İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı Azərbaycanın yer aldığı bu bloklar parçalaya bilər - ilginc hesabat

Bölgədə yaranacaq boşluğu hansı güclər doldurar?

“Ukraynada döyüşlərin nə vaxt bitəcəyi hələ məlum deyil, lakin çox güman ki, bu, indiki formada Rusiya Federasiyasının (Sovet İttifaqının varisi) dağılması demək olacaq. Şübhəsiz ki, Rusiya iqtisadiyyatına ciddi zərbə dəyib, onun hərbi potensialı tükənəcək, regional nüfuzu zəifləyəcək. Rusiya Federasiyasının mümkün süqutu fonunda siyasətçilərin Avrasiya məkanında yeni geosiyasi reallığa hazırlaşmağın vaxtı çatıb”, - Hudson İnstitutunun analitiklərinin hesabatında belə deyilir.

Qeyd edək ki, Hudson İnstitutu 1961-ci ildə əsası qoyulmuş Amerika beyin mərkəzidir. İnstitut hökumətin və ABŞ Silahlı Qüvvələrinin sifarişlərini yerinə yetirən strateji tədqiqat mərkəzi rolunu oynayır. Hudson İnstitutunun proqnozlarına görə, Rusiya dağılandan sonra istər milli, istərsə də regional səviyyədə inqilab, qiyam və ya vətəndaş müharibəsi ilə üzləşə bilər. Rusiyanın hazırkı beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində istənilən daxili çəkişmələri saxlamaq ABŞ və onun tərəfdaşları üçün əsas prioritet olmalıdır. Analitiklər hesab edirlər ki, ABŞ xüsusilə GUAM və ya Türk Dövlətləri Təşkilatı kimi regional qruplaşmalar vasitəsilə əlaqələrini gücləndirməlidir. Amerikalı analitiklər ABŞ-ı postsovet məkanında dövlətlərin ərazi bütövlüyü prinsipinin qorunmasını əsas götürməyə çağırırlar: “Rusiya Federasiyasının dağılması, şübhəsiz ki, Rusiya daxilində müəyyən regionlarda müstəqillik çağırışlarına səbəb olacaq, həmçinin onun hüdudlarından kənarda işğal olunmuş ərazilər - Moldovada Dnestryanı, Abxaziya və Gürcüstanda Sxinval (Cənubi Osetiya), həmçinin Krım və Ukraynanın digər bölgələri mütləq azad ediləcək. Vaşinqton bu ABŞ tərəfdaşlarına beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etməkdə kömək etmək üçün unikal imkan əldə edəcək. Bu nə qədər tez və səmərəli həyata keçirilsə, vəziyyət bir o qədər sabitləşəcək”.

Hudson İnstitutu hesab edir ki, Çin və Türkiyə Avrasiyada Rusiyanın zəifləməsindən sonra yaranmış güc boşluğunu doldurmağa çalışacaq. Çin-Türkiyə birliyi mümkünmü və yaranacaq boşluğu doldura bilərmi? Rusiyanı GUAM  və Türk Dövlətləri Birliyi parçalaya bilərmi? Türkiyə Rusiyanın bölgədəki rolunu davam etdirmək imkanındadırmı?

Azərbaycan nəinki indiki şəraitdə, hətta torpaqlarımız isğal altında olduğu  dövrdə belə separatçıları tərəf kimi qəbul etməyib" - son xeberler

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin 2023-cü ildə gedişatından asılı olaraq Rusiyanın Qafqazda, Orta Asiyada təsir imkanları kifayət qədər zəifləyə bilər: "Məhz bundan istifadə edərək ABŞ, kollektiv Qərb həmin boşluğu mümkün olarsa həm öz dövlətləri, öz gücləri hesabına, mümkün olmadıqda müttəfiqlərinin hesabına doldurmağa çalışır. ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bu günlərdə baş tutacaq telefon danışığı da 2023-cü ilin ilk günlərindən bölgədə proseslərlə bağlı Amerikanın təşəbbüsü ələ almaq cəhdi hesab olunmalıdır. Rusiyanın Orta Asiyadan, Qafqazdan, ümumilikdə Avrasiyadan sıxıdırılıb çıxarılması nəticə etibarilə həmin boşluq uğrunda bir sıra güclərin mübarizəsi ilə nəticələnə bilər. Həmin tərəflər xüsusilə Çin və Türkiyə başda olmaqla, Türk Dövlətləri Təşkilatıdır. Bunu nəzərə alaraq Qərb Rusiyanın tam sıradan çıxarılması və həmin bölgələrin Rusiyanın nəzarətindən çıxıb Çin və Türkiyənin nəzarətinə keçməsini o qədər də arzulamır. Hesab edirəm ki, Amerika, Fransa, bütövlükdə Qərb dərk etməlidir ki, Orta Şərqdə, xüsusən də Qafqazda Rusiyanın çıxması ilə yaranan boşluğu birbaşa öz güclərinə doldurması real deyil. Məsələn, Ermənistanın Rusiyanın nəzarətindən çıxmasından sonra Ermənistanın təhlükəsizliyinə Fransa və ya Amerika birbaşa qarant rolunda çıxış edə bilməz. Yeganə yol qərbyönümlü rəsmi siyasət yürütməyə çalışacaq Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin qurulmasından və Türkiyə vasitəsilə Qərbin Ermənistanın təhlükəsizliyinin təmin edilməsindən keçir. Amma təəssüf ki, Qərb hələ Türkiyənin bölgədə güclənən maraqlarını və Rusiya tərəfindən boşalacaq yerlərin Türkiyənin nəzarətinə keçməsini qəbul etmək istəmir. Tam əksinə, Türkiyənin zəiflədilməsi və mümkün qədər bu proseslərə alət olaraq daxil olmasında maraqlıdır. Burada əsas istiqamətlərdən biri Türkiyənin bu il keçiriləcək prezident seçkiləri zamanı Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılmasına nail olunmasıdır”.  

Politoloq hesab edir ki, boşluğu doldura biləcək ikinci qüvvə Çindir. Çin isə başda Amerika olmaqla, Qərbin əsas rəqibidir. Rusiya ilə aparılan mübarizənin də arxa planında hədəfi əslində Çindir. Çinin çox sürətlə iqtisadi inkişafı ABŞ-ın qlobal bazarda mövqelərini çox sürətlə itirməsinə gətirib çıxarır: “Təsadüfi deyil ki, 2035-ci ilə qədər indiki təzyiqlər və sanksiyalar altında belə, Çin iqtisadiyyatının Amerika iqtisadiyyatını üstələyəcəyi proqnozlaşdırılır. Eyni zamanda unutmayaq ki, dünya qlobal iqtisadiyyatının təxminən 17 faizə yaxını Çin iqtisadiyyatından ibarətdir. Dünyanın bir çox dövlətlərinin istehlakçı cəmiyyətə keçdiyi indiki şəraitdə ən böyük istehsalçı dövlət rolunda məhz Çin çıxış edir. Ona görə də Rusiyanın zəiflədilməsi fonunda məlum bölgələrin Çinin nəzarətinə keçməsi Amerika və müttəfiqlərinin maraqları üçün daha ağır variantdır. Buna görə də Amerika strateqləri tərəfindən bu gün əsas istiqamət kimi məhz Rusiyanın Ukraynada həyata keçirdiyi müharibənin qarşıdakı aylarda bitməsinə və Rusiyanın bir güc olaraq tam sıradan çıxmamasına hesablanıb. Bu, nəticə etibarilə Qərb üçün Türkiyə və Çin variantlarından daha məqbul variantdır. Rusiyanın nəyə qadir olduğunu, eyni zamanda Rusiyaya qarşı birləşərək Qərbin nələr edə biləcəyini hər tərəf artıq gözəl dərk edib. Bundan sonra artıq Rusiyanın daha geniş miqyasda cəzalandırılması Rusiyadan daha çox Qərbin maraqlarına zərbə ola bilər. Ona görə də hesab edirəm ki, yaxın aylarda Rusiya və Ukraynanın masa ətrafında qarşılıqlı güzəştlər əsasında müharibəni bitirmə imkanları daha çoxdur”.

A.Əliyev qeyd etdi ki, bu istiqamətdə Ukraynanın hakimiyyətinə təzyiqlər ediləcək. Hətta hakimiyyət bu təzyiqlər qarşısında müqavimət göstərib Rusiyaya güzəştlər daxilində razılaşmalara getmək istəməzsə Ukraynada hakimiyyət dəyişikliyi edilməsi, hətta prezidentə qarşı sui-qəsdin edilməsi ilə mövcud komandanın iqtidardan uzaqlaşdırılmasına qədər Qərb tərəfindən addımların atılması istisna deyil: “Bu mənada hesab edirəm ki, yaxın bir neçə ay Orta Şərq üçün, Avrasiya məkanı üçün çox həlledici aylar olacaq. Yaz aylarına qədər atılan addımlar, qəbul edilən qərarlar növbəti müddətdə bölgənin taleyini və eyni zamanda bölgənin kimlərin daha çox nəzarəti altında olacağını deməyə imkan verəcək. Təkbaşına qaydada Türkiyənin xüsusilə Azərbaycanla birgə şəkildə Türk Birliyini gücləndirərək bölgədə təsir imkanlarını artırmaq perspektivinin olub-olmadığı da o zaman daha aydın bəlli olacaq. Təbii ki, Azərbaycan və Türkiyə bu istiqamətdə bütün mümkün addımları atacaq. Amma çox böyük vəsaitinin tələb olunduğu bu layihənin reallaşması üçün türk dünyası iqtisadiyyatı yetərli deyil. Ona görə də Ərdoğan hakimiyyətini qoruyub saxlaya biləcəksə, növbəti addımlarda Çinlə əməkdaşlıq şəklində bölgədə təsir imkanlarını genişləndirməyə çalışacaq. Çinin bölgəyə daha rahat şəkildə daxil olması və Çin kapitalının regiona investisiya yatırılmasına nail olunacaq. Artıq bunun ilkin təzahürləri özünü göstərməkdədir. Türk dövlətləri Çinlə birlikdə böyük layihələrdə iştirak edəcəklər. Çinin bu əməkdaşlıqda marağı çoxalacaq. Bir sözlə, 2023-cü il kifayət qədər gərgin və qarışıq il olacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR