İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistandakı hərbi bazasına yeni qüvvələr gətirir

Kremlin Gümrüdə ordunun şəxsi heyətini artırması böyük planından xəbər verir

Rusiya Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır. Bu barədə Ukrayna mətbuatı ölkənin hərbi kəşfiyyatına istinadən məlumat yayıb. Bildirilib ki, burada məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır.

Qeyd edək ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995 -ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb.

Bundan əvvəl mətbuatda Ermənistan hakimiyyətinin bazanı bağlamağı planlaşdırdığı barədə xəbərlər yayılıb. Lakin rəsmi İrəvan informasiyaları təkzib edib. Təbii ki, Ermənistan hakimiyyəti Gümrüdə bazasının bağlanmasını istərdi, amma hələlik geosiyasi reallıqlarda mümkün görünmür.

Hazırda Paşinyan iqtidarı Rusiyadan ona olan siyasi təhlükələri dəf etməkdədir: kilsə və revanşist qüvvələrin müqavimətini qırır. Həmçinin Rusiya vətəndaşı olan oliqarx Samvel Karapetyanın həbsi gərginliyə səbəb olub və İrəvanda ötən həftə aksiya da keçirilib.

Belə vaxtda, yəni Ermənistanda dövlət çevrilişinə cəhdlərin qarşısının alındığı zamanda Rusiyanın Gümrü bazasında şəxsi heyətin sayını artırmasının səbəbi nə ola bilər? Bu, Ermənistanda yeni kataklizmə hazırlıq və Paşinyanın hərbi yolla devrilməsi üçün rezerv yığmaq cəhdi sayıla bilərmi? Üstəlik, Ukrayna cəbhəsində canlı qüvvəyə ehtiyacı olan Rusiyanın Ermənistanda şəxsi heyəti artırması olduqca təəccüblüdür.

Medianın üz qaraldan “sarı”lığı | Polkovnik Rövşən Məhərrəmovun yazısı

Rövşən Məhərrəmov

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, son dövrlər, ümumiyyətlə, Cənubi Qafqaz respublikaları ilə Rusiya arasında heç bir zaman olmadığı qədər gərginlik var: “İlk gərginlik məhz Ermənistandan başladı. Rusiya indiyə qədər bir neçə dəfə Nikol Paşinyan hakimiyyətini dəyişmək üçün öz adamını Ermənistana göndərib. Maraqlıdır ki, Moskva erməni milyarderləri bu işə cəlb edir. Ruben Vardanyanı göndərdilər Ermənistana, lakin istədikləri nəticəyə nail ola bilmədilər. Paşinyan Vardanyan projesinin uğur gətirməsinin qarşısını almağı bacardı. Vardanyan üz tutdu o dövrdə erməni quldurlarının əlində olan Qarabağa. Məqsəd Qarabağdan revanş götürüb Ermənistanda hakimiyyətə sahiblənmək idi. Azərbaycanın 44 günlük müharibədə qələbəsi və 2023-cü ilin sentyabrında 1 günlük antiterror əməliyyatı Vardanyan projesinin tamamilə dəfni ilə nəticələndi. Ruben Vardanyan bu gün etdikləri cinayətlərə görə Azərbaycan məhkəməsi qarşısında cavab verir.

Bir ara isə cinayətkar Robert Köçəryan-Serj Sərkisyan cütlüyünün rəhbərlik etdiyi klan hərəkətə gətirildi. Mitinqlər keçirdilər. Ancaq xalq onlara dəstək vermədiyindən fiaskoya uğradı.

Sonra Rusiya keşiş Baqrat Qalstanyan projesini ortaya atdı. Dindarların, kilsənin əli ilə hakimiyyəti devirməyə çalışdı.  Baqratla bu işin olmayacağını görüb əhatə dairəsini böyütdülər və Eçimədzin kilsəsini, keşiş ikinci Qaregini çevriliş senarisində önə çıxardılar. Nikol Paşinyan Baqaratı həbs etdirdi. Keşiş Qaregin və ətrafını isə küncə sıxışdıra bildi. Bu dəfə Rusiya erməni əsilli Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyanı Ermənistanda hakimiyyəti ələ keçirmək üçün ezam etdi. Paşinyanın cavab addımı dərhal və sərt oldu. Samvel Karapetyana cinayət işi açıldı və onu həbs etdilər. Bundan sonra həbs dalğası genişləndirildi. Beləliklə, Rusiyada əminlik yaranıb ki, taktika özünü doğrulda bilmir. İrəli sürdükləri milyarderlər, onlara casusluq edən siyasətçilər və keşişlər, həmçinin nüfuzu olmayan Qarabağ klanı kartı işləmədi. Ona görə də Rusiya ənənəvi hərbi güc yoluna keçmək fikrinə düşdüyünü Gümrüdəki hərbçilərinin sayını artırmaq istəməsi ilə ortaya qoyur".

Ekspert qeyd etdi ki, Ukrayna ilə müharibədə ordusunun şəxsi heyətinə hər keçən gün daha çox əsgər lazım olan Rusiya Ermənistandakı hərbçilərinin sayını artırırsa, bunun arxasında böyük planın olduğundan xəbər verir: “Ermənistanda qəfildən rus hərbi qüvvələrinin güc yolu ilə hakimiyyəti dəyişməyə cəhd göstərəcəyi istisna deyil. Rusiya hesab edir ki, Ermənistanı tamamilə itirməmək üçün 102-ci hərbi bazanın gücündən istifadə etmək lazım olacaq. Ona görə də Krımdan və Rostovdan Ermənistandakı 102-ci hərbi bazaya yeni qüvvələr gətirilir. Ukrayna kəşfiyyatının əldə etdiyi xəbər boşuna deyil”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR