Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda son dövrlər avtomobillərdə baş verən yanğın hadisələrinin artması narahatlıq doğurur.
Musavat.com xəbər verir ki, təkcə iyun və iyul aylarında paytaxtda və bölgələrdə bir neçə belə fakt qeydə alınıb. İstər hərəkətdə olan, istərsə də dayanmış vəziyyətdə olan avtomobillərin alışması, ictimai təhlükəsizlik baxımından da ciddi problemdir. Hadisələrin ardıcıllığı göstərir ki, məsələ təsadüfi yox, sistemli araşdırma tələb edən bir durumdur.
Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində minik avtomobilində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb. İyulun 16-da meydana gələn yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin salon və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. İyulun 15-də isə Bakıya gələn avtomobil yolda alışaraq yanıb. Hadisə ilə bağlı Oxu.az-a Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib: "Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 148-ci kilometrliyində Göygöl rayon sakini Emil Abbasovun idarə etdiyi Az 99 ON 983 dövlət nömrə nişanlı "KIA Optima" markalı avtomobil yanıb. Sürücünün bildirdiyinə görə, Bakı istiqamətində hərəkətdə olarkən avtomobildə əvvəlcə tüstülənmə qeydə alınıb. Sürücü avtomobili yoldan kənara çəkib. Bu zaman nəqliyyat vasitəsində alışma baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanaraq sıradan çıxıb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb". BDYPİ rəsmisi vurğulayıb, digər sürücülər bu hadisədən nəticə çıxararaq diqqətli olmalıdırlar: "Baş Dövlət Yol Polisi İdarəsi ötən günlərlə müqayisədə havanın daha isti keçdiyini nəzərə alaraq sürücülərdən uzaq səfərə çıxarkən avtomobillərinin texniki nəzarətdə saxlamalarını, texniki təhlükəsizlik baxımından istifadəyə yararsız olan nəqliyyat vasitəsilə yola çıxmamağı, avtomobildə nasazlıq hiss edildiyi təqdirdə öncədən texniki servislərə müraciət etmələrini, özlərini və digər hərəkət iştirakçılarının sağlamlığını təhlükə atmamalarını xahiş edir".
Ötən ay, iyunun 16-da da Bakıda avtomobil yanmışdı. Binəqədi rayonunda “Renault” markalı minik avtomobilinin yanar hissələri yanıb. Ətrafda dayanan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Azərbaycanda avtomobillərin yanma səbəbi nədir?
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Musavat.com-a deyib ki, avtomobil yanğınlarının əsas səbəbləri aşağıdakılardır: “Elektrik sistemində nasazlıq ən çox rast gəlinən səbəblərdən biridir. Xüsusilə avtomobildə qeyri-peşəkar şəkildə quraşdırılmış audio sistemlər, əlavə işıqlandırma cihazları və digər əlavələr yanğına şərait yarada bilir. Yanacaq borularının nasazlığı, zəif bərkidilməsi və ya köhnəlməsi nəticəsində benzin və ya dizel mühərrik blokuna, qızmış hissələrə tökülərək alovlana bilər. Mühərrikin soyutma sistemində nasazlıq, radiator mayesinin qurtarması və ya qızdırma sisteminin düzgün işləməməsi avtomobilin qızmasına və nəticədə alışmasına səbəb ola bilər. İsti havalarda kondisionerə düşən yüklənmə, zəif texniki vəziyyətdə olan avtomobillərdə nasazlığa və nəticədə yanğına səbəb ola bilər. Avtomobildə yığılıb qalan yağlı kir, tiftik və toz kimi çirklənmələr, xüsusilə mühərrikin üzərində yığıldıqda və hərarətlə təmasda olduqda alovlana bilər”.
Elməddin Muradlı deyir ki, avtomobil sahibləri nasazlığı hiss etdikdə onu aradan qaldırmaq üçün dərhal servisə müraciət etməlidirlər: “Çox vaxt sürücülər avtomobildə hiss etdikləri iy, tüstü və ya elektrik problemlərini görməzlikdən gəlirlər. Bu isə yanğın riskini artırır. Azərbaycanda avtomobillərdə yanğın hadisələrinin səbəbləri bir neçə amillə bağlıdır: texniki nasazlıqlar, isti hava şəraiti, sürücülərin məsuliyyətsizliyi və nəzarətsizlik. Hadisələrin təkrarlanmaması üçün həm fərdi səviyyədə diqqət artırılmalı, həm də ictimai maarifləndirmə tədbirləri genişləndirilməlidir. Bu həm sürücülərin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün vacibdir”.
Avtomobil təmiri üzrə ustalar isə bildirirlər ki, avtomobil alışmaları daha çox yay aylarında müşahidə olunur, çünki temperaturun yüksəlməsi mühərrik və digər hissələrin daha sürətli qızmasına səbəb olur.
Yanğınların qarşısını almaq üçün nə etmək lazımdır?
Ustalar deyirlər ki, avtomobilin alovlanmasının qarşısının alınması üçün mütəmadi texniki baxışdan keçirilməsi vacibdir. Xüsusilə yay aylarında kondisioner sisteminin düzgün işlədiyinə əmin olmaq, elektrik kabellərində qeyri-peşəkar müdaxilələrdən uzaq durmaqlazımdır. Avtomobildə sızma və ya tüstülənmə hiss edildikdə dərhal servisə getmək vacibdir. Yanğınsöndürən balon daşımaq və istifadə qaydasını bilmək də əsas şərtlərdən biridir.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
18 Iyul 2025
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ