İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq MTN generalının tutdurduğu vəkil yarım milyonu kimə çatdırmalı idi? - təfərrüat, açıqlama

Vəkil: “Bu praktikanın tətbiqi məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilir”

Həbsdə olan məşhur vəkil Elçin Qəmbərov azadlığa buraxılıb. Məhkəmə onun cinayət işinə xitam verib, vəkil məhkəmə zalından azadlığa buraxılıb. Zərərçəkmiş şəxsin şikayətçi olmaması və dəymiş ziyanın tam ödənilməsi yüngülləşdirici hal hesab olunub. Qeyd edək ki, vəkil dələduzluqda təqsirləndirilirdi. Ən çox diqqətçəkən məqam isə Elçin Qəmbərovun sabiq MTN generalı, hazırda həbsdə olan Mövlam Şıxəliyevin oğlunun iddiası əsasında saxlanılması idi.

Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan vəkil Elçin Qəmbərovun işində zərərçəkmiş qismində Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev tanınmışdı.

Vəkil Elgün Şixəliyevin 300 min dollar - yəni 510 min manat pul vəsaitini ələ keçirmişdi.

Mövlam Şıxəliyev bu pulu vəkilə məhkəməsi dövründə azadlığa buraxdırılması üçün veribmiş. Lakin sövdələşmə baş tutmayıb, vəkil pulu qaytarmaq istəməyib və həbs edilib. Vəkil həmin yarım milyon pulu kimə çatdırmalı imiş? Elçin Qəmbərov məhkəməsi dövründə susmağa üstünlük verdi. Sona qədər bilinmədi ki, o, həmin pulu kimə verib arestant generalı ev dustağı edəcəkdi.

Bununla belə, məhkəmə Elçin Qəmbərova kifayət qədər loyal münasibət sərgilədi, barəsindəki cinayət işinə xitam verib məhkəmə zalından azad etdi.

Azərbaycanda dələduzluq işləri üzrə praktika göstərir ki, məhkəmələr bir qayda olaraq xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq edənlərə qarşı belə yumşaq mövqe sərgiləmir. Zərərçəkənə vurulan ziyanın ödənilməsi yüngülləşdirici hal kimi qiymətləndirilsə də, zərərin 25 faizi bu halda qəbul edilmir, dələduzluq edən barəsində isə ittihamedici hökm çıxarılır. 

Oxu.az - Elçin Qəmbərov azadlığa buraxıldı

 Elçin Qəmbərov

Belə bir halda Elçin Qəmbərovun işi üzrə məhkəmənin çıxardığı hökm Azərbaycan qanunlarına uyğundurmu?

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinin bir neçə bəndi var: “Cinayət Məcəlləsinin dələduzluq adlanan 178-ci maddəsinin bir neçə bəndi var. 178-ci maddənin 1-ci bəndi 5 min manata qədər olan dələduzluqlarda tətbiq olunur. 178-ci maddənin 2-ci bəndi xeyli miqdarda - yəni 5 min min manatdan 50 min manata qədər ziyan vurulanda tətbiq olunur. 3-cü bəndi isə külli miqdarda - 50 min manatdan 500 min manata qədər olan məbləğdə dələduzluq cinayəti törədən şəxslərə verilir. Xüsusilə külli miqdar isə 500 min manatdan yuxarı nəzərdə tutulur.

Əgər şəxs dələduzluq edibsə, yəni 178.1 maddəsi ilə ittiham olunubsa, bu halda Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə cinayətlərdə cəzadan azad etmə - 73-1 maddəsi tətbiq olunur. Bu halda təqsirləndirilən zərəri ödəyir və dövlətə vurduğu ziyanın 25 faizi həcmində ziyan ödəmədən cəzadan azad olunur.  

178.2 maddəsi ilə ittiham olunmuş şəxsə isə 73-2 maddəsi tətbiq oluna bilər. Bu, tərəflər barışdıqda və dəyən ziyan ödəndikdən sonra vurulan ziyanın 25 faizi dövlətə ödənəndən sonra şəxs cəzadan azad edilir. 178.3 və 178.4 maddəsi ilə ittiham olunmuş şəxs zərərçəkənlə barışdığı halda, zərəri tam şəkildə ödədiyi zaman vurulan ziyanın 50 faizi dövlət büdcəsinə ödəndiyi halda cinayət məsuliyyətindən azad oluna bilər".

Hüquqşünas deyib ki, dələduzluq halları üzrə bu praktikanın tətbiqi məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilir. Məqsəd ziyanı ödəmiş şəxslərin cəzaçəkmə yerlərinə doldurub həbsxanaları əlavə yükləməməkdən ibarətdir.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR