Onlayn ictimai-siyasi qəzet
Qərbin ağır sanksiyaları və Rusiya neft-qazından imtinanın təsiri altında iqtisadiyyatı getdikcə daha qəliz problemlərlə üzləşən şimal qonşumuz heç olmasa, sanksiyalara qoşulmayan ölkələr, xüsusən də müsəlman dünyası dövlətləri ilə əlaqələri dərinləşdirmək hesabına vəziyyətdən xilas olmağa çalışır. Hərçənd sanksiyalar kifayət qədər uzun müddətə nəzərdə tutulub.
Buna görə də Rusiya uzunmüddətli kontrstrategiya qurmaq, uğurlu iqtisadi layihələr hazırlamaq məcburiyyətindədir. “İslam bankçılığı” haqqında qanun layihəsi də bu qəbildəndir.
“İslam bankçılığı haqqında qanunun tətbiqi İslam ölkələri ilə birgə layihələrlə Rusiyaya 11 milyard dollardan 14 milyard dollara qədər vəsait cəlb etməyə imkan verəcək”.
Bu barədə TASS-a Dövlət Dumasının maliyyə bazarı komitəsinin rəhbəri Anatoli Aksakov bildirib.
“Layihələrin həyata keçirilməsi üçün vəsait cəlb etmək potensialı, bir çox ekspertlərin hesabladığı kimi, 11-14 milyard dollar təşkil edir. Eyni zamanda biz Türkiyədən, İrandan, İslam dininə sitayiş edən Asiya ölkələrindən müxtəlif layihələrə investisiya axınına, investisiyalara ümid edirik”, - deyə o qeyd edib.
Komitə sədrinin sözlərinə görə, yeni qanun iyulda qəbul olunarsa, avqustun əvvəlində artıq onun tətbiqinə başlana bilər. Eyni zamanda o əlavə edib ki, qanunvericilər arasında layihənin məzmunu ilə bağlı fikir ayrılığı yoxdur.
Qeyd edək ki, islam bankçılığı İslamın dini prinsipləri ilə uzlaşmaqla bank işinin aparılması üsuludur. İslam bankçılığı xüsusilə kreditlər üzrə faizlərə, spekulyasiyaya, qumar oyunlarına qadağa qoyulmasını nəzərdə tutur. Habelə tütün və spirt istehsalına, fahişəliyə, pornoqrafiyaya və bəzi ət növlərinin emalına investisiya qoyuluşunu yasaqlayır.
İqtisadçı Eyyub Kərimli “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Azərbaycan arasında investisiya mübadiləsinin müsbət dinamikası davam edir: “Rusiyadan Azərbaycana 5 milyard dollardan çox investisiya qoyulub. Azərbaycandan isə Rusiyaya 2 milyard dollar investisiya yatırılıb. Sözsüz ki, Rusiyanın Qərblə üz-üzə durması, 8 sanksiya paketi ilə üzləşməsi Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Eyni zamanda Qərb şirkətlərinin Rusiyadan getməsi ölkə iqtisadiyyatını çökdürmək üzrədir. Göründüyü kimi, rublun dəyəri günü-gündən düşür. Belə olan halda Rusiyanın yeganə ümidi İslam, eyni zamanda MDB ölkələridir.
Rusiya bu investisiyalara möhtacdır. Azərbaycan bundan sonra da Rusiyaya müəyyən həcmdə investisiya qoya bilər, lakin hesab etmirəm ki, bu böyük məbləğ olacaq. Azərbaycanın investisiya qoya biləcəyi sahələr Rusiyada çox da inkişaf etməyib. Göründüyü kimi, ölkəmiz Avropa ölkələrində daha çox neft-qaz infrastrukturunun inkişafına sərmayə qoyur. Bu baxımdan Rusiya bizim üçün cəlbedici bazar deyil".
Ekspertin sözlərinə görə, İslam ölkələrinin sərmayəsi Azərbaycan üçün faydalı olacaq: “Rusiya bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. Şimal qonşunun Azərbaycanla normal münasibətlərinin olmasına daha çox ehtiyacı var, çünki Azərbaycan Türk-İslam dünyasında böyük nüfuza malik ölkədir. Bu baxımdan, Rusiya iqtisadi əlaqələrin möhkəm olmasında maraqlıdır. Rusiya iqtisadiyyatının dirçəlməsi Azərbaycana da müsbət təsir edəcək”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ