İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Baydeni devirmək üçün ərəblərdən necə istifadə edir

Şahin Cəfərli: “Noyabr seçkilərində respublikaçılar qalib gəlsə belə, Ukraynaya dəstək dayanmayacaq”

Kənan Rövşənoğlu: “Hazırda ABŞ-ın əlində səudilərə qarşı ciddi təzyiq imkanı yoxdur”

G7 ölkələri və Avropa İttifaqı dekabrdan etibarən Rusiya neftinə qiymət tavanı tətbiq etmək ibarədə razılığa gəliblər. Artıq bu məsələ Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi sanksiya paketində də əksini tapıb. Bu addımın əsas məqsədi Rusiyanın böyük gəlirlərdən məhrum edilməsidir. ABŞ-ın maliyyə naziri Canet Yellen Rusiya neftinin hər barelinə tətbiq olunacaq 60 dollarlıq ən yuxarı həddin rəsmi Moskvanın enerji gəlirlərini azaltmaq üçün kifayət edəcəyini açıqlayıb.

Rusiya isə ondan təyin olunacaq tavana uyğun qiymətə neft almaq istəyənlərə neft satışını tamamilə dayandırmaq niyyətindədir. Rusiya Prezidenti Vladimir Putin bu barədə “Rusiya Enerji Həftəsi”ndə çıxışında məlumat verib: "Rusiya sağlam düşüncəyə zidd hərəkət etməyəcək. Neftin qiymətini məhdudlaşdıran ölkələrə enerji resurslarımızı verməyəcəyik. Əgər siz Rusiyadan və ya digər ölkələrdən neftin qiymətini məhdudlaşdırsanız, bu, istər-istəməz bütün enerji sektorunda investisiya mühitini aşağı salacaq. Bunun ardınca enerji resurslarının qıtlığı gələcək. Yaşıl gündəliyin aqressiv təşviqi səbəbindən qlobal neft və qaz sektoruna artıq kifayət qədər sərmayə qoyulmur. Avropa İttifaqı və ABŞ iyirmi aparıcı neft istehsalçısına qarşı sanksiyalar tətbiq edib. Tutaq ki, neftin qiyməti ilə bağlı tavan müəyyən edilib. Bəs tavanın digər sənaye sahələrində tətbiq olunmayacağına zəmanət haradadır? Heç kim belə bir zəmanət verməyəcək. Qərbin ənənələri məhv etmək tarixi var və indi o, azad sahibkarlığı məhv etməklə hədələyir". 

Rusiya Qərbin tavan addımına qarşı ciddi hazırlıqlar görməkdədir. Moskva ərəb dövlətlərini noyabrdan etibarən gündəlik hasilatı 2 milyon barel azaltmağa razılaşdıra bilib. OPEK+ nazirləri bununla bağlı oktyabrın 5-də qərar qəbul ediblər. Bu isə o deməkdir ki, dekabrın əvvəlində qiymət tavanı qüvvəyə minənədək bazarda neft təklifi aşağı düşəcək və Rusiya ixracı azaltdıqda qıtlıq və qiymətlərin sürətli artımı baş verəcək. Bu isə neft istehlakçısı olan Avropa ölkələrində inflyasiyanı sürətləndirməklə sanksiyalardan onların daha böyük əziyyət çəkmələrinə səbəb olacaq. 

Ekspert neft qiymətlərinin hazırkı artımını şərtləndirən faktorları  açıqlayıb | Banco.az

Bundan əlavə, neft qiymətlərinin yüksəlməsi ABŞ-da da inflyasiyaya qarşı addımların təsirini kəskin azalda bilər. Buna görə də Ağ Ev ABŞ prezidenti Cozef Baydenin bu qərardan məyus olduğunu bildirib və ABŞ Dövlət Departamenti təşkilatın hərəkətlərinə cavab verməyə hazırlaşdıqlarını açıqlayıb. Bayden özü isə OPEK+ alyansının aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxılacağını bəyan edib. Vaşinqton OPEC+un noyabr ayından neft hasilatını azaltmaq qərarına lobbiçilik etməkdə Səudiyyə hakimiyyətini günahlandırır, Amerika tərəfinin bunu etməmək çağırışına baxmayaraq, bunu Rusiyaya dəstək kimi görür.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Farhan Baydenin bu açıqlamasından sonra OPEK+ qərarının sırf iqtisadi xarakter daşıdığını bildirib: “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs - red.) razılaşmasında iştirak edən ölkələrin neft hasilatını azaltmaq qərarı sırf iqtisadi xarakter daşıyır və üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib. OPEC+ sazişində iştirak edən ölkələr məsuliyyətlə hərəkət edib, müvafiq qərar qəbul ediblər. OPEC+ qərarı sırf iqtisadi xarakter daşıyır, bu, ölkələr tərəfindən yekdilliklə qəbul edilib. Onlar bazarı sabitləşdirməyə, istehsalçı və istehlakçıların maraqlarını təmin etməyə çalışırlar".

XİN rəhbəri həmçinin qeyd edib ki, Krallığın Vaşinqtonla münasibətləri strateji xarakter daşıyır və regionda təhlükəsizlik və sabitliyin qorunmasına yönəlib: “Ər-Riyad və Vaşinqton arasında hərbi əməkdaşlıq isə hər iki ölkə üçün faydalıdır”.

Qeyd edək ki, OPEK+ qərarına əsasən noyabrın 1-dən Rusiya və Səudiyyə Ərəbistanının  hər birinin gündəlik hasilatı 526 min barel azaldılmaqla 10 milyon 478 min barel təşkil etməlidir. Nəzərə alsaq ki, Rusiyanın kvota üçün baza rolunu oynayan avqust ayında gündəlik neft hasilatı 10 milyon bareldən daha aşağı olub, sentyabrda isə 9,5 milyon barel təşkil edib, bu zaman aydın olur ki, real olaraq hasilatı ərəb dövlətləri azaldacaqlar. Doğrudur, hazırda dünyada iqtisadi resessiya yaşanır və onun ilin sonu, 2023-cü ilin əvvəlində daha da dərinləşəcəyi gözlənilir. Bu isə neftə tələbatın azalmasını şərtləndirir. Lakin OPEK+ hasilatı azaltmaq qərarını icra edərsə, dekabrın əvvəli üçün Rusiyanın əlinə kozır vermiş olacaq. Bu addım həmçinin ABŞ-da hakimiyyətdə olan demokratlar üçün noyabrda keçiriləcək seçkilərdə ciddi çətinliklər yaradır. 

Şeyx “vurulur”?

Tanınmış araşdırmaçı-jurnalist Kənan Rövşənoğlunun fikrincə, hazırda demokratların əlində Səudiyyə Ərəbistanına təzyiq etmək üçün çox böyük rıçaqlar yoxdur: “ABŞ Yəmən müharibəsindən çəkilib, bu istiqamətdə təzyiq riçaqları qalmayıb. Səudiyyə Ərəbistanının İsraillə gərginliyi yoxdur, İranla da İraqın vasitəçiliyi ilə danışıqlar aparır, müharibə riski yoxdur. ABŞ yalnız silah satışını dayandıra bilər. O da Amerika üçün ağır nəticələrə səbəb ola bilər. Çünki Amerika silah sənayesini ayaqda tutan ərəb pullaridir”. 

Müsahibimiz hesab edir ki, Bayden ikinci müddətə seçilərsə o zaman müəyyən təzyiqlər ola bilər: “Bu da münasibətləri daha da pisləşdirər. Bundan qazanan Çin olacaq. Çünki Çin son illərdə Səudiyyə Ərəbistanı ilə çox yaxınlaşıb. İkincinin ABŞ-dan uzaqlaşması Çin üçün əlverişli şərtlər formalaşdıracaq”.

Şahin Cəfərli: “Azərbaycan prezidenti daha inamlı görünürdü”

Politoloq Şahin Cəfərli bildirir ki, noyabrın 8-də keçiriləcək seçkilərdə Nümayəndələr Palatasındakı bütün yerlər, Senatın isə üçdə biri (35 yer) uğrunda mübarizə gedəcək: “Son rəy sorğularına əsasən respublikaçılar Nümayəndələr Palatasına nəzarəti təmin etməyə yaxındır. Ölkədə yüksək enerji qiymətləri, inflyasiya kimi səbəblərdən hakimiyyətdəki demokratların ictimai rəydəki mövqeləri bir qədər sarsıdıb. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, ABŞ seçiciləri əksər hallarda Konqres seçkilərində siyasi balans yaratmağa üstünlük verirlər: demokrat prezidentlərin dövründə Konqres (ən azı palatalardan biri) respublikaçıların, respublikaçı prezidentlərin dövründə isə demokratların nəzarətinə keçir. Bu dəfə də belə olacağı gözlənilir. Lakin demokratların Senatdakı mövqelərini qoruyacağı ehtimalı var. Bu cür nəticə Bayden administrasiyasını müəyyən qədər rahatladacaq, çünki qanunların qəbulunda son sözü Senat deyir. Vəzifələrə təyinatlar da məhz Senatın razılığı ilə həyata keçirilir. Belə bir məqamda OPEC+ formatında neft hasilatının 2 milyon barel azaldılmasına dair razılaşma heç şübhə yoxdur ki, siyasi qərardır və Bayden hökumətinin seçki ərəfəsində nüfuzuna zərbə endirmək məqsədi daşıyır. Aydındır ki, neftin bahaşalması ABŞ-da yanacağın qiymətlərinin artmasına səbəb olur, əhali benzini baha qiymətə alır və inflyasiya yüksəlir. OPEC+ formatının son qərarı Səudiyyə Ərəbistanı və Rusiyanın faktiki olaraq indiki ABŞ administrasiyasına qarşı sövdələşməsidir. Hər iki ölkə demokratların qanunverci orqana nəzarətdən məhrum olmasında və beləliklə, Bayden hökumətinin öz gücünü itirməsində maraqlıdır”.

Politoloq bildirir ki, Rusiyanın burada marağı aydındır: “Hazırkı ABŞ hökuməti Ukraynaya çox ciddi hərbi, maddi, siyasi-diplomatik dəstək verir. ABŞ Avropanı və Asiyadakı müttəfiqlərini öz ətrafında birləşdirərək geniş anti-Putin koalisiyası yaradıb. Bu koalisiyanın Ukraynaya hərbi dəstəyi çox effektivdir, eyni zamanda onlar müharibə nəticəsində iqtisadi potensialına böyük zərər dəyən Ukraynanı davamlı maddi yardımlarla ayaqda saxlayırlar. Bu dəstək davam etdiyi müddətdə Rusiyanın Ukrayna müharibəsində qələbəsi nəinki mümkün deyil, hətta onun məğlubiyyəti labüddür. Nüvə silahı da Rusiyanı bu aqibətdən qurtara bilməz. Ona görə də Putin rejimi Bayden administrasiyasının siyasi iflasına nail olmağı qarşısına əsas məqsəd kimi qoyub. Səudiyyə monarxiyasının siyasətinə gəldikdə isə qeyd etmək lazımdır ki, ABŞ və hazırkı vəliəhd şahzadə Məhəmməd bin Salman arasında qarşılıqlı etimad yoxdur. Jurnalist Camal Kaşıkçının vəhşicəsinə öldürülməsi ABŞ-da Səudiyyə sülaləsi ilə müttəfiqlik münasibətlərinə yenidən baxılması çağırışlarını gücləndirib. (Əvvəllər də bu münasibətlər ABŞ-da sual doğururdu və zaman-zaman müzakirə-mübahisə mövzusuna çevrilirdi.) Demokratlar bu məsələdə daha həssasdır. Düzdür, administrasiyalar adətən praqmatik siyasət yerdirlər və hər nə qədər demokratiya, insan haqları məsələlərini ritorik səviyyədə qaldırsalar da, diktaturalar və monarxiya rejimləri ilə tərəfdaşlığı davam etdirirlər. Bayden də bu çərçivədə Səudiyyə Ərəbistanına səfər etdi və Kaşıkçı məsələsini “unutdu”. Lakin gördüyümüz kimi, bu səfər buzların əriməsinə gətirib çıxarmadı. Bin Salman ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışında maraqlıdır və hasilatın azaldılması qərarı əslində onun Baydenə qarşı təxribatıdır”. 

Ş.Cəfərlinin fikrincə, respublikaçıların Konqres seçkilərində qələbəsi ABŞ xarici siyasətində radikal dəyişikliyə səbəb ola bilməz: “Kobud bölgü aparsaq, respublikaçıları 2 hissəyə ayıra bilərik: mötədillər və “trampçı”lar. Donald Trampın millətçi-mühafizəkar respublikaçılar arasındakı nüfuzuna baxmayaraq, ənənəvi mötədil-mərkəzçi qanad hələ də partiyaya hakimdir. Onlar önəmli xarici siyasət məsələlərində (İran istisna olmaqla) demokratlarla eyni vizyonu paylaşır. Xüsusən Ukrayna məsələsində respublikaçı və demokrat elitaların tam konsensusu mövcuddur. Hətta mötədil respublikaçılar Ukraynaya daha ciddi dəstək göstərilməsini, bu ölkəyə daha müasir silahların verilməsini tələb edirlər. Rusiyanın “terrorizmin dəstəkçisi” kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin həmmüəlliflərindən biri məşhur respublikaçı senator Lindsi Qremdir. Respublikaçıların Konqres seçkilərində qələbəsi Ukraynaya dəstək siyasətinin zəifləməsinə səbəb ola bilməz. Bu o halda baş verə bilər ki, “trampçı” kimi tanınan siyasətçilər respublikaçılar daxilində çoxluğa nail olsun. Bu cərəyan ABŞ-ın beynəlxalq rolunu məhdudlaşdırmağın və özünütəcrid (izolyasionist) xəttin tərəfdarıdır. Onlar ölkədaxili problemlərə daha çox diqqət ayrılmasını istəyirlər və Çin təhlükəsinə qarşı Rusiya ilə əməkdaşlığın vacibliyini vurğulayırlar. Rusiya məhz bu qanadın uğur qazanmasında maraqlıdır və onlara dolayı da olsa dəstək verməyə, mövqelərini gücləndirməyə çalışır”.

Dünya SAKİT,
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR