İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Dövlət Dumasından miqrantlarla bağlı SƏRT QƏRARLAR- İstədikləri vaxt ölkədən çıxaracaqlar  

Rusiya Dövlət Duması 2025-ci ilin iyulunda bir sıra qanunvericilik dəyişiklikləri ilə çıxış edib.

Musavat.com xəbər verir ki, dəyişikliklər həm informasiya texnologiyaları sahəsini, həm də vətəndaşlıqla bağlı hüquqi məsələləri əhatə edir. Qəbul edilən düzəlişlər ölkə daxilində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi və informasiya axınının daha ciddi nəzarətə götürülməsini nəzərdə tutur.

Ekstremist materiallara və VPN istifadəsinə görə cərimələr

Dövlət Duması internetdə ekstremist materialların axtarışı və onlara giriş əldə edilməsinə görə beş min rubla qədər cərimə nəzərdə tutan düzəlişi qəbul edib. Eyni zamanda VPN reklamlarının yayılması da cərimə ilə nəticələnəcək — bu məbləğ yarım milyon rubladək yüksəlir.

Daha bir qərara əsasən, abunə nömrələrinin və internet resurslarına giriş məlumatlarının başqa şəxslərə qanunsuz ötürülməsi də maliyyə sanksiyalarına səbəb olacaq. Bu zaman:

  • Nömrənin ötürülməsinə görə – 50 min rubla qədər,
  • İnternetə giriş məlumatlarının ötürülməsinə görə – 200 min rubla qədər cərimə tətbiq ediləcək.

Bundan əlavə, cinayət törədilərkən VPN istifadə olunması artıq ağırlaşdırıcı hal kimi qiymətləndiriləcək.

Cinayət məqsədilə nömrə ötürənlərə 3 il cəza

Yeni qanuna görə, əgər şəxs maddi maraqla və ya cinayət törətmək məqsədilə başqasına telefon nömrəsi ötürərsə, bu zaman 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər. Eyni cəza internet istifadəçilərinin giriş məlumatlarını cinayət niyyəti ilə ötürənlərə də şamil ediləcək.

Rusiya vətəndaşlığından çıxarılma asanlaşır

Rusiya Dövlət Duması həmçinin əldə edilmiş vətəndaşlığın ləğvini asanlaşdıran yeni qanun dəyişikliyi də qəbul edib. Artıq milli təhlükəsizliyə və dövlət maraqlarına qarşı yönəlmiş bir sıra cinayətlər bu səbəbdən vətəndaşlıqdan məhrum edilməyə əsas verəcək.

Yeni əsaslar aşağıdakılardır:

  • Cinsi xarakterli zorakı hərəkətlər
  • Terrorizmin təbliği və ya ona çağırış
  • Rusiya əleyhinə düşmənə yardım
  • Nasist simvollarının təbliği
  • Qeyri-rəsmi beynəlxalq qurumların qərarlarının icrasına yardım
  • Kritik informasiya infrastrukturuna qanunsuz müdaxilə

Əvvəlki qanunvericiliyə əsasən, vətəndaşlıq aşağıdakı hallarda ləğv edilə bilərdi:

  • Rusiya Silahlı Qüvvələrinin nüfuzunun sarsıdılması
  • Ekstremizmə çağırış
  • Dövlət və ictimai xadimlərə sui-qəsd
  • Silahlı üsyanlara rəhbərlik
  • Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış

Hüquqi mübahisələr:

Rusiya Konstitusiyasının 6-cı maddəsinə görə, doğumla vətəndaşlıq əldə edən şəxslər vətəndaşlıqdan məhrum edilə bilməz. Yeni qanun yalnız əldə edilmiş vətəndaşlığa malik şəxsləri əhatə edir. Lakin bu dəyişiklik hüquq müdafiəçiləri və bir sıra ekspertlər tərəfindən Konstitusiyaya zidd kimi qiymətləndirilir.

Qanunların tətbiqinə 2025-ci ilin ikinci yarısında başlanacağı gözlənilir. Müşahidəçilər bu dəyişiklikləri Kreml rəhbərliyinin informasiya və təhlükəsizlik üzərində nəzarəti daha da sərtləşdirmək cəhdi kimi dəyərləndirirlər.

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR