Onlayn ictimai-siyasi qəzet
Moskva və Kiyev arasında əsir mübadiləsi çərçivəsində Rusiya hərbçilərinin ikinci qrupu Ukraynadan qayıdıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik onların sayını açıqlamayıb:
"Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbi əsiri təhvil verilib. Hazırda Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir".
Ukrayna tərəfi isə hələlik mübadilə ilə bağlı məlumat verməyib.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra genişmiqyaslı əsir mübadiləsinə dair razılıq əldə olunub. Tərəflər 18-25 yaş arası ağır yaralı əsgərlərin və əsirlərin mübadiləsi, həmçinin müharibədə həlak olan 6 min əsgərin cəsədinin qaytarılması barədə razılığa gəliblər.
Həlak olan əsgərlərin cəsədlərinin dəyişdirilməsi proseduruna iyunun 7-8-i, həftəsonu başlanacağı güman edilirdi. Bununla belə, hər iki tərəf bir-birini ilkin razılaşmaları pozmaqda ittiham edib. Nəticədə mübadilə iyunun 9-da başlayıb. Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, mübadilə bir neçə gün davam edəcək.
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ