İnsanlara hürriyət, millətlərə istiqlal!

Saxta dondurma biznesinin qazanmaq zamanı

Ekspertdən çağırış: “Bu dondurmalar ya böcəkdən hazırlanır, ya da donuz piyindən”

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalar üzərində monitorinq aparıb. Cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb. Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:"Rich S.A" MMC-nin istehsalı olan “İçərişəhər” əmtəə nişanlı vanilli plombir dondurma, “Soyuq” əmtəə nişanlı südlü-kakaolu dondurma, “Soyuq” əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, “Yolka” əmtəə nişanlı dondurma;

Fiziki şəxs Yusubova Səringül Kərəm qızı tərəfindən istehsal olunan “Selena” əmtəə nişanlı Qlobus Eskimo vanilli 12 faizli plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, “Selena” əmtəə nişanlı çiyələkli dondurma; “Camal” LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı dondurma;

Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu tərəfindən istehsal olunan “Naturalika” əmtəə nişanlı dondurma.

Eyni zamanda “Naturalika” əmtəə nişanlı dondurmanın etiket məlumatında məhsulun 82 faizli kərə yağından istehsal olunduğu qeyd edilsə də, tərkibində fitosterin (Kampesterin) müəyyən olunub. “Camal” LTD-nin istehsalı olan “Oazis” əmtəə nişanlı şokoladlı plombir dondurmanın etiket məlumatında isə bitki yağından istifadə olunduğu bəyan edilsə də, konkret hansı növ bitki yağından istifadə olunduğu qeyd olunmayıb.

43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir. Digər dondurmalara nəzarət varmı, üç ayda bu biznes nə qədər gəlir gətirir. Bəs insanlar dondurma alarkən nələrə diqqət etməlidir? 

Eyyub Hüseynov: "Bu cür ticarət yerləri vətəndaşların hüquqlarını pozmaqla  dövlətin sosial siyasətinə də zərbə endirir" Pravda.az

Eyyub Hüseynov

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dondurma süd məhsuludur və əsasən tərkibində süd, qaymaq və kərə yağından istifadə olunur: “Mütləq şəkildə bunların hamısı keyfiyyətli olmalıdır ki, dondurmanın faydalarından lazımi qədər istifadə edək. Çünki süd və süd məhsullarından hazırlandığı üçün insan sağlamlığı üçün çox faydalıdır və tərkibində karbohidratlar, zülallar, yağlar və bir çox vitaminlər var. AQTA-nın işini mən çox dəstəkləyirəm. İllər boyu monitorinq aparılırdı, amma istehsalçı müəssisənin adı qeyd olunmurdu. Yaxşı olardı ki, onların adı açıqlanandan sonra bazardan da o dondurmalar yığışdırılardı. Burada bir məsələ dondurmanın tərkibinə kərə yağı əvəzinə bitki yağının qarışdırılması və onun adının yazılmamasıdır. Ümumiyyətlə, məhsulun tərkibinə vurulan məhsulların qeyd olunmaması bizim ölkədə ciddi problemdir, bitki yağı yazılır, amma hansı bitki yağıdır, mənşəyi qeyd edilmir. Təəssüf ki, bu məsələ də həll olunmamış qalır. İstehlakçılar bişirilmiş dondurma alırlarsa, mütləq onun etiketinə fikir versinlər. Buraxılma tarixi ilə yararlılıq tarixi arasındakı vaxt intervalının kiçik olmasına fikir versinlər. Əgər dondurmanın etiketi pozulubsa, əzilibsə, bu o deməkdir ki, dondurma əriyib təzədən dondurulub”. 

 yusif.jpeg (111 KB)

Qida üzrə mütəxəssis Yusif Həkim də “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Ölkəmizdə xüsusilə isti aylarda yüksək miqdarda dondurma istehlak edilir. Hətta market şəbəkələri dondurucuların demək olar ki, böyük bir hissəsini dondurmalar üçün ayırırlar. Hamımızın sevimlisinə çevrilən dondurmaları alarkən hansı amillərə diqqət yetirməliyik? Baxmayaraq ki, ölkəmizdə ərzaq üçün standartlar könüllü xarakter daşıyır (yəni istehsalçı istənilən standarta müraciət edə bilər), amma istehsal şirkətləri dondurma vaflilərinin istehsalı üçün AZS 219-2006 (dondurma üçün vafli, ümumi texniki şərtlər), dondurma istehsalı üçün isə AZS 228-2006 (dondurma, ümumi texniki şərtlər) standartlarına müraciət edirlər. Bu standartlar məhsulların orqanoleptik və fiziki-kimyəvi xüsusiyyətlərini özündə əks etdirirlər. Laborator analizlər isə AQTA-nın 19 nömrəli kollegiya qərarına uyğun aparılır.

Market rəflərini bəzəyən müxtəlif növ dondurmaların istehsalında hansı qida əlavələri istifadə edilir? Etiketdə hansı qida əlavələrini gördükdə həmin məhsulu almaqdan imtina etməliyik? Diqqətli olmamız lazım olan inqrediyentlər bunlardır: hidrogenləşdirilmiş yağlar, süni rəngvericilər (məsələn, E132), süni dadvericilər, E407 karraqenan, E441 jelatin, E120 karmin, E471 mono və diqliseridlər, tərkibində etil spirti olan xammallar, etil spirti istifadə edilərək istehsal olunan xammallar (hansı ki, “istihalə” (əslini dəyişmə) baş vermir, yəni etil spirti itmir). E132 - indigo karmin bir çox məhsullarda istifadə edilən mavi sintetik qida boyasıdır. Meyvə şirələri, limonadlar, yeyilə bilən buzlar, dondurmalar, şirniyyatlar, biskvit, tort, şokolad, dərman və kosmetika sektorlarında çox istifadə edilir. Araşdırmalara görə bəzi insanlarda kəskin allergik reaksiyalar yaradır. Hiperaktivlik, ürək bulanma, hipertəzyiq, dəri reaksiyaları, tənəffüs problemləri allergiyalara səbəb olur. Bunun Avstraliyada qida sənayesində istifadəsinə qadağa qoyulub. E407 - Karraqenan qırmızı dəniz yosunlarından alınan polisaxariddir, üç tipi vardır: (Kappa, Iota və Lambda). E407 və E407a kimi qida sənayesində geniş istifadə edilir. İstehsalında etil spirti istifadə edildiyi üçün şübhəlidir. E441 - jelatinin əsas xam maddəsi donuz, böyük və kiçikbaş heyvanların sümük  və dəriləridir. Bir çox funksiyasına görə qida sənayesində geniş istifadə edilir. Məsələn, meyvə şirələrində durulducu kimi də istifadə oluna bilir. Tamamilə bir heyvan mənşəli məhsuldur. Adətən istehsalında donuzdan alınan sümük və ya dəri  istifadə olunmayıbsa, ona “halal” sertifikatı verilir. Lakin realda isə istifadə olunan sümük və dərinin halal şərtlərlə istehsal olunan heyvanlardan olması mütləqdir. E120 - Karmin təbii rəng vericidir. Təbii burada o demək deyil ki, zərərsizdir. Əsasən Peruda istehsal olunur. Cochineal adlı böcəklərdən əldə edilir. Böcəklərin istifadəsi üçün 90 günlük yetişmə mərhələsinə çatmaqları lazımdır. Bu yaşa çatmış dişi böcəklərdən 3 fərqli metodla karmin istehsal olunur: böcəklərin isti suya salınması ilə onlardan rəng alınması, böcəkləri günəş işığı altında qurutma ilə, sobalarda qurutma ilə. Kolbasa və sosislərdə də geniş istifadə olunur. Böcəklər müsəlmanlar üçün haram olduğuna görə E120 əlavə edilmiş istənilən qidadan çəkinmək lazımdır. E471 isə mono və diqliseridlər yağ turşularıdır. Heyvan və bitki mənşəli ola bilər. Qliserin və yağ turşularından əldə edilir. Heyvan mənşəli olanlar halal istehsal şərtlərinə riayət edilmiş heyvanlardan alınmalıdır. Bitki mənşəli olanlarda isə GMO olmalı deyil". 

Ekspert əlavə edib ki, dondurma alarkən mütləq etiket məlumatlarını diqqətlə oxumaq lazımdır:  “Faydalı olacağını düşündüyüm daha bir məsələni də qeyd edim. Dondurma və meyvə buzu arasındakı fərq nədir? Dondurma ilə meyvə buzu arasındakı əsas fərq quru maddə miqdarındadır. Tam yağlı dondurmada ən azı 40%, meyvə buzlarında isə ən azı 12% quru maddə olur. Tam yağlı dondurmada süd yağının miqdarı ən az 12%, meyvə buzlarında isə 0-2,5%-dir. Dondurmanın əsas inqrediyenti süddür, meyvə buzlarında isə bu sudur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR