Onlayn ictimai-siyasi qəzet
Kiyevin bəzi başlıca Qərb müttəfiqlərinin siyasətləri dəyişəndən sonra Ukraynada nüvə eskalasiyası ilə bağlı xəbərdarlıqlar getdikcə artır və daha həyəcanlı hal alır.
Bəzi Avropa ölkələri, o cümlədən Britaniya, Fransa və Almaniya, eləcə də ABŞ siyasi xətlərini dəyişərək Ukraynanın onlardan aldığı silahlarla Rusiya ərazisindəki hədəfləri vurmasına yaşıl işıq yandırıb. Almaniya və ABŞ öz icazələrini Ukraynanın Xarkov əyalətini qorumaq üçün endirəcəyi zərbələrlə məhdudlaşdırıb. Ancaq gələn bilgilərə görə, Co Bayden bu coğrafi məhdudiyyəti də aradan qaldıra bilər. Belə addımlar Rusiyanın Ukraynaya dağıdıcı zərbələrinə cavab olaraq atılır. Moskva bu zərbələrin çoxunu Ukraynanın əli çatmayan məntəqələrdən endirir.
Qərbin siyasətindəki bu dəyişikliklər, üstəlik, Fransa prezidenti Emmanuel Makronun Ukrayna əsgərlərinə təlim vermək və hətta döyüşmək üçün qoşun göndərmək planları Rusiyanın buna cavab olaraq nüvə eskalasiyasına əl atacağı ilə bağlı narahatlığı artırıb. Vladimir Putin Ukraynaya hücuma başladığı gündən bəri bu ehtimala işarə edir. Digər Rusiya rəsmiləri də bu haqda danışıblar. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmişdə prezident və baş nazir olmuş Dmitri Medvedev Rusiya rəsmiləri arasında nüvə hədələrinin tezliyi üzrə rekordsmen sayıla bilər.
"Lider və ekspertlərin üzləşdiyi problem ondan ibarətdir ki, eskalasiya risklərini hesablamaq son dərəcə çətindir", - "Defence Priorities" beyin mərkəzinin "Böyük strategiya" proqramının direktoru, Kolumbiya Universitetinin Saltsman adına Müharibə və Sülh Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Racan Menon "The Guardian" üçün yazdığı təhlil yazısında belə deyir.
"Nüvə eskalasiyası sinoptiklərin yağış, ya da tornadolar barədə proqnozları kimi öncədən bilinməz. Anlaşıqlı dillə desək, dəyərləndirmələr aparmağın, yaxud onları əsaslandıra biləcəyimiz tutarlı dəlillər toplamağın güvənli proseduru yoxdur... Bu üzdən, Rusiyanın [nüvə] eskalasiyasını müəyyənləşdirməyə çalışan təhlilçi və şərhçilər özlərini Putinin yerinə qoyaraq dünyaya və Ukrayna savaşına daha balaca bucaqdan baxmağa çalışırlar. Onlar Putinin müharibəni belə gördüyünü təsəvvürlərinə gətirirlər, ancaq yenə də Putinin baxışlarını rekonstruksiya etmək cəhdlərinin onun gerçək qavrayışına uyğun gəlib-gəlmədiyinə əmin ola bilmirlər", - Menonun məsələyə baxışıdır. Onun sözlərinə görə, döyüş meydanındakı durum, bu durumda yaranan dəyişikliklər, o sıradan Ukraynanın Qərb müttəfiqlərinin siyasətindəki sürüşmələr mütləq nəzərə alınmalıdır.
"Hətta bu problem hansı yollasa aradan qaldırılsaydı da, başqa bir problem də var. Putinin baxışları daşa həkk olunmayıb (heç bir liderin baxışları daşa həkk edilməyib) və savaşın gedişinin, qələbə qazanmağa gərəkli şeylərin yenidən dəyərləndirilməsi ilə tezcə dəyişə bilər. Kənar müşahidəçilərin eskalasiya ilə bağlı qənaətlərində tutarlı dəlil fundamenti çatışmır. Onlar, sadəcə, Putin və çevrəsindəkilərin məsələ barədə dediklərinə baxırlar. Bəli, Rusiyanın nüvə doktrinasını ən son variantını (2020-ci ildəki) təhlil etmək köməyə gələ bilər. Ancaq Rusiya liderlərinin ssenaridən kənara çıxmasının qarşısını heç nə almır. Bundan başqa, o sənəd Rusiya üzərinə nüvə hücumu və ya onun mövcudluğuna təhdid kimi şərtlər qoyur. Bunlar Ukrayna savaşı bağlamında uyğun gəlmir.
Moskvanın iç çevrələrindən gələn açıqlamaların dəyərini ölçməyin də güvənli yolu yoxdur. Bu açıqlamalar Kremlin gerçək inanclarını göstərən güvənli qaynaqlar sayıla və, deməli, Putinin əslində nə edə biləcəyini proqnozlaşdırmaq üçün faydalı ola bilərmi? Yoxsa onlar Qərbi qorxutmaq, onun Ukraynanın …silahlardan istifadəsi ilə bağlı siyasətinə təsir göstərmək üçün nəzərdə tutulan informasiya savaşının bir hissəsidir?
Putinin, onun xarici siyasət və milli güvənlik komandasının qapalı qapılar arxasında nələri dartışdığını bilmədiyimizdən onların ictimai bəyanatlarının ciddi qəbul ediləsi xəbərdarlıqlar, yaxud önəmsiz sayacağımız təhdid taktikaları olduğunu bilməyimiz də mümkün deyil. Nəticə? Bəzi ekspertlər Rusiyanın nüvə eskalasiyası hədələrinin artmasını qorxutma cəhdlərinə aid edir, bəziləri isə onlardan rahatsızlaşır.
Eskalasiya problemini düşünərkən, Putinin nüvə silahlarından necə və harada yararlanacağını təsəvvürə gətirməkdə yarar var. Əlbəttə, o bu silahları ABŞ və Avropanın üzərinə yağdırmayacaq. Bu, intihar demək olardı. Bəlkə, o, Ukraynaya hücum edəcək, ancaq bundan ötrü Rusiya qoşunlarının çox olmadığı yer tapmalıdır ki, onları da …öldürməsin. O, cəbhə xətlərindən uzaqda olan qərbi Ukraynanı seçə bilər, ancaq oraya da göz qorxutmaq üçün nüvə zərbəsi endirmək çoxlu insanı öldürə, dünya ictimaiyyətini sarsıda və hətta NATO-nu cavab verməyə təhrik edə bilər.
Bunlardan başqa, Putinin qlobal cənuba və ona rəğbət bəsləyən qərblilərə Ukrayna müharibəsi ilə bağlı mesajı Qərbi Rusiyanın güvənliyinə, özəlliklə Kiyevin NATO-ya üzv olmağa çalışması və Qərblə hərbi əlaqələrinin artması ilə bağlı Rusiyanın legitim narahatlığına biganə qüvvə kimi göstərir. Nüvə silahlarından istifadə dostlar qazanmaq və insanlara təsir etmək üçün pis üsul olardı.
Bundan da önəmlisi, Pekinlə Moskva arasında "limitsiz dostluq" olsa da, Prezident Si Cinpin Ukraynada nüvə silahlarından istifadəyə qarşı olduğunu aydın ifadə edib", - müəllif belə yazır.//AzadlıqRadiosu
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ