Onlayn ictimai-siyasi qəzet
Kim Çen İnin Kurskdakı ordusu biabırçı vəziyyətdədir və Zelenski döyüşlərdə 3 mindən çox şimali koreyalı öldüyünü açıqlayıb; ruslar bu əraziləri niyə geri qaytara bilmir?
Cənubi Koreya kəşfiyyatı Rusiya tərəfindən Ukraynaya qarşı döyüşən Şimali Koreya əsgərinin əsir götürüldüyünü təsdiqləyib. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Agentlik Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətindən sitat gətirib: “Dost ölkənin kəşfiyyat təşkilatı ilə məlumat mübadiləsi yolu ilə yaralı Şimali Koreya əsgərinin əsir götürülməsi təsdiqləndi”. Mənbə bildirib ki, Şimali Koreya əsgərinin dəqiq harada əsir götürüldüyü barədə hələlik heç bir məlumat yoxdur.
Müharibəni işıqlandıran Ukrayna teleqram kanalları bunun Rusiyanın Kursk vilayətində baş verdiyini bildirir. Dekabrın 26-da axşam saatlarında “Militarny” teleqram kanalı Şimali Koreya əsgərinin fotosunu dərc edib. Şimali koreyalı hərbçilərin Rusiyaya köçürülməsi ilə bağlı xəbərlər 2024-cü ilin oktyabrında ortaya çıxmağa başlayıb. “The Wall Street Journal”ın məlumatına görə, Kursk vilayətindəki Şimali Koreya ordusuna KXDR Baş Qərargah rəisinin müavini, general Kim Yonq Bok komandanlıq edir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kursk vilayətində Rusiya ordusunun tərəfində döyüşən şimali koreyalılar arasında öldürülənlərin sayı 3 mini keçib. Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində həlak olanların fotolarını nümayiş etdirib, onların arasında Şimali Koreya əsgərləri də var.
Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın itkilərini təqribən 1100 nəfər hesab edir. Seul həmçinin bəyan edib ki, Pxenyan Rusiyaya əlavə qoşun göndərməyə və yeni silah tədarüklərinə hazırlaşır. Qeyd edək ki, Şimali Koreya hərbçiləri Kurksda gedən döyüşlərdə iştirak edirlər. Prezident Bayden Kiyevə çağırış edib ki, sərhədi keçən koreyalı hərbçiləri vurun. Hazırda onlar Rusiya ərazisindən kənara çıxmırlar və Donbasda gedən döyüşlərə cəlb olunmayıblar. Moskva və Pxenyan arasında ratifikasiya olunmuş sənədə əsasən, Şimali Koreya Rusiya ərazilərinə hücumun qarşısını almaq üçün ordusunu göndərib. Ümumilikdə isə rus torpaqlarında iki özgə dövlətin - Ukrayna və Şimali Koreyanın hərbçilərinin olduğunu söyləmək mümkündür.
Ukrayna Kursk vilayətinə avqustun 6-dan daxil olub. Vilayətin 100-dən çox yaşayış məntəqəsi nəzarətə götürülüb. Bu aylar ərzində bəzi ərazilər geri qaytarılıb. Lakin 2024 başa çatır və Rusiya hələ də ukraynalı hərbçiləri Kurskdan tamamilə çıxara bilmir. Bu ərazilərdə Ukrayna SQ-nin elit bölmələri, Avropada təlim keçmiş döyüşçüləri iştirak edirlər. Kursk əməliyyatı simvolikdir və İkinci Dünya müharibəsi zamanı da bu torpaqlarda savaş olub. O vaxtdan bəri - son 80-85 il ərzində Rusiya ərazisinə başqa ölkənin əsgərinin çəkməsi daxil olmayıb. İndisə nəinki ukraynalı, koreyalılar da var. Hətta bu dəstək belə Rusiyanın Kurskda işinə kömək edə bilmir və beş aydır ki, bölgənin bir hissəsi Ukrayna ordusunun kontrolu altındadır. Kreml lideri bu əməliyyatı mənasız sayır və hesab edir ki, Ukrayna özünün ən elit bölmələrini bu ərazidə qırdırır. Bəs, bu əraziləri rus-şimali koreyalı hərbçilər nə zaman tam qaytara biləcəklər?
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova Kursk əməliyyatını blitzkriq (ildırımsürətli müharibə - E.S) adlandırır. Təhlilçiyə görə, Rusiyanın reputasiyası ciddi şəkildə zədələnib: “Müharibə bumeranq effekti yaratmaqdadır. Ukraynada başlanan savaş Rusiyada davam edir. Hazırda sərhəd bölgələri - Bryansk, Belqorod, Voronej, Kursk həm raket, həm dron zərbələrinə məruz qalır, eləcə də uzaq Həştərxana, Tverə, Murmanska, Çeçenistana, Rostova dronlarla hücumlar edilir, hərbi obyektlərə, neft və silah anbarlarına zərər vurulur. Eyni zamanda, Moskva belə dron təhlükəsi ilə üzləşir, aeroportlar fəaliyyətini dayandırmalı olurlar. Buna genişmiqyaslı kontur cavablar demək olar. Ukrayna və tərəfdaşları Rusiyada böhran, destabilizasiya yaradırlar. Savaşı Rusiya ərazisinə tranformasiya etməklə istəklərinin bir qisminə nail olublar. Bu, işğal edilmiş torpaqları geri qaytarmağa kömək etmir, lakin Rusiyanın başını qatır, iki cəbhədə döyüşməyə məcbur edir. Kurska əməliyyatı da bunun önəmli mərhələlərindən biridir. Burada siyasi məna böyükdür, nəinki nəticəsi. Yəni Putinin vilayətində başqa əsgərlər var, rus ordusu bacara bilmir. İmic cəhətdən ciddi zərbədir”.
Ekspertə görə, Rusiya iki cəbhədə güc itirir: “Bir yandan Donbasda enerji sərf edir, təchizat ehtiyacları var, digər tərəfdən öz ərazilərini qorumağa məcburdur, dron hücumları intensivləşib. Məncə, gələn il atəşkəsə getmək çətin olacaq. Tramp Rusiyadan hansısa güzəştlər qoparmalıdır ki, Ukrayna da məğlub görünməsin. Hərçənd, Rusiya yerdəki reallıqları qəbul etməyə çağırır. O baxımdan, vəziyyət dalana dirənib. İndisə Bayden Rusiyaya artan hücumlarla son akkordlarını vurmaqdadır. Yeni ildən danışıqlar başlanarsa, Rusiya dərin bir nəfəs almış olacaq. Bu da anqlosaksları qane etmir. Onlar taqətdən düşmüş Rusiya görmək istəyirlər. Bunun üçün də müharibə uzana bilər. Qlobal bir savaşın yekunu təkcə Trampdan asılı deyil”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ