İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan bazarında Azərbaycan məhsulları - Hansı mallar satıla bilər?

Ermənistan iqtisadiyyat naziri Gevork Papoyanın son açıqlaması diqqət çəkib. Nazir ilk dəfə açıq şəkildə bildirib ki, Ermənistan Azərbaycandan mal idxalında maraqlıdır və bu istiqamətdə praktiki addımlar atmaq niyyətindədir.

Papoyan iki ölkə arasında iqtisadi əlaqələrin perspektivlərini dəyərləndirərkən bildirib ki, Ermənistan və Azərbaycan bir-birini tamamlayan iqtisadi sistemlərə malikdir. Onun sözlərinə görə, hazırda Azərbaycanın ixrac etdiyi bir çox məhsullar, xüsusilə sənaye, tikinti materialları, kənd təsərrüfatı malları və enerji ilə bağlı komponentlər Ermənistanın idxal bazarında ciddi tələbat duyulan kateqoriyalardandır. Bu baxımdan, iki ölkə arasında qarşılıqlı faydalı ticarət əlaqələrinin qurulması hər iki tərəf üçün iqtisadi səmərə gətirə bilər.

Nazir əlavə edib ki, bu mövzuya elmi əsasla yanaşmaq məqsədilə o, həmkarı ilə birlikdə Azərbaycan-Ermənistan ticarət perspektivləri mövzusunda məqalə hazırlayıb. Sənəd yaxın vaxtlarda beynəlxalq elmi jurnallardan birində dərc olunacaq. Papoyan vurğulayıb ki, aparılan təhlillər göstərir: “Azərbaycanın ixracının əhəmiyyətli hissəsi Ermənistanın idxal tələbatına uyğun gəlir və əksinə. Yəni biz bir-birimizə çoxlu mal sata bilərik”.

Papoyan həmçinin Ermənistanın Türkiyə ilə ticarət əlaqələrinin də genişlənməkdə olduğunu qeyd edib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri ildə 750-800 milyon ABŞ dollarına qədər arta bilər.

Bəs Ermənistan Azərbaycandan nə ala bilər və Azərbaycan bazarlarında hansı erməni məhsulları satıla bilər?

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb.

İqtisadçı qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətlərinin tam şəkildə bərpası üçün hələlik tranzit əlaqələrinin bərpa olunması mümkündür:

"İlkin olaraq, Qazaxıstandan Azərbaycan üzərindən Ermənistana taxılın yönəldilməsi prosesi başlanıb. Tranzit daha tez, necə deyərlər, fəaliyyətə başlayacaq, amma mal və məhsulların satılması üçün qarşılıqlı şəkildə münasibətlərin normallaşması lazımdır. Yəni, ticarət nümayəndəlikləri heç olmasa açılmalıdır, bir-birimizin sənədlərimizi tanımalı, müqavilələrimizi qəbul etməliyik. Bunun üçün diplomatik əlaqələr qurulmalıdır. Yəni, bu bir az zaman tələb edir.
Buna baxmayaraq, hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında kifayət qədər ticarət əlaqələri mövcud ola bilər".

İqtisadçı qeyd edib ki, Ermənistan Azərbaycandan təbii qaz və neft məhsulları ala bilər:

"Bu, onların üçün çox böyük ehtiyacdır; ciddi asılılığı həm Rusiyadan, həm də İrandan gəlir. Bu asılılığı azaltmaq üçün Azərbaycan burada mühüm rol oynaya bilər.

Bundan başqa, kənd təsərrüfatı məhsullarının da Azərbaycanın Ermənistana ixracı mümkündür. Məlumdur ki, Ermənistan əsasən dağ rayonlarından Gürcistana gəlib, Azərbaycanların yaşadığı Marneuli, Bolnisi rayonlarından meyvə və tərəvəz alıb aparır. Yəni, böyük ölçüdə, hələ torpaqlarımız işğal altında olan vaxtda belə bu əlaqələr mövcud idi. Kartof, soğan, meyvə və digər məhsullar Ermənistanda ciddi ehtiyac doğurur.

Eyni zamanda, məsələn, çay, balıqlar və göl balıqları da Ermənistanın ixrac potensialına malikdir. Yəni, bütün bu ərzaq məhsulları, enerji daşıyıcıları və digər məhsullarla Azərbaycan-Ermənistan arasında əlaqələr mövcud ola bilər. Ən vacibi odur ki, mexanizm yaradılsın və hər iki tərəfin iş adamları, bəlkə də bizim ağlımıza gəlməyən iqtisadi münasibətləri qura bilsin, müqavilələr bağlaya bilsinlər".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

29 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR