İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya milyardlarla pul xərclədiyi qurumu ləğv edir

Rusiya hökuməti ölkəyə qarşı tətbiq olunan sanksiyalara görə “öz öhdəliklərini müstəqil şəkildə yerinə yetirə bilməyən” və rentabelli olmaması səbəbindən “Rosnano” dövlət şirkətini ləğv edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, daha öncə Anatoli Çubaysın rəhbərlik etdiyi bu qurumun gələcəyi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunub.

Buraya şirkətin ləğvi, dövlət korporasiyalarından birinə verilməsi və yeni investisiya proqramının qəbulu daxildir. Lakin hazırda yalnız ilk iki variant daha aktual görünür.

Artıq Rusiyanın maliyyə naziri Anton Siluanov prezident Vladimir Putinə məktub göndərərək “Rosnano”nun ləğv olunmasını təklif edib. Maliyyə Nazirliyinin rəhbəri hesab edir ki, indiki şəraitdə “Rosnano”nun həyat qabiliyyətini büdcə hesabına dəstəkləmək yersizdir.

Mənbələrin bildirdiyinə görə, ölkənin texnoloji inkişafı üçün əhəmiyyətli olanlar istisna olmaqla, “Rosnano”nun aktivləri satılmalıdır - onlar digər ixtisaslaşmış dövlət korporasiyalarına verilə bilər.

Oktyabrın əvvəlində Maliyyə Nazirliyi dövlət zəmanəti ilə istiqrazları geri almaqla “Rosnano”nun 9 milyard rubl borcunu ödəyib. Bununla şirkətin borcları ilk dəfə olaraq büdcədən ödənilib.

“Rosnano”nun gələcəyi ilə bağlı hələlik heç bir qərar verilməyib. Qəzetin yazdığına görə, son qərarı prezident verəcək.

Qeyd edək ki, hələ ötən il “Rosnano”nun iflas təhlükəsi ilə üzləşdiyi bildirilirdi. 2020-ci ilin sonuna şirkətin borcu 146 milyard rubldan (təqribən 2 milyard 372 milyon ABŞ dolları) çox olub. Hələ 2016-cı ildə “Rosnano”nun öhdəliklərinin həcminin şirkətin aktivlərinin dəyərini aşdığı, borc götürməyə və yüksək faiz ödəməyə davam etdiyi vurğulanırdı.

“Rosnano” Rusiya müxalifətinin hökumətə qarşı korrupsiya ittihamlarının yönəldildiyi əsas layihələrdən biri olub. Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu bu şirkət vasitəsilə milyardlarla dollarlıq dövlət vəsaitinin talandığını dəfələrlə gündəmə gətirib. “Rosnano”nun Rusiyada ilk dəfə “milli” “ağıllı telefon” və “planşet” yaratmaq proqramları iflasa uğrayıb.

Anatoli Çubays 2011-ci ildə “Rosnano” nanotexnologiya korporasiyasının rəhbəri olub. O, 2020-ci ilin sonunda vəzifəsini tərk edərək prezidentin davamlı inkişaf və beynəlxalq təşkilatlarla əlaqələr üzrə sözçüsü vəzifəsini tutub. Martın 23-də Rusiyanın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibədən bir ay sonra Çubays bu vəzifəsindən də istefa verib və Rusiyanı tərk edib. Bundan sonra o, şübhəli zəhərlənmə faktı ilə xəstəxanaya düşüb. Hazırda onun İtaliyada olduğu bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR