəbəsində yerləşən neft buruqlarının yanına çatanda, ona Sübhan adlı şəxsi bıçaqla vurduğumu, sağ qalıb-qalmamasından xəbərsiz olduğumu dedim.
Həmin şəxs bu sözümdən təəccübləndi. Bundan sonra qərara gəldim ki, dostum Məhəmməd adlı şəxsə zəng vurub və məni Gəncəyə aparsın. Məhəmmədlə danışaraq olduğum yeri dedim. Bir qədər sonra Sabunçu rayon Polis İdarəsinin əməkdaşları həmin ünvana gəldilər. Məni və Adilin tanışını tutaraq saxladılar. Adil isə polisin gəldiyini gördü və oradan qaçdı. Hadisədə istifadə etdiyim bıçağı könüllü olaraq polis əməkdaşlarına təhvil verdim".
"Oğlumun öldüyü mənə məlum oldu"
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən anası Xalidənin sözlərinə görə, iyunun 9-da oğlu Sübhan bütün günü evdə olub:
"Saat 11 radələrində yuxudan oyandı və məndən icazə alaraq Nərimanov rayonunda yerləşən parka sevdiyi qızla görüşməyə getdi. Təxminən saat 14 radələrində oğluma zəng vurdum, harada olması ilə maraqlandım. Sübhan sevdiyi qızgilin evində olduğunu bildirdi. Oğlumdan bacısıgilin evinə getməsini tələb etdim. Təxminən saat 19 radələrində qızım Xəyalənin telefonuna zəng vurdum və Sübhanın onlara gəlib-gəlmədiyini soruşdum. Qızım da Sübhanın onlarda olduğunu, yemək yediyini dedi.
Bundan sonra Sübhan nənəsi ilə də telefonda görüntülü danışdı. Təxminən saat 22 radələrində 15-ci polis bölməsindən zəng vurdular və məni polis bölməsinə dəvət etdilər. Bir qədər sonra təkrar zəng vuraraq Məmmədli dairəsinə gəlməyimi bildirildi. Həmin yerə çatanda oğlum Sübhanın öldürüldüyü məlum oldu".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İlham 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlham bundan əvvəl də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. O, 2021-ci ildə adam bıçaqladığı üçün Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə mühakimə edilib. Həmin dövrdə ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ