Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması yalnız regiondan kənar qüvvələrin məsələyə müdaxiləsi dayandıqda mümkündür”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu gün Moskvada MDB-dən olan həmkarları ilə görüşdə söyləyib.
“Biz həmçinin Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsində, onun inkişafı üçün şəraitin yaradılmasında, qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsində maraqlıyıq”, - deyə o vurğulayıb və ardınca iddia edib ki, bu məqsədlə, Rusiya tərəflər arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması naminə münasibətlərinin hərtərəfli normallaşdırılması yönündə ardıcıl addımlar atır. “Lakin praktika göstərir ki, bu, yalnız regiondan kənar qüvvələrin müdaxiləsi olmadıqda mümkündür”, - Patruşev bildirib.
Yaxşı, görən Qafqazda sülhə həqiqətənmi regiondan kənar qüvvələr əngəl yaradır?
Əlbəttə, Fransanın, bəzi digər bölgədən uzaq destruktiv qüvvələrin və paytaxtların “burunları girməyən yerə başlarını soxması” məlumdur. Amma və lakin hamı bilir ki, onların Qafqaza təsir imkanları göründüyündən çox-çox zəifdir. Yaxud ümumiyyətlə yoxdur.
Hər şey kənara dursun, qonşu Gürcüstanın 20 faiz ərazisini on illərdir işğal altında saxlayan, separatçı qurumları – Abxaziya və Cənubi Osetiyanı dövlət kimi tanıyıb orada özünün böyük hərbi birləşmələrini yerləşdirən kimdir görəsən, “regiondan kənar qüvvələr”, yoxsa Rusiya? İki ildir qonşu və suveren Ukraynanın altını-üstünə çevirən hansı dövlətdir bəs...
Qısası, Putinin real varislərindən hesab olunan Patruşevin yuxarıdakı fikrinin səmimiliyinə inanmaq, yumşaq desək, çətindir. Bu həmin Patruşevdir ki, cəmi üç gün qabaq Ermənistan baş naziri Nikol Paşinyanı Qərbirn təzyiqi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımaqda, bununla da “Qarabağ məsələsi”ni qapatmaqda ittiham eləmişdi. Sanki Paşinyan bununla dəhşətli bir yanlışa, səhvə yol verib. Halbuki beynəlxalq hüququ hələ heç kim ləğv eləməyib.
Əslində isə Nikol sadəcə, Kremlin Bakı və İrəvana ənənəvi təsir vasitəsi olan “Qarabağ kartı”nı faktiki sıradan çıxarmışdı – istəyərək, ya istəməyərək, fərq eləməz artıq. Kreml məhz bunu ona bağışlaya bilmir, nə sülh sazişi, nə barışıq? Yəni ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Bakı da Qarabağ üzərində öz suverenliyini bərpa eləməyəcəkdi, çünki Moskva Qarabağı “mübahisəli ərazi” saydığı üçün buna imkan verməyəcəkdi. Məntiq bax, budur.
Yada salaq ki, cənab Patruşevdən öncə eyni fikri onun şefi Putin dilə gətirmiş, erməni baş naziri “Qarabağ probleminə Azərbaycanın xeyrinə nöqtə qoymaqda” suçlamışdı...
Bu qəbil açıqlamalar təəccüblü və təsadüfi deyil. Moskva hələ SSRİ-nin son illərində özünün yaratdığı Qarabağ ixtilafının ədalətli həllini heç vaxt istəməyib, ən azından onun daim tüstülənməsinə, iki xalq arasında ədavətin qalmasına çalışıb. Yeganə o məqsədlə ki, hər iki tərəfə ciddi təzyiq və təsir vasitələrinə malik olsun. Bu yerdə şimal qonşumuzun Qarabağda saxta “rus icması” layihəsini reallaşdırmaq cəhdlərini, hazırda həbsdə olan oliqarx-dələduz Ruben Vardanyanı desant kimi ərazimizə göndərməsini də yada salmaq olar.
Sözü ona gətiririk ki, qanlı münaqişənin həlli üçün ən güclü rıçaqlar uzun on illər boyu məhz Moskvanın əlində olub. Hətta indi də bu imkanlar zəif sayılmaz. Çünki Ermənistan nə qədər atılıb-düşsə də, qərbpərəst imitasiyası ilə məşğul olsa da, o, Rusiyanın ovcunun içində çapalamağa davam edir, iqtisadi və hərbi cəhətdən Moskvadan qat-qat çox asılıdır, nəinki Qərbdən.
Hələ bədnam Minsk Qrupu dönəmi. Nə vaxt ki, Rusiya ABŞ və Fransa ilə birləşərək işğalının başını sığallamaqla məşğul idi...
Əsas sual da belədir ki, Azərbaycanla Ermənistanı barışdırmağa indiyədək Rusiyaya nə mane olub, əgər bu regiondan kənar qüvvələr deyilsə? Sual ritorikdir təbii ki.
O ki qaldı Moskvanın Bakı və İrəvanı barışdırmaq istəyinə, “Başına gələn başmaqçı olar”, bunu söyləyə bilmərik. Bir şey dəqiqdir ki, Rusiya həqiqətən ya zəlzələdən, ya da vəlvələdən bölgədə sülh, əməkdaşlıq arzusundadırsa, o zaman onun nizamlama prosesinə pəl vurmaması, ayaq altına daşlar düzməməsi yetər!
Bu olar(dı) Kremlin sülhə ən böyük, hətta tarixi töhfəsi...
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ