İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Orada ev tikmək istəyən sakinin üzərinə elə hücum çəkirlər ki...”

“Vətəndaşlar ev tikintisi üçün kənd təsərrüfatı torpaqlarından istifadə edirlər. Bakının bütün rayonlarında, o cümlədən bütövlükdə Abşeron rayonu ərazisində də vəziyyət belədir”.

Musavat.com xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdəki müzakirələr zamanı deyib.

O qeyd edib ki, hazırda kənd təsərrüfatı sahələrində ev tikintisi demək olar ki, dayanıb: “Vətəndaş gedir icra hakimiyyətlərinə, bələdiyyələrə və ev tikmək üçün torpaq istəyir. Deyirlər ki, torpaq yoxdur. Vətəndaş gedib ayrı-ayrı şəxslərin əmlak bazarında çox baha qiymətə satdığı topraqları ala bilmir”.

Deputat ardınca sual edib:

“Biz dövlət olaraq vətəndaşa nə təklif edirik? Deyirik ki, torpaq sahələri yoxdur. O, məcbur olub mülkiyyətində olan torpaq sahəsində tikinti aparır. Onu da uçururlar başına. Bu, düzgündürmü? Əlbəttə, yox. Kəndlər, qəsəbələr salınıb, minlərlə ev tikilib, ortada evlərin əhatəsində 4-5 sot torpaq qalıb. Orada ev tikmək istəyən sakinin üzərinə elə hücum çəkirlər ki, elə bil erməni kəşfiyyatçısını həbs edirlər. Deyirlər ki, kənd təsərrüfatı üçün nəzərdə tutulub. Elə bil o 4 sotda Azərbaycanın taxıl ehtiyacını ödəmək üçün buğda səpiləcək. Bu qədər məntiqsizlik olmaz”.

Razi Nurullayev bildirib ki, vətəndaş qanunvericilik səviyyəsində o torpağın təyinatını dəyişmək imkanına malik olmalıdır:

“Bu isə demək olar ki, mümkünsüzdür. Ona görə də bu cür torpaqlarla bağlı qərar qəbul olunmalıdır ki, insanlar kənd təsərrüfatı əhəmiyyətini itirmiş torpaqlarda ev tikə bilsinlər. Bununla bərabər, bütün şəhər və rayonlarda ev tikintisi üçün xüsusi yerlər ayrılmalı və infrastruktur yaradılmalıdır. Torpaq ehtiyatları yoxdursa, o zaman bütün şəhər və rayonlarda kütləvi sosial evlərin tikintisi sürətləndirilməlidir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR