İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova yaz sessiyasının ilk iclasında mühüm məsələlərdən danışdı-Tam mətn

 

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin yaz sessiyasının 1 fevral 2023-cü il tarixli ilk plenar iclasında giriş nitqi ilə çıxış edib.

Musavat.com spikerin çıxışını təqdim edir: 

“Hörmətli həmkarlar, bildiyiniz kimi, yanvar ayının 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror aktı törədilib. Səfirliyin və Səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən mühafizə xidmətinin 1 əməkdaşı həlak olmuş, digər 2 əməkdaşı yaralanıb.

Milli Məclis bu xain hücuma münasibətini bildirərək, onu  şiddətlə qınamış, terror aktının hərtərəfli və dərindən araşdırılmasını, bu qanlı cinayətin  törədilməsində əli olanların hamısının müəyyən edilməsini və ən sərt şəkildə cəzalandırılmasını tələb etmişdir. Eləcə də, Milli Məclisin deputatları kütləvi informasiya vasitələrində çıxışlar edərək, səfirliyimizə qarşı törədilmiş terroru qətiyyətlə pisləyiblər.

Biz həlak olmuş şəhidimiz Orxan Əsgərova bir daha Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanmış səfirlik əməkdaşlarının tezliklə sağalmasını arzulayırıq.

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, ötən il Milli Məclisin fəaliyyətinin bütün istiqamətlərində uğurlu nəticələr əldə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini qanunvericilik səviyyəsində dəstəkləmək üçün lazımi tədbirlər görülmüşdür. Xatırladım ki, mən ötən sessiyanın son iclasında sizə ilin yekunları barədə ətraflı məlumat vermişdim.

Hörmətli həmkarlar!

Tətil olmasına baxmayaraq, bilirsiniz ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam etmişdir. Yanvar ayının 9-10-da Milli Məclis sədrinin başçılığı ilə  nümayəndə heyəti Türkiyənin Antalya şəhərində işgüzar səfərdə olmuş, Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmişdir.

Sessiyada etdiyim çıxışda bir sıra məsələlər barədə fikirlərimi bölüşərək mən bunu da qeyd etdim ki, müasir çağırışlar şəraitində biz yalnız səylərimizi birləşdirərək mürəkkəb problemlərin həlli yollarını tapa bilərik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi bildirdim ki, Parlament Şəbəkəsi ümumi məqsədlərə çatmaq üçün Asiya Parlament Assambleyası ilə əməkdaşlıq etməyə hazırdır.

Azərbaycan ərazilərinin 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasının nəticələri barədə danışarkən bir sıra faktlara nəzər saldım. Bildirdim ki, tarixi xəritələr və sənədlər müasir Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıldığını və azərbaycanlıların bu torpaqlarda əsrlər boyu yaşadığını sübut edir.

Bunu da vurğuladım ki, tarixi şəhərimiz İrəvan 1918-ci ildə Ermənistana verilmiş, 1920-ci ildə isə sovet hökumətinin qərarı ilə Zəngəzur Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilmişdir.

XX əsrdə Ermənistan ərazisində azərbaycanlılara qarşı törədilən düşmənçilik hərəkətləri barədə geniş məlumat verdim. Soydaşlarımızın ata-baba yurdlarından qovulmasının son mərhələsinin 1988–1991-ci illərdə həyata keçirildiyini bildirdim.

Mən onu da vurğuladım ki, vaxt gələcək, Qərbi azərbaycanlıların hüquqları bərpa olunacaq və onlar ata-baba yurdlarına dönəcəklər.

Çıxışımda həmçinin Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitlik yaradılması üçün Azərbaycanın göstərdiyi səylər və Ermənistanın sülh prosesinə mane olan fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat da verdim.

Hörmətli həmkarlar!

Yanvar ayının 28-30-da Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti Əlcəzairə işgüzar səfər etmişdir. Səfərdə məqsəd İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirak etmək idi. Toplantıda “İslam dünyası: modernləşmə və inkişaf çağırışları” mövzusunda müzakirələr aparılmışdır.

Konfrans zamanı çıxışımda müasir dövrdə İslam aləminin qarşılaşdığı problemlər barədə fikirlərimi bölüşərək bildirdim ki, bu çağırışların öhdəsindən gəlmək üçün İslam dünyasının birliyə ehtiyacı var. İslam həmrəyliyinin möhkəmləndirilməsi üçün Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər, həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verildi.

Hörmətli həmkarlar!

Parlament İttifaqı Konfransının 17-ci sessiyası  çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi məsələsi müzakirə olundu. Bu məsələ üzv parlamentlər tərəfindən dəstəkləndi.

Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri ilə Parlament İttifaqının baş katibi tərəfindən bu iki qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirildi.

Beləliklə, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi birinci konfransdan sonra, yəni 6 ay ərzində artıq sayca ikinci beynəlxalq təşkilatda müşahidəçi statusu əldə etdi.  

Hörmətli həmkarlar!

Əlcəzairdə bir sıra ikitərəfli görüşlər də baş tutdu. Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali, Malayziya Nümayəndələr Palatasının sədri Cohari Abdul, Oman Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə danışıqlarda dövlətlərarası münasibətlərin parlament ölçüsünün inkişaf yolları və bir sıra digər məsələlər müzakirə edildi.  

Onu da qeyd edim ki, həm Parlament İttifaqı Konfransının  17-ci sessiyasında etdiyim çıxışda, həm də ikitərəfli görüşlərdə, o cümlədən İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə qeyri-rəsmi görüşdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı yanvarın 27-də törədilmiş terror aktı barədə münasibətimizi ifadə edərək bildirdim ki, Azərbaycan bu terror aktının obyektiv və hərtərəfli araşdırılmasını tələb edir. Mən hər iki səfərdə iştirak edən hörmətli deputat həmkarlarıma öz təşəkkürümü bildirirəm.

Hörmətli həmkarlar!

Yanvar ayında bir sıra nümayəndə heyətləri, o cümlədən Səudiyyə Ərəbistanı parlamentinin Azərbaycanla dostluq qrupunun 8 üzvü Milli Məclisin qonağı olmuşdur. Hazırda isə bildiyiniz kimi, Türkiyə Böyük Millət Məclisinin 8 deputatı və İndoneziya parlamentinin 12 deputatı Milli Məclisin qonağıdırlar. Onu da qeyd edim ki, Milli Məclisin deputatları üzv olduğumuz beynəlxalq parlament təşkilatlarının fəaliyyətində yanvar ayında da yaxından iştirak etmişlər və xarici ölkələrdə işgüzar səfərlərdə olmuşlar. Avropa Şurası Parlament Assambleyasında 12 deputatımız təmsil olunmuş, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında 2 həmkarımız iştirak etmişdi. Çilidə bizim 1, Türkiyədə 2, İtaliyada 1 nəfər deputatımız olmuşdu və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin 4 üzvü Strasburqa ezam olunmuşdur.

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, yanvar ayının 19-da Avropa Parlamentində Azərbaycana qarşı növbəti çirkin siyasi aksiya təşkil edilmiş, yalan və saxta məlumatlar üzərində qurulan bir qətnamə qəbul olunmuşdur.

Bununla əlaqədar Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsinin Azərbaycandan olan üzvləri bəyanat qəbul etmişlər.

Bəyanatda Avropa Parlamentinin qətnaməsinin  qeyri-obyektiv və qərəzli xarakter daşıması tutarlı faktlarla sübut edilmişdir.

Hörmətli həmkarlar!

Məlum olduğu kimi, bilik və təcrübə mübadiləsi dövlət qulluqçularının peşə bacarıqlarını artırmağın səmərəli yollarından biridir. Bu məqsədlə yanvar ayının ortalarında Milli Məclis Aparatının bir qrup əməkdaşı – 10 nəfər(onlardan 5-i şöbə müdiri idi) Ankara şəhərinə ezam olunmuşlar, Türkiyə Böyük Millət Məclisi Aparatının fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Hörmətli deputatlar!

Əminəm ki, Milli Məclis indiyədək əldə etdiyi uğurları bu sessiyada davam etdirəcək və daha da artıracaq. Onu da deyim ki, yaz sessiyasında bizi çox işlər gözləyir.

Əlbəttə, bu sessiya və il ərzində fəaliyyətimizin ən mühüm mövzusu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaqlar.  

Heydər Əliyev Azərbaycan xalqının minillik tarixi ərzində yetişdirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biridir.

Azərbaycanın ən yeni tarixinin otuz ildən artıq bir dövrü bu böyük şəxsiyyətin fəaliyyəti ilə sıx bağlıdır. Onun xidmətləri sayəsində  xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir.

Hörmətli həmkarlar!

Artıq həm Milli Məclisin, həm də komitələrin yubileylə bağlı tədbirlər planları hazırlanmışdır.

Qeyd edim ki, parlamentin Ulu Öndərin əziz xatirəsinə həsr olunan xüsusi iclası keçiriləcəkdir. Yubiley münasibəti ilə bir sıra digər önəmli tədbirlərin təşkil edilməsi də nəzərdə tutulur.  

Hörmətli deputatlar!

Yaz sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır və bu gün bildiyiniz kimi, müzakirə olunacaq.

Bu sessiyada biz qanun layihələrini müzakirə etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.

Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2022-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Həmçinin, sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat, məlumat və məruzələri də dinləniləcək.

Qeyd edim ki, Milli Məclisin beynəlxalq əlaqələrini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün lazımi tədbirlər görüləcək. Bu məqsədlə üzv olduğumuz beynəlxalq təşkilatlarda fəaliyyətimiz ardıcıl yenə də davam etdiriləcək, bir sıra xarici səfərlər, təbii ki, həyata keçiriləcək, xarici ölkələrin parlament sədrləri və nümayəndə heyətləri isə Bakıda qonaq olacaqlar.

Hörmətli deputatlar, əminəm ki, Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək. Sessiyada sizin hamınıza uğurlar arzulayıram”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR