Onlayn ictimai-siyasi qəzet
Ermənistan Müdafiə Nazirliyinin idarə rəisi Avropa İttifaqının daha bir aparıcı dövləti ilə müdafiə məsləhətləşmələri aparıb; analitiklərə görə, Brüsseldəki 5 aprel görüşünün nəticələri bir-bir icra olunur - işğalçı ordu hərtərəfli dəstəklənir...
Berlində Ermənistan Müdafiə Nazirliyinin idarə rəisi Levon Ayvazyanın rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi Almaniya ilə müdafiə məsləhətləşmələri keçirilib. “Yeni Müsavat” yazır ki, bu barədə Ermənistanın hərbi qurumundan məlumat verilib. Almaniya Federal Müdafiə Nazirliyində keçirilən toplantıda beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Müzakirələr nəticəsində 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı razılaşdırılaraq imzalanıb. Proqramda təcrübə mübadiləsi, təhsil və kadr hazırlığı, eləcə də qarşılıqlı maraq doğuran bir sıra istiqamətlər üzrə onlarla hərbi fəaliyyət nəzərdə tutulub. Almaniyanın Ermənistanla hərbi əməkdaşlığa maraq göstərməsi Avropa İttifaqının siyasəti ilə əlaqələndirilir.
Bu ilin aprelində Nikol Paşinyanla Brüsseldə ABŞ və Avropa İttifaqı arasında keçirilən üçtərəfli görüşdə İrəvana yardım göstərilməsi öz əksini tapıb. Hərbi ekspertlərə görə, etiraf etməsələr də, Ermənistana hərbi yardım da nəzərdə tutulub. Almaniyanın Ermənistanla hərbi əməkdaşlığa maraq göstərməsi də bunun tərkib hissəsidir. 44 günlük Vətən müharibəsinədək Berlin hərbi əməkdaşlıq məsələsində hər iki ölkə ilə məsafəli davranıb. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadığı bir vaxtda Almaniyanın Ermənistanla hərbi əməkdaşlıq sazişi imzalaması haqlı suallar doğurur.
Prezident İlham Əliyev hələ bu ilin aprelində, Brüsseldə Ermənistana dəstək xarakterli görüş ərəfəsində Blinkenin zənginə cavab olaraq bildirmişdi ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.
Dövlət başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulamışdı. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən “Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır” deyib. “Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin Brüsseldə, Avropa İttifaqının mənzil qərargahında bəziləri tərəfkeşlik edirlər” deyən Prezident bildirib ki, bu, qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. Bu arada isə məlum olub ki, Avropa İttifaqı Qarabağ ermənilərinin dəstəklənməsinin maliyyə yükünü bölüşmək və Ermənistanda islahatların həyata keçirilməsinə töhfə vermək üçün Ermənistan hökumətinə büdcə dəstəyi çərçivəsində əlavə 30 milyon avro ayırmaq niyyətindədir. Bunu İrəvanda keçirilən “Dünyanın kəsişməsi: təhlükəsizlik və demokratiyanın birləşməsi” adlı konfransda Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos deyib.
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, Qərbin məqsədi İkinci Qarabağ müharibəsindən sonra formalaşan reallıqları dəyişməkdir: “Hazırda sülh prosesi gedir, Ermənistanın pozucu hərəkətləri ucbatından ləngimə ilə də olsa bu danışıqlar davam etməkdədir, amma Brüsseldə keçirilmiş 5 aprel görüşündəki əsas məsələlər hələ də beynəlxalq ictimaiyyətdən gizlədilir. Biz artıq bunun nəticələrini görməkdəyik və faktiki olaraq Ermənistana hərbi dəstək verilir. Ona görə də Avropa İttifaqının aparıcı üzvlərindən biri olan Almaniya da prosesdə iştirak edir. Baxmayaraq ki, Almaniya və Fransa Avropa Birliyində liderlik mübarizəsi aparırlar, bəzi siyasi fikir ayrılıqları var, qarşılıqlı ərazi iddiaları belə mövcuddur, bununla belə, Cənubi Qafqaz, keçmiş münaqişə və Ermənistanın silahlanmasında mövqeləri üst-üstə düşür”.
Onun xatırlatmasına görə, bundan əvvəl Ukrayna üçün keçirilən sülh konfransına Ermənistan dəvət olunmuşdu, halbuki İrəvan özü sülh sənədi imzalamır: “Bu dövlət işğalçıdır, amma Ermənistan təcavüzə məruz qalan tərəf kimi qələmə verilir. Yənu bu dərəcədə absurd yanaşma var. Təəssüflər olsun ki, Almaniyada olan ermənipərəst qüvvələr Ermənistanın silahlanması üçün çalışırlar. Əlbəttə, hər bir dövlət silahlana bilər, amma Ermənistanın Azərbaycana konstitusion müstəvidə ərazi iddiaları varsa, bu ölkənin silahlandırılması növbəti hərbi təxribatlara, hətta müharibəyə hazırlaşdırılması deməkdir. Ona görə aprel görüşündə hansı məxfi müzakirələrin aparılmasının indiyə qədər açıqlanmaması göstərir ki, məhz Qərb Ermənistana hərbi dəstək təminatı verib. Amma Ermənistan İkinci Qarabağ savaşında cəmi 44 gün tab gətirə bildi, 5 milyardlıq hərbi texnikası qənimət götürüldü, antiterror əməliyyatı nəticəsində isə 1 milyardlıq silah-sursatı götürüldü. Əgər yenə münaqişəni başlasalar, bu dəfə daha böyük həcmdə qənimət götürüləcək. Yəni bilsinlər ki, növbəti hərbi təxribatlar olacaqsa, bu dəfə daha ağır bədəlini alacaqlar. Çünki Azərbaycan boş oturmur və öz hərbi potensialını gücləndirir”.
Ehtiram Mehdiyev
Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev isə Almaniyanın əvvəllər Azərbaycana qarşı qərəzli kampaniya apardığını xatırladaraq, hazırkı dəstəyin Ermənistan üçün bir paket şəklində olduğunu zənn edir. Onun fikrincə, Avropa İttifaqı verdiyi vədi Fransa, Almaniya, Niderland və başqa dövlətlərin timsalında həyata keçirir: “Müharibənin nəticələri Qərb üçün gözlənilməz oldu. Onlar hesab etmirdilər ki, Ermənistan ordusu bu səviyyədə darmadağın olacaq. Eyni zamanda ermənilərin Qarabağı tərk edəcəyini hesablamamışdılar. Onlara görə, problem qalmalı və Azərbaycana daimi təzyiq edilməli idi. Bu da alınmadı deyə Ermənistana dəstək üzərindən problemi təzədən dərinləşdirməyə cəhd edirlər. Biz sülh içində yanaşı yaşamaq prinsiplərini təklif edirik, Qərb isə Ermənistanda militarist bir əhval yaradır. Erməni ordusu və xalqı görür ki, Avropa, Amerika kimi nəhəng güclər kiçik bir ölkəyə silah-sursat verir, bu da həvəs yaradır”.
Partiya rəsmisi güman edir ki, Rusiyanın Ermənistanda hərbi təsirlərini azaltmaq məqsədi də görünür: “Belə görüşlər çox olacaq. Baxın, Təhlükəsizlik Şurasının katibi Qriqoriyan NATO-da danışıqlar aparır, Baş Qərargah rəisi Artsyan Vaşinqtonda silah sərgisində iştirak edir, amerikalı hərbçilərlə birgə təlimlər keçirilir, o cümlədən də qeyd etdiyiniz Almaniya görüşləri baş tutur. Bir sözlə, hərtərəfli hərbi-siyasi dəstək göstərilir. Əgər Cənubi Qafqazda ikinci cəbhə açmaq, Ukraynadan sonra burada üçüncü müharibə ssenarisi varsa, mütləq şəkildə bu planı pozmaq lazımdır. Paşinyan Ermənistanı ağlını başına yığmalı və şərtləri qəbul edərək sülh sazişi imzalamalıdır. Yalnız bu halda münaqişədən, eləcə də Qərbin təhrikedici addımlarından yayınmaq mümkündür”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ