Onlayn ictimai-siyasi qəzet
İran və Rusiya Hörmüzqan vilayətində Hörmüz Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün 25 milyard dollarlıq müqavilə imzalayıblar.
Musavat.com xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Müqavilə İran tərəfdən Atom Enerjisi Təşkilatı (AEOI) adından "Hormoz" şirkətinin nümayəndəsi Naser Mansur Şariflu, Rusiya tərəfdən isə "Rosatom Energy Projects" şirkətinin nümayəndəsi Dmitri Şiqanov tərəfindən imzalanıb. AES dörd enerji blokundan ibarət olacaq və 500 hektar ərazini əhatə edəcək.
AEOI nümayəndəsi Behruz Kamalvəndi bildirib ki, AEOI rəhbəri Məhəmməd Eslami Moskvaya səfəri zamanı İranın cənubunda tikiləcək AES-in gücünün "Buşəhr" AES-dən çox olacağını və ümumi gücünün 5000 MVt təşkil edəcəyini açıqlayıb. Onun sözlərinə görə, Eslami Rusiyanın nüvə sənayesi obyektlərinə səfər edib və Rusiya paytaxtında keçirilən "Ümumdünya Atom Həftəsi" beynəlxalq forumunda iştirak edib.
Qeyd olunur ki, 2024-cü ilin fevralında sabiq prezident İbrahim Rəisinin göstərişi və AEOI rəhbəri Məhəmməd Eslaminin iştirakı ilə Hörmüzqan vilayətində Hörmüz Atom Elektrik Stansiyasının tikintisinə başlanılıb. AES Minab və Sirik bölgələrində yerləşəcək.
Eslami bu həftə layihənin tezliklə yeni mərhələyə qədəm qoyacağını və bunun İranın strateji nüvə enerjisi sahəsində inkişaf məqsədlərinin reallaşdırılması üçün mühüm addım olduğunu vurğulayıb.
Musavat.com
26 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ