Onlayn ictimai-siyasi qəzet
Dünən yeni ixtisas və peşələrə dövlət qayğısının vacibliyindən yazdım, sonra gördüm, maşallah, hökumətimiz bu sahədə də xalqı qabaqlayır, yenilikləri dərhal tətbiq edir. İncəsənətlə bağlı ali məktəbdə, misal üçün, təzə ixtisasa qəbul elan edilibmiş: reportaj operatoru.
Həqiqətən, mediamızın tərəqqisi dövründə, Kütləvi İnformasiya Vasitələrimizin 150 illiyi ərəfəsində çox sevindirici xəbər oldu. (Sözgəlişi, şəxsən mənə çatmır ki, niyə milli mətbuatımızın bu yubileyi ərəfəsində uzağı 30 jurnalisti içəri basa bilmişik. 150 olsa daha rəmzi, daha uyğun olmazdımı? İndi söz əlaqədar təşkilatlarındır. Məncə hələ buna 1 həftə vaxtımız vardır).
Digər tərəfdən, əslində incəsənət məktəblərimiz toyxana sektoruna peşəkar xidmətçilər yetişdirir. Məsələn, bizim bir qahım var, kino rejissorluğu ixtisasını bitirib, indi sünnət toylarında sintezator çalır. Əgər lazımi təhsil almasaydı, bunu bacarardımı? Hətta ixtisasartırma kursuna gedib ülgücü tutmağı öyrənmək, peşəsini daha da inkişaf etdirmək fikrindədir.
Niyə də yox? Hazırda yenə də qədim köklərimizə qayıtmışıq, dəlləklər göz operasiyası edir, nalbənd stomatoloji klinika açır, canım sənə desin, jurnalistlər ginekoloq işləyir.
İndi bu “reportaj operatoru” ixtisasının axırı da elə olacaq. Toydan reportajları maraqla gözləyirik. Yaxşı yadıma düşdü, 15-20 il qabaq Türkiyənin peyk televiziyalarında belə özəl telekanallar vardı, səhərdən axşamacan toyları göstərirdilər. Rəqslər, qızıl taxanlar, sərxoş olub dombalaq aşanlar... O qədər maraqlı idi ki... Hərçənd, təəssüf ki, toy gecəsini heç vaxt axıracan göstərmirdilər. Ümid edək bizim peşəkarlar buna da nail olacaq. Xalq həqiqəti bilmək istəyir.
Mən özüm, əgər şərait yaradılsa, ixtisas qəbul planına salınsa böyük məmnuniyyətlə “köşə yazarlığı” peşəsinə yiyələnərdim. Əks halda hazırda özümü bir növ qanunsuz fəaliyyət göstərən taksi şöferi, saxta köşə yazarı kimi hiss edirəm. Axı bu sahədə diplom və təhsilim yoxdur!
Diplom vacibdir. Oğlun Narxozun diplomunu əldə edibsə, məhəllədə gen-bol şellənirsən. Sanki nərd oynayıb dalbadal üç dəfə şeş qoşa atmısan.
Adicə qızı gəlin köçürdəndə üstündə “Medinstitut”un diplomunu qoysan, toy minimum stolun 1-i 150 manatlıq şadlıq sarayında olmalıdır. Yaxud, gəlin “APİ-nin coğrafiya müəllimliyini” qurtarıbsa, dırnağını ortabab stilistin salonunda yondurmaq bəs eləyir. Bunların hərəsinin öz preyskurantı vardır və təməli qoyulan ailənin xoşbəxt gələcəyinin təminatçısıdır. Yoxsa toy günü bəyin saçını 5 manatlıq dəlləkdə düzəltdir, sonra da şikayətlən ki, gənclər yola getmir. Elmi araşdırmalara görə bu zaman hətta uşaq da olmaya bilər. Mən dəfələrlə buna şahid olmuşam, lazım gəlsə misallar çəkərəm, sadəcə, yerimiz azdır. İnşallah, ixtisasım üzrə təhsil alanda sözləri düzgün, nizamlı, yerli-yerində işlətməyi öyrənərəm.
Bu arada incəsənət sferamızda daha maraqlı hadisə olmuşdu. Xəbər yayıldı ki, pantomima teatrının müdirini işdən qovublar. Lakin az sonra müdir açıqlama verdi: məni altı ay qabaq işdən çıxarıblar, xəbər niyə indi yayılır?
Əlbəttə, yuxarıda yazdığım səbəblər üzündən! Peşəkar jurnalistlər – xüsusilə teatr sahəsində - olmadığı üçün teatrın müdirini çıxarılmağı xəbərini xalqa yarım il sonra çatdırırıq.
Hərçənd, insafən bu işdə spesifik detal var. Pantomim sözsüz teatr sənəti növüdür. Yəni, orda oynayanların gərək səsi-zadı çıxmasın, əl-qolla xalqa, tamaşaçılara mövzunu çatdırsınlar. Qəzetçi həmkarlarım da altı ay qabaq bu xəbəri him-cim üsuluyla xalqa bildirmişdir, indi qərara gəldik sözlə yazaq. Gecikmənin yeganə səbəbi budur.
Ən qəmlisi isə həmin sənətkarın başqa sözləri idi. Deyir mən pantomimi Azərbaycanda yaradan adamam, lakin müdirlikdən çıxandan mənə aktyor işləməyə də imkan vermədilər.
Yəni, deyir ki, indi bizdə səsini çıxarmadan oynasan da ac qalmağa məhkumsan.
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ