Onlayn ictimai-siyasi qəzet
Putin-Pezeşkian görüşündə Rusiyanın İrana qaz ixracının ildə 55 milyard kubmetrə çata biləcəyi bildirilib.
Rusiya-İran qaz kəmərinin perspektivləri nə vəd edir?
Musavat.com xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirov mövzuya bu cür şərh bildirib:
"Yəqin ki, "55" rəqəmi təsadüfən seçilməyib. Baltik dənizinin dibində Rusiyanın partladılan "Şimal axını-2" boru kəməri ilə Almaniyaya məhz 55 milyard kub metr qaz ixrac edilməli idi.
Ötən ilin yayında isə İranın neft naziri Cavad Ouci İranın bir ildə 110 milyard kubmetr qaz ala biləcəyini deyib. 110 milyard kubmetr ifadəsi də düşünürəm ki, təsadüfən deyil. Baltik dənizinin dibində iki boru kəməri partladılıb - "Şimal axını-1" və "Şimal axını-2". Hər birinin illik ötürücülük gücü 55 milyard kubmetr olduğu üçün 110 milyard kubmetrlik gücə sahib idi. Müqayisə üçün qeyd edim ki, bu bizim TANAP kəmərimizdən 6 dəfə, TAP-dan isə təxminən 10 dəfə çoxdur.
Çox maraqlı bir vəziyyət yaranıb. Bu xəyalı gerçək etmək mümkün olacaqmı?
Rusiya 47,8 trilyon kubmetr qaz ehtiyatları ilə dünyanın birincisi, İran isə 34 trilyon kubmetr qaz ehtiyatları ilə dünyanın ikincisidir.
2021-ci ildə Rusiya 251 mlrd. kubmetr, 2023-cü ildə isə təxminən 145 kubmetr qaz ixrac edib. 2 il ərzində sanksiyalar səbəbindən 100 milyard kubmetrdən çox ixracda azalma olub. Deməli, səsləndirilən rəqəmlərin ölçü göstəriciləri elə bu azalma həcmlərindən qaynaqlana bilər.
İran Rusiyadan bu qazı necə ixrac edə biləcək?
1234 km uzunluğunda olan “Şimal axını-2” boru kəməri üçün 11 milyard dollardan çox vəsait xərclənib. Rusiyadan İrana uzanacaq kəmərin uzunluğunun bundan dəfələrlə çox olacağı şübhəsidir. Eyni zamanda bu kəmərin yeni və müasir standartlara cavab verən qaz kəməri olacağını nəzərə alsaq, ən azı bundan 2 dəfə artıq maliyyə vəsaitinin tələb olunacağı şübhəsizdir.
Bu gün Şimal-Cənub nəqliyyat dəhlizində infrastrukturun tam yaradıla bilməməsinə görə dəhliz öz potensialının heç 1/5-də birini ortaya qoya bilmir. Tamamlanmalı olan nəqliyyat xətləri yarımçıq qalıb. Belə olan halda yeni boru kəmərinin inşası üçün 20 milyard dollar üzərində vəsait hardan tapılacaq?
Maliyyə çatışmazlığı problemin hamısı deyil. Lap tutaq ki, bir sehrli çubuq sayəsində maliyyə problemi həll edildi, bəs İrana ixrac ediləcək 110 milyard və ya 55 milyard kubmetr qazı İran kimə satacaq? Hara edəcək?
Qeyd etdiyim kimi, İran dünyanın ikinci neft ehtiyatına sahib ölkəsidir. 2023-cü ildə 252 milyard kubmetr qaz hasil edib ki, bunun heç 1/10 hissəsini ixrac edə bilməyib. Ümumi ixracı cəmi 14 milyard kubmetrlə 9,2 faiz təşkil edib. Çünki sanksiyalar yalnız Rusiyaya aid deyil. Sanksiyaların acı təsirini İran Rusiyadan da çox-çox əvvəl görüb və görməkdədir. Hətta əgər İran alıcı tapıb, Rusiya qazını öz üzərindən ixrac etməyə cəhd göstərərsə, bu da Qərb tərəfindən sükutla qarşılanmaz və sərt sanksiyalar gələr. Nəzərə alaq ki, İrana tətbiq edilən sanksiyalar Rusiya ilə müqayisədə 10 dəfələrlə yumşaqdır.
Bütün bu qeyd edilənlər bir daha təsdiq edir ki, iki ölkə arasında böyük həcmdə mavi qaz nəqlinə dair razılaşma heç də uğurlu perspektiv vəd etmir".
Xalidə Gəray
Musavat.com
22 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ