Onlayn ictimai-siyasi qəzet
Donald Tramp Avropa ölkələrində siyasi nəhənglər – məsələn, Helmut Kol, Jak Şirak, Marqaret Tetçerin dövründə heç vaxt prezident ola bilməzdi, ən yaxşı halda seçkilərdə iştirakçı kimi tarixə düşərdi, vəssalam. Amerikada 50 il əvvəl də prezident seçilmək şansı olmazdı. Amma ABŞ-dakı xüsusilə demode olmuş, kütləvi saxtakarlığa belə yol açan seçki sistemində isə məhz Tramp kimisi istifadə edərək artıq ikinci dəfə dövlətin başına keçə bilərdi, burada anormallıq yoxdur. Üçüncü partiya yaratmaq istəyən İlon Maks Amerikanın maraq və dəyərlərinin “eşşək” və “fil”in tapdaqlarının altında qaldığının fərqindədir. Amma nə qədər pulu olsa da, ona bu imkanı verməyəcəklər, çünki yeni partiya yaradarsa, növbəti prezident özü də ola bilər. Rusiyaya Tramp kimi birisinin ABŞ lideri olması sərf edir. Putin ona görə qəsdən “seçkidə Kamala Harisin qalib gəlməsini istəyirəm” dedi ki, Amerikanın abıvatel seçiciləri ona deyil, Trampa səs versinlər...
Trampın iyulun 14-də Rusiya haqda vəd etdiyi “mühüm açıqlaması” Moskvaya Ukrayna münaqişəsini bitirmək üçün 50 gün vaxt verməklə bitdi. “Vaxt vermək” əslində hədələmək, təhdiddir. Özündənrazı Kreml elitası üzə çox vurmasalar da, belə bundan qıcıqlanıblar, əlbəttə həm də narahat olublar.
50 gün sentyabrın əvvəli, lap dəqiqi ayın 2-nə təsadüf edir. Bu müddət Rusiyanın yay hücumunu başa çatması ilə üst-üstə düşür. Tramp Putinə qarşı ritorikasını xeyli sərtləşdirib, amma digər tərəfdən, ona hərbi əməliyyatlar aparmaq üçün daha iki ay vaxt verib.
Bəs, Moskva Ukrayna müharibəsini bitirməsə nə olacaq? Prezident Rusiyaya sanksiyalar və Moskva ilə alış-veriş edən ölkələrə 100 faizlik rüsum tətbiqi vəd edib. Qərb mediası isə əmindir ki, 50 günün sonunda Trampın vəd etdiyi 100%-lik rüsumların, məsələn, Çin və Hindistan kimi ölkələrə tətbiq ediləcəyi ehtimalı azdır, çünki Vaşinqton onlarla ticarəti pozmaqdan qorxur. Ruslar isə yazırlar ki, Tramp hakimiyyətə gələndə belə rüsum hədələrindən çox danışıb, amma sonra fikrini dəyişib, yəni ciddiyə almırlar. ABŞ Ticarət Nümayəndəliyi Ofisinin məlumatına görə, Birləşmiş Ştatlar 2024-cü ildə Rusiyadan təxminən 3 milyard dollar dəyərində mal idxal edib. Bunların əksəriyyəti Rusiyadan Amerikaya həyati əhəmiyyət kəsb edən ixracatdır, o cümlədən nüvə reaktorları üçün vacib elementlər, dəmir, polad və uran...
Rusiyada verilən reaksiyalar qarışıqdır. Məsələn, təcrübəli diplomat Lavrov deyib: “Biz bu 50 gün bəyanatının arxasında nə olduğunu anlamaq istəyirik. 24 saat əvvəl var idi, 100 gün var idi, biz bütün bunları yaşadıq və biz həqiqətən də ABŞ prezidentini başa düşmək istəyirik”. Sonra da əlavə edib ki, Trampa Avropa Birliyi və NATO təzyiq edir, o da Rusiyanın üzərinə gəlir.
50 gün müddətdən Qərb müttəfiqləri və Ukrayna narazıdır. İzahat sadədir: ABŞ prezidenti Rusiya ordusuna Ukraynanı ələ keçirmək üçün daha 50 gün vaxt verib. Bəs bu 50 gündə Rusiyanın “Xüsusi Hərbi Əməliyyat”ının son məqsədinə çatmaq imkanı varmı? Donetsk (ərazisi 26.517 kv.km) və Luqanskdan (ərazisi 26.683 kv.km) ibarət Donbasda (Mərkəzi Donbas, Şimali Donbas və Şərqi Donbasa bölünür) müharibənin ilk günündən aktiv döyüşlər gedir. Rusiya müharibə başlayanadək Donetsk vilayətinin 7 min 853 kvadrat kilometrinə, Luqansk vilayətinin isə 8 min 377 kvadrat kilometrinə nəzarət edirdi. 52 şəhəri olan Donetsk vilayətinin ərazisi Ukrayna ərazisinin 4,4%-ni təşkil edir ki, bura 18 rayon, 52 şəhər (o cümlədən 28 rayon əhəmiyyətli), 131 şəhər tipli qəsəbə və 1118 kənd yaşayış məntəqəsi daxildir.
37 şəhəri olan Luqansk Ukraynanın vilayətləri arasında əhalinin sayına görə altıncı, ərazisinə görə isə 10-cu yeri tuturdu. Ən son məlumatlara görə, Rusiya Luqanskın 99 faiz ərazilərini işğal edib, Donetskin tam işğalı üçün isə bir neçə əsas şəhər uğrunda şiddətli döyüşlər davam edir. Rusiyanın yeni region kimi “özəlləşdirdiyi” Xerson da hələ müqavimət göstərir. İndi Rusiya həm də sərhədində və Xarkov istiqamətində “təhlükəsizlik buferi” yaratmağa həvəslənib və bunlara nail olmaq üçün nəinki 50 gün, bəlkə də daha 50 ay lazım gələ bilər...
Amerikalı politoloqlar Trampın gedişlərini “dəlilər nəzəriyyəsi” adlandırırlar, yəni rəqiblərini güzəştə vadar etmək üçün hər şeyə qadir olduğuna inandırmağa çalışır. Tramp indi də hesab edir ki, bu gedişi Rusiyaya da təsirli ola bilər.
Kimin hövsələsi varsa, 50 günü saysın...
Nazim SABİROĞLU,
Musavat.com
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ