Onlayn ictimai-siyasi qəzet
Rusiya yeni və ciddi problemlə qarşı-qarşıya qalıb. Kremlin başı indi daha çox Ukrayna savaşına qarışıb. Ancaq ABŞ və Qərb buna paralel olaraq, Rusiya üçün növbəti qarşıdurma məkanını açmaq üzrədir. Hər halda, Qərbin Ermənistan üzərindən Kremlə qarşı yeni hərbi-siyasi qarşıdurma cəbhəsi yaratdığı artıq qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Rusiyanın hazırda "erməni böhranı" ilə vurulmaqda olduğu inkaredilməz reallıqdır.
Rusiya siyasi dairələri müəyyən mənada, çaşqın vəziyyətə düşdüklərini də gizlətməkdə çətinlik çəkirlər. Çünki Ermənistanın Rusiyaya xəyanət edərək, ABŞ və Qərbə sığınmağa can atması indiyə qədər Kremldə maksimum səviyyədə təmkinlə qarşılanırdı. Ancaq rəsmi İrəvanın bu qədər irəli gedərək, Rusiyanın bütün "qırmızı cizgilər"ini tapdalamağa cəsarət edəcəyinə ehtimal verilmirdi. Və bu səbəbdən də, rəsmi İrəvanın Rusiyaya qarşı son demarşı müəyyən mənada, yeni situasiya yaradıb.
Məsələ ondadır ki, Rusiya Ukrayna savaşının ən taleyüklü mərhələsində "erməni böhranı" ilə növbəti sınağa çəkilir. Kremldə Ermənistan baş naziri Nikol Paşinyanın "Ukrayna savaşında Rusiyanın müttəfiqi deyilik" bəyanatına cəsarəti haradan aldığını hələlik tam müəyyən edə bilməyiblər. Rusiya siyasi dairələri hələlik erməni baş nazirin Fransa prezidenti Emmanuel Makrondan hansı təhlükəsizlik təminatı ala biləcəyi üzərində baş sındırırlar. Çünki Kremldə tamamilə əmindirlər ki, Fransa Ermənistanın təhlükəsizliyinə təminat vermək imkanından çox-çox uzaqdır.
Bu baxımdan, əsas qənaətlər ondan ibarətdir ki, rəsmi Paris böyük ehtimalla Ermənistanın deyil, məhz baş nazir Nikol Paşinyanın şəxsi təhlükəsizliyinə təminat vermiş ola bilər. Hər halda, Kremldə Rusiyanın Ermənistan üzərində olan çoxsaylı nəzarət mexanizmlərinin təsir dairəsini tam dəqiqliyi ilə bilirlər. Erməni baş nazirin isə bütün bunları nəzərə almadan üstəlik, Ermənistanın KTMT-da iştirakının dondurulduğunu da bəyan etməsi ümumiyyətlə, Rusiyanın nüfuzuna sarsıdıcı zərbə hesab oluna bilər.
İndi Kreml erməni baş nazirin son açıqlamalarına rəsmi İrəvandan izahat gözləyir. Halbuki, belə bir izahatın verilmə ehtimalı da qətiyyən inandırıcı görünmür. Çünki rəsmi İrəvan Rusiya ilə münasibətləri normallaşdırmaq deyil, məhz əlaqələrin qoparılması istiqamətində addımlar atmağa üstünlük verir. Və bütün bunlar onu göstərir ki, Rusiya-Ermənistan qarşıdurmasının nizamlanma deyil, daha da qəlizləşmə istiqamətində inkişaf edə biləcəyi şübhə doğurmur.
Düzdür, Kreml və KTMT təmsilçiləri hələlik Ermənistandan rəsmi müraciət almadıqları ilə bağlı bəyanatlarla özlərinə təskinlik verməyə çalışırlar. Halbuki, baş nazir Nikol Paşinyanın Ukrayna savaşı ilə bağlı dedikləri əslində, Ermənistanın Rusiyanın deyil, qarşı tərəfin - ABŞ və Qərbin müttəfiqi olduğunun rəsmən elan edilməsi anlamı daşıyır. Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistan olmadan KTMT-nın çöküb dağılmayacağını bəyan etməsi isə Kremlin nüfuzuna vurulmuş sarsıdıcı zərbə baxımından, demək olar ki, heç nəyi dəyişmir.
Onu da nəzərə almaq lazımdır ki, baş nazir Nikol Paşinyanın Kremlə Paris zərbələrindən dərhal sonra Ermənistanda Rusiyaya qarşı siyasi-ideoloji hücumlar daha da intensivləşib. Paşinyan hakimiyyətinə yaxın erməni siyasi dairələr Rusiyanı açıq mətnlə təhqir etməkdən çəkinmirlər. Onlar Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının baş qərargahı qarşısında toplaşaraq, "Rusiya işğalmıdır, Ermənistandan rədd olun" şüaları ilə Kremlə birbaşa meydan oxuyublar.
Maraqlıdır ki, Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinin bu davranışlarına mütləq cavab veriləcəyinə eyham vurmağa başlayıblar. Onlar hesab edirlər ki, Ermənistan Kremlə xəyanətin ardınca, indi də Rusiyanın hərbi-siyasi qürurunu tapdalayır. Rus politoloq Vitaliy Arkov vurğulayıb ki, baş nazir Nikol Paşinyan və onun siyasi dəstəsi Rusiyanın nəzərində satqındırlar: "Kremlin bütün bu baş verənlərə mütləq cavab reaksiyası olacaq. Ancaq Rusiyanın cavab zərbəsi Ermənistan üçün həm sarsıdıcı, həm də gözləmədiyi istiqamətdən vurulacaq".
Digər rus politoloq Kiril Sitnikov isə Ermənistanı Rusiyaya qarşı xəyanətdə və nankorluqda suçlayıb. Onun fikrincə, ermənilərin rus əsgərlərini işğalçı adlandırıb, təhqir etmələrinə tarixi xatırlatmaqla, cavab verib: "Ermənistanın indiki ərazisinə erməniləri məhv rus əsgərləri gətirib, yerləşdiriblər. Üstəlik, rus əsgərləri onilliklər boyu ermənilərin bu ərazilərdə təhlükəsizliyinin yeganə təminatçısı da olublar. İndi Rusiya bu təhlükəsizlik təminatçısı rolundan imtina da edə bilər".
Rus politoloqun fikrincə, rəsmi İrəvan Rusiyaya qarşı ittihamlar irəli sürmək əvəzinə məhz bu barədə daha ciddi düşünməlidir. Çünki Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verməkdən imtina edərsə, bu "qədim xalq" - ermənilər gedəcək yer tapa bilməyəcəklər: "Tarixçilər hətta ermənilərin "qədim vətəni"nin harada olduğu barədə təxmini də olsa, heç bir məlumat verə bilmirlər. Çünki ermənilərin hansısa vətəni olmayıb, onlar həmişə, hər yerdən qovulmağa vərdişlidirlər".
Belə anlaşılır ki, Rusiya siyasi dairələri hazırda erməniləri Cənubi Qafqaza köçürülməsindən və onları daim himayə etmələrindən artıq peşman olmağa başlayıblar. Yəni, Kremlin Ermənistana yönəlik siyasi-ideoloji mövqeyinin dəyişmə ehtimalı açıq-aşkar müşahidə olunur. Bəzi erməni politoloqlar Rusiya siyasi dairələrində ön plana keçməkdə olan bu neqativ əhval-ruhiyyədən narahat olduqlarını qətiyyən gizlətmirlər. Və bunun Ermənistana olduqca baha başa gələ biləcəyini düşünürlər.
Erməni politoloq Qrant Mikaelyan İrəvan-Kreml qarşıdurmasının tezliklə real nəticələrinin ola biləcəyini vurğulayıb. Onun fikrincə, Paşinyan hakimiyyəti Rusiyadan xırda addımlar ilə uzaqlaşmağa çalışsa da, Kremlin reaksiyası Ermənistan üçün faciəvi xarakter daşıya bilər: "Yəqin ki, müəyyən müddətdən sonra rəsmi İrəvan KTMT-nın tərk edilməsi, Rusiya ilə ikitərəfli hərbi müttəfiqliyin pozulması, rus bazalarının çıxarılması və s. bu kimi məsələləri gündəmə gətirməyə çalışacaq. Rusiyanın təhlükəsizlik təminatını Fransanın himayəsi ilə əvəzləməyə cəhd göstərirlər. Ancaq unudurlar ki, Fransanın Ermənistanı qorumaq üçün potensialı mövcud deyil".
Erməni politoloq hesab edir ki, Ermənistanın Rusiya ilə münasibətləri gərginləşməkdə davam etdikcə, Azərbaycanın sülh sazişini imzalamaq həvəsi də zəifləyəcək. Onun fikrincə, İrəvan-Kreml qarşıdurmasının başlanğıcında Rusiya regional proseslərə neytral mövqedən yanaşmağa üstünlük verirdi, indi isə Azərbaycana daha çox yaxınlaşmağa başlayıb: "Əgər, Kreml Azərbaycanı dəstəkləmək barədə qəti qərar verərsə, bu, Ermənistanın sonunu gətirə biləcək fəlakət olacaq. Hər halda, Paşinyan hakimiyyəti anlamalıdır ki, Rusiyanın reaksiyası bir qədər sonra mütləq olacaq və sarsıdıcı xarakter daşıyacaq".
Göründüyü kimi, rəsmi İrəvan hazırda böyük riskə gedir. Hətta ermənilər belə, anlayırlar ki, Rusiya Paşinyan hakimiyyətinin davranışlarını cavabsız buraxmayacaq. Kremlin reaksiyası hətta Ermənistan dövlətçiliyinin ləğvi ilə də nəticələnə bilər. Hələlik isə Paşinyan hakimiyyətinin heç bir məntiqə sığmayan cəsarətindən çaşqınlıq keçirən Rusiya siyasi dairələri Ermənistanın gələcək taleyi barədə hansı qərarların qəbul edilməsinin daha doğru olacağını dəqiqləşdirməklə məşğuldurlar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ