İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhədi bilinməyən 2 dövlət – Təyyarə faciəsinin BAŞ səbəbi

Xəstəliyin səbəbini qoyub nəticələri (simptomları) ilə mübarizə aparmaq mənasız işdir. Həm də təhlükəlidir. Çünki müalicə edilməyib “gizli” qalan xroniki xəstəlik zamanla daha ağır fəsadlar törədə bilər. Sözü nəyə gətiririk?

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov iddia edib ki, Bakıdan Qroznıya uçan təyyarəmizin Aktau yaxınlığında qəzaya uğramasına Ukrayna pilotsuz təyyarələrinin (PUA) hərəkəti səbəb olub. “Ukrayna dronları olmasaydı, təyyarə təhlükəsiz şəkildə təyinat yerinə enəcəkdi” bildirib.

Ağrımayan başa dəsmal bağlamağa çalışan deputat ardınca faciəvi olayı “Kiyev rejiminin hərbi cinayətlər siyahısına salmağı” təklif edərək deyib: “Təkcə Vladimir Zelenski və komandasına deyil, həm də Ukrayna silahlı qüvvələrinə Rusiya ərazisinə zərbələr endirməyə imkan verən ABŞ da daxil olmaqla, Ukraynanı silahla təchiz edənlərə də sual vermək lazımdır”...

Nəzərə alsaq ki, Rusiyada bu fikirdə olan təkcə Juravlyov və həmkarları deyil və əslində o, Rusiya isteblişmentinin bu məsələdə ümumi qərəzli baxışını ifadə edir, onda canımız cənnətə, onun yanlışını düzəltmək zorundayıq. Cənab deputat, bəlkə belə deyək: Rusiya 3 il öncə suveren Ukrayna ərazisinə hərbi müdaxilə etməsəydi və Ukrayna da özünü müdafiə eləmək zorunda qalmasaydı, Azərbaycanın mülki təyyarəsi də salamat mənzil başına çatardı.

İndi bu necə olur, Rusiya Ukraynanın şəhərlərinə, qışın günündə onun mülki infrastrukturuna, istilik-elektrik sistemlərinə amansız raket hücumu edə, dron-PUA zərbələri ilə evləri, xəstəxanaları, cərrahi əməliyyat otaqlarını işıqsız qoya bilər, Kiyev cavab zərbələri endirə, özünü qorumaq üçün başqa dövlətlərdən kömək istəyə bilməz? Öz gözünüzdəki tiri nə vaxt görəcəksiz?

Eyni məntiqlə 1990-cı ildəki 20 yanvar qırğınına, Dağlıq Qarabağ konfliktinin on illərlə uzanmasına, Gürcüstan, Moldova, Ukrayna ərazilərinin işğalına görə də Moskva yox, “Kiyev rejimi”, yad planetlilər günahkardır...

Əlbəttə, Ukrayna səbəb yox, nəticədir. Səbəb Rusiyadır, onun işğalçılıq siyasətidir ki, bumeranq kimi artıq özünə, Kurska, Qroznıya, Moskvaya qayıdıb. Səbəbkar – hələ də qonşularının ərazi bütövlüyünə barmaqarası baxan, XXI əsrdə də 1-ci Pyotrun vəsiyyətini beynəlxalq hüquqdan üstün tutan Moskvadır.

Bu xüsusda Rusiyanı dünyanın sərhədi bilinməyən (oxu: ərazi iştahı bitməyən) dövləti adlandıranlar yanılmırlar. İkinci belə bir “dövlət” bizim qərb qonşuluğumuzdadır - cırtdan Ermənistan. Onun da sərhədləri bəlli deyil. O da Rusiya kimi öz konstitusiyasına qonşu Azərbaycan və Türkiyənin ərazilərinin bir qismini “daxil edib”.

Amma torpaq iddialarına qarşı Azərbaycan, Türkiyə, Ukrayna sərt etiraz edib mübarizə aparanda, işğalçını qovmaq üçün hərəkətə keçəndə, silaha əl atanda vay-şivən qoparır, hətta utanmazcasına insan haqlarından, beynəlxalq hüquq normalarından dəm vururlar. Burda deyiblər, “qovan da Allah çağırır, qaçan da”...

Yenə heç olmasa Nikol Paşinan öz xəstə qövmünə “real Ermənistan”la mifik “tarixi Ermənistan” arasında fərqi anlatmağa, saxta erməni tarix kitablarına hansısa müsbət düzəlişlər etməyə çalışır. Kreml bunu da etmir, “tarixi Rusiya”dan, “Novorusiya”dan danışır.

Hərgah cəmi min illik yaşı olan Rusiya dövlətinin ərazisinin müstəsna olaraq, qonşu xalqların torpaqlarının istilası, işğalı hesabına formalaşdığı çoxdan bəlli. Şimali Qafqaz (Dağıstan, Çeçenistan, İnquşetiya, kabardin-balkar diyarı), Tatarıstan, Başqırdıstan, Yakutiya, Həştərxan, Krım, Kalininqrad (alman şəhəri Köniqsberq)... Hansını, haranı deyəsən?

“Şüşəli ev”dən başqasının “taxta evi”nə daş atanlar, bu təhlükəli əyləncənin bədəlini də hazır olmalıdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR