İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ermənistanda niyə yeni "hərbi-siyasi baza" yaradır: İrəvan Kremllə gizli anlaşmayıbsa, çevriliş planı işə salınıb

Erməni separatizminin "xaç atası"nın məhz Rusiya olduğu, erməni separatçıların mütləq əksəriyyətinin agent kimi rus kəşfiyyatına xidmət etdikləri qətiyyən şübhə doğurmur... Rusiyanın maraqlarını böyük risk altına atmış Paşinyan hakimiyyətinə qarşı Ermənistanın daxilində "paralel hakimiyyət" modelində təşkilatlanmış yeni hərbi-siyasi zərbə qüvvəsi formalaşdırılır...

Ermənistanda daxili siyasi böhran yaranmağa başlayıb. Rəsmi İrəvan indiyə qədər heç vaxt üzləşmədiyi yeni situasiya ilə qarşı-qarşıya qalmış kimi görünür. Hələlik Paşinyan hakimiyyətinin konkret reaksiya modeli mövcud deyil. Halbuki, rəsmi İrəvan istənilən halda, yaranmaqda olan daxili təhlükəni dəf etməyin yollarını axtarmaq məcburiyyətində qala bilər.

Məsələ ondadır ki, Azərbaycanın Qarabağ iqtisadi regionunda onilliklər boyu mövcud olmuş erməni separatizmi indi Ermənistan ərazisinə transformasiya olunmaq üzrədir. İlk baxışdan erməni separatzmi Ermənistan üçün təhlükəli faktor kimi görünməyə də bilər. Ancaq bəzi önəmli məqamlara diqqət etdikdə bu, Ermənistan hakimiyyəti üçün real daxili qarşıdurmalar, kəskin toqquşmalar və siyasi-ictimai xaos vəd edir.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti yaxınlaşan siyasi böhranın hətta ilkin əlamətlərindən belə, ciddi şəkildə narahat olmuş kimi görünür. Belə ki, Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyət göstərmiş, "boz zona"nın ləğvindən sonra qaçıb, Ermənistana yerləşmiş erməni separatçılar yenidən baş qaldırmağa başlayıblar. Belə ki, erməni separatçıların sonuncu rəhbəri Samvel Şahramanyan "separatçı rejim"in ləğvi barədə imzaladığı barədə"sənəd"lə bağlı qalmaqallı addım atıb. O, özünün təsdiqlədiyi "sənəd"in ləğvi barədə yeni "fərman" imzalayıb.

d491ec7e79a11cfca5fddec9a09b80d7.jpg (242 KB)

Təbii ki, erməni separatçılar bu addımı "artsax"ın mövcudluğunu beynəlxalq məkanda qabartmaq üçün atdıqlarını iddia edirlər. Üstəlik, Azərbaycanın bundan narahat olacağını da vurğulayırlar. Halbuki, bu, müəyyən mənada, atılan addımın arxasında gizlənən daha fərqli məqamları gizlətmək məqsədi güdür. Və nəticədə erməni separatizminin artıq yalnız Azərbaycana qarşı deyil, elə Ermənistana yönəlik məkrli oyunların aləti olduğunu təsdiqləyir.

Məsələ ondadır ki, Ermənistanda "separatçı rejim"in fəaliyyətdə olması Azərbaycana elə bir təhdid faktoru sayıla bilməz. Çünki "boz zona" mövcud olduğu dövrdə "separatçı rejim" beynəlxalq ictimaiyyət, hətta onu himayə edib, maliyyələşdirən Ermənistan tərəfindən belə, tanınmanışdı. Bu baxımdan, "separatçı rejim"in ləğvi barədə "sənəd" Azərbaycan üçün heç bir siyasi-hüquqi əhəmiyyət daşımırdı.

Yəni, beynəlxalq hüquqa görə, mövcud olmayan hansısa "qurum"un ləğvindən danışmaq məntiqsizdir. Üstəlik, indi onun "fəaliyyətinin davam edəcəyi" barədə "sənəd" də absurd erməni məntiqinin məhsulundan başqa bir şey deyil. Və Azərbaycan üçün bu, heç nəyi dəyişmir, ümumiyyətlə, əhəmiyyət daşımır.

Ona görə də, bundan rəsmi Bakının deyil, məhz Paşinyan hakimiyyətinin narahat olması qətiyyən təəccüblü görünmür. Bir müddət öncə bu istiqamətdə cəhdlər edilərkən, rəsmi İrəvan Ermənistan ərazisində "separatçı rejim"in fəaliyyətinə icazə verməyəcəyini qabartmaqdı. Hətta parlamentin spikeri Alen Simonyan hüquqi cəhətdən Ermənistana aidiyyəti olmayan "dövlət strukturları"nın ölkə ərazisində mövcudluğunun yolverilməz olduğunu da vurğulamışdı. Və belə cəhdlərin Ermənistana qarşı hərbi təhdidlərə, hətta savaşa belə, legitim səbəblər verə biləcəyini demişdi.

1002537.jpg (103 KB)

Digər tərəfdən, Paşinyan hakimiyyətinə yaxın erməni politoloqlar Qarabağdan qaçıb, gələn separatçıların "rejimi" qorumaq niyyətini Ermənistanda "paralel dövlət" qurmaq cəhdi kimi dəyərləndirmişdilər. Onlara bu niyyətlərini reallaşdırmaq üçün əvvəlcə Qarabağa dönməyi məsləhət görmüşdülər. Və üstüörtülü şəkildə bu prosesin arxasında Cənubi Qafqazda geopolitik maraqları olan bir dövlətin olduğuna eyham vuraraq, Rusiyaya işarə etmişdilər.

Ancaq indi situasiya əvvəlki ilə müqayisədə daha da ciddiləşib. Hər halda, erməni separatçılar rəsmi İrəvanın və Paşinyan hakimiyyətinin xəbərdarlıq mesajlarına ümumiyyətlə, əhəmiyyət verməyiblər. Ermənistan ərazisində "paralel dövlət" faktoru artıq reallığa çevrilmək üzrədir. Bu isə o deməkdir ki, tezliklə Ermənistanda Paşinyan hakimiyyəti və erməni separatçılar arasında qarşıdurma, ölkədaxili siyasi-ictimai böhran artıq qaçılmaz xarakter daşıyır. Və bunun ilkin əlamətləri də özünü o qədər də gözlətməyib.

Maraqlıdır ki, rəsmi İrəvan erməni separatçıların davranışlarına Paşinyan hakimiyyətinə yaxın deputat Artur Ovannisyanın diliylə reaksiya verib. Erməni deputat deyib ki, Samvel Şahramanyan kimdir, İrəvanda "fərman" imzalayır? Onun fikrincə, İrəvanda və Ermənistanda yalnız Ermənistan Respublikasının qanuni rəhbərliyinin fərman və qərarları hüquqi qüvvəyə malikdir.

Erməni deputat vurğulayıb ki, Ermənistanda hakimiyyət xalqa məxsusdur, xalq öz legitim parlamentini, baş nazirini seçib, təsisatları formalaşdırıb: "Ermənistanda yalnız bir hakimiyyət var və bu, Ermənistanın qanuni hakimiyyətidir. Buna qarşı çıxmaq cəhdləri isə birmənalı şəkildə dövlətə qarşı fəaliyyət kimi qiymətləndiriləcək, qanundankənar hesab olunacaq. Belə cəhdlər qanundankənar edilməklə yanaşı, həm də dövlətin ən sərt reaksiyası ilə üzləşəcək".

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Artur Ovannisyan sonda Ermənistana qarşı oyunların qurulduğuna da eyham vurub, buna alət olanları açıq mətnlə təhdid edib. Onun fikrincə, rəsmi İrəvan Ermənistanı yeni hərbi təxribata cəlb etməyə çalışanların bütün planlarını alt-üst etməyə nail olacaq. Erməni deputat əmindir ki, bu planların Ermənistandakı müəllifləri və iştirakçıları ciddi şəkildə cəzalandırılacaq.

Göründüyü kimi, Ermənistanda olduqca maraqlı və təhlükəli proses başlayıb. İndiki vəziyyətdə bu proseslə bağlı əsasən iki variantın ola biləcəyi istisna deyil. Birinci variant ondan ibarətdir ki, bu proses məhz Paşinyan hakimiyyəti tərəfindən də sanksiyalaşdırılmış ola bilər. Bu halda, rəsmi İrəvanın və Paşinyan hakimiyyətinə yaxın siyasi dairələrin sərt reaksiyasına sadəcə, bu sanksiyalaçdırmanı ört-basdır etmək cəhdi kimi də yanaşmaq olar. Və bu, istənilən halda, Paşinyan hakimiyyətinə müəyyən risklər vəd edir.

Belə ki, erməni separatçıların "rejim" oyunu mütləq surətdə ikinci variantı da ön plana çıxır. Hər halda, erməni separatizminin ideya müəllifinin məhz Rusiya olduğunu qətiyyən unutmaq olmaz. Üstəlik, erməni separatçıların mütləq əksəriyyətinin Rusiya kəşfiyyatının agenti olduğu da heç kəsə sirr deyil. Yəni, Kreml erməni separatçılardan Paşinyan hakimiyyətinə qarşı həmişə istifadə edə bilər. Və bu proses əgər, Paşinyan hakimiyyəti tərəfindən başladılıbsa, deməli, ya rəsmi İrəvan tezliklə Rusiyanın patronajlığı altına qayıtmaq barədə Kremllə gizli şəkildə anlaşıb. Ya da Azərbaycana qarşı revanş planları quran Paşinyan hakimiyyəti könüllü şəkildə özünə daxili düşmən hazırlayır.

İkinci variantın rəsmi İrəvandan kənar modeli isə onun məhz Kreml tərəfindən hazırlanmış ola biləcəyi ilə birbaşa bağlıdır. Belə ki, Rusiyanın maraqlarını böyük risk altına atmış Paşinyan hakimiyyətinə qarşı Kreml Ermənistanın daxilində yeni təşkilatlanmış siyasi qüvvə formalaşdırır. Bu, hələlik Ermənistanda "paralel dövlət" və ya "paralel hakimiyyət" modeli kimi görünsə də, yaxın gələcəkdə dövlət çevrilişi üçün yeni "hərbi-siyasi baza" yaradılması kimi də dəyərləndirilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR