Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin və Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçerin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrlik etdiyi prosesdə Konstantin Kuçerin vəkili Elşad Əliyev çıxış edib.
Vəkil deyib ki, Konstantin Kuçerə dələduzluq ittihamı verilsə də, bu ittiham birinci instansiyada sübut olunmayıb. Onun sözlərinə görə, müvəkkilinə verilmiş digər ittiham - silahdan istifadə etməklə xuliqanlıq etmə istintaqın uydurmasıdır. Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. O, iş üzrə müstəntiqin barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib.
Konstantin Kuçer də vəkili ilə razı olduğunu bildirib.
Oleq Bakinskinin vəkil Xeyransa Babayeva çıxışında deyib ki, müvəkkilinə verilən cəza ilə razı deyil. O da Oleq Bakinskiyə bəraət istəyib.
Oleq Bakinski isə çıxışında deyib ki, onu şərləyiblər. Ona böhtan atıldığını deyən Oleq Bakinski barəsində bəraət qərarının çıxarılmasını xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Oleq Bakinskinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 6 ay sınaq müddəti olmaqla 2 il 6 ay şərti cəza verilib.
Digər təqsirləndirilən Konstantin Kuçerə isə ittiham olunduğu maddələrdən biri - Cinayət Məcəlləsinin 178.4-cü maddəsi üzrə bəraət verilib. O, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və qəti olaraq ona 2 il 6 ay təyin olunub. Konstantin Kuçerin "Günay Bank"dakı hesabına qoyulmuş həbs götürülüb.
Qeyd edək ki, ittihama görə, iş üzrə zərərçəkən kimi tanınan Valeriy Zaxarenkonun lisenziyası ləğv edilmiş “Günay Bank”da bir neçə milyon avro pulu olub. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı Valeriy Zaxarenko vəsaiti götürmək üçün Bakıya gəlib, ancaq bank bağlandığından həmin pulları çıxarmaqda problem yaranıb. Oleq Bakinski, Konstantin Kuçer və Valeriy Zaxarenko məsələni yoluna qoymaq üçün Bakının Xətai rayonunda yerləşən Babək Plazada görüşüblər. Lakin tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulka ilə Valeriy Zaxarenkoya xəsarət yetirib. Sonuncuya tibbi yardım göstərmək üçün Yeni Klinikaya aparıblar. Cinayət işi üzrə Valeriy Zaxarenko zərərçəkmiş kimi tanınıb. Eyni zamanda, daha iki şirkət zərərçəkmiş sayılır. Bunlar “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti və “Promyshlennye Postavki Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib. Oleq Bakinski 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi, 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib.
Müsahibələrində toyunu belə Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.
“Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”, - deyə Oleq Bakinski müsahibələrindən birində qeyd etmişdi.
Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başlatdığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə həmyerlilərimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərilməsində də fəal iştirak edib. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz. Maraqlı qüvvələrin səyi nəticəsində 2022-ci il iyunun 26-dan Oleq Krapivinin Ukraynada yaşama izni ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib. Oleq Bakinski ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edir və bəraət verilməsini istəyir. Konstantin Kuçer də eyni mövqedədir.
Proses sentyabrın 18-də davam edəcək.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ