Onlayn ictimai-siyasi qəzet
Türkiyədə ailə dəyərlərinə zidd olaraq baş verən şiddət hadisəsi ölkə gündəmini silkələməyə davam edir.
Musavat.com xəbər verir ki, hadisənin görüntüləri ilk olaraq sosial şəbəkələrdə, daha sonra isə media qurumlarında yayılıb və böyük rezonansa səbəb olub.
Musavat.com xatırladır ki, hadisə İstanbulda metrobüs nəqliyyat vasitəsində baş verib. Videodan açıq şəkildə görünür ki, ictimai nəqliyyatda başlayan sözlü mübahisə qəfil fiziki hücuma çevrilir. Təəssüf doğuran məqam isə budur ki, bu zorakılıq iki azyaşlı uşağın — bir oğlan və bir qızın gözü önündə baş verir.
Kadrlarda aqressiv davranış sərgiləyən bir kişi, uşaqları ilə birlikdə səyahət edən ataya qarşı əvvəlcə sözlü təzyiq göstərir. Sərnişinlər bu davranışa qarşı etiraz edərək, “niyə ailəyə qarşı bu cür danışırsan?” deyə onu sakitləşdirməyə çalışırlar. Lakin qısa müddət sonra həmin şəxs ataya yumruqla hücum edir, uşaqlar isə şok və qorxu içində hadisəyə şahid olurlar.
Ətrafdakı insanların müdaxiləsinə baxmayaraq, hadisə artıq baş vermiş olur. Sərnişinlər həmin adama qəzəblə səslənirlər: “Utan, şərəfin olsun, yanında uşaqlar var!”
Hadisənin cəmiyyətdə yaratdığı əks-səda fonunda tanınmış fiqur, Türk mafiyasının önəmli siması Sedat Peker zərərçəkmiş ailəyə maddi və mənəvi dəstək verib. Onun şəxsi təşəbbüsü ilə ata və ailəsi üçün 2,5 milyon TL məbləğində yardım ayrılıb. Bu vəsaitlə ailəyə avtomobil alınacaq ki, uşaqlar artıq ictimai nəqliyyatda sarsıdıcı hadisələrlə üzləşməsinlər.
Peker hadisə qurbanı ilə danışığında bu sözləri deyib:
“Bu dünyada ilahi ədalətə mütləq inanmaq lazımdır; kim haqsız yerə can yandırırsa, onun da canı mütləq yanar”.
Türkiyə ictimaiyyəti baş verən zorakılığı kəskin şəkildə pisləyib. Sosial şəbəkələrdə və mediada aparılan müzakirələrdə bu cür zorakılıq hallarına qarşı qanuni tədbirlərin sərtləşdirilməsi və uşaqların yanında törədilən istənilən aqressiyanın yolverilməzliyi vurğulanır.
Musavat.com həmin hadisənin ANBAAN görüntülərini təkrar oxucularına təqdim edir:
Musavat.com
03 Iyun 2025
02 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ