Onlayn ictimai-siyasi qəzet
Bir neçə həftədir ki, “Sea Breeze” yolunda aparılan təmir-tikinti işləri səbəbindən Binəqədi-Balaxanı yoluna çıxış bağlanıb. Nəticədə həmin yolla hərəkət edə bilməyən avtomobillər, alternativ yol kimi Zabrat yolundan istifadə edirlər. Bu da yolun yükünü artırmaqla, günboyu (gecə saat 10-a qədər) sıxlığın yaranmasına səbəb olur.
Musavat.com-a şikayət edən sürücülər bildirirlər ki, hər gün tıxac Heydər Əliyev prospektindən başlayır və Zabrat 2-yə qədər uzanır.
Sürücülər hesab edirlər ki, alternativ yol bağlı olduğu üçün burada avtobus zolağı müvəqqəti olaraq ləğv edilməli, oraya daxil olan sürücülərə cərimələrin yazılması dondurulmalıdır. Bu üsulla yolda yükü azaldıb, tıxacın qarşısını müəyyən qədər almaq olar.
Yolda 3 əsas zolaq var: sağ tərəfdə avtobus zolağıdır. Orta zolaq ümumi hərəkət üçün, sol zolaq isə sola dönənlər üçündür. Nəticədə minik avtomobillərinin hərəkət sahəsi daralır və irəlidə ciddi sıxlıq yaranır. Əgər həmin ərazidə hər hansı avtomobil xarab olsa, tıxac ikiqat artır.
Ekspertlər bildirirlər ki, tıxacın yaranmasının səbəbkarı həm də elə bəzi sürücülərdir. Belə ki, bir çox sürücü sola dönənlərin zolağına daxil olaraq irəliləyir, döngəyə çatdıqdan sonra isə orta zolağa qayıdır. Bu da əlavə sıxlığa, xaosa və sürücülər arasında gərginliyə səbəb olur.
Əgər hər kəs yol hərəkəti qaydalarına əməl etsə, xüsusilə də sola dönənlər üçün nəzərdə tutulmuş zolağa daxil olmasa, sıxlıq bir qədər də azalar. Amma indiki halda həm yolun vəziyyəti, həm də sürücülərin davranışı problemləri dərinləşdirir.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev Musavat.com-a açıqlamasında bildirib ki, tikinti aparılan və tıxacların sıx baş verdiyi yollarda insanlar fərdi nəqliyyata deyil, üstünlüyü təmin olunmuş ictimai nəqliyyata yönəlməlidirlər:
“Maşınlarda tıxacda dayandığınız müddətdə, avtobusla ünvana daha tez çata bilərsiniz. Avtobus zolaqlarını müvəqqəti də olsa fərdi nəqliyyatın istifadəsinə vermək olmaz. Bu yol avtobuslara ona görə ayrılıb ki, tıxac olmadan insanları daşımaq mümkün olsun. Fərdi nəqliyyatın narahatlığını ictimai nəqliyyatda gedənlərə yükləmək olmaz. Əgər sizin təmirlə əlaqəli sıxıntınız varsa, həmin müddətdə ictimai nəqliyyatla hərəkət edin.
Əslində, ictimai nəqliyyata toxunmadan təmir-tikinti dövründə şəhərdə müvəqqəti yollarının salınmasına nəzər salmaq lazımdır. Və yaxud da təmiri mərhələli şəkildə etmək olar. 4 zolaqlı yoldursa, onun iki zolağını açıq saxlamaq, iki zolağında isə təmir işləri aparmaq olar. Hissəli təmir ən optimal variantdır.
Yeni yol salınırsa, onun yanında müvəqqəti yolun təşkili büdcəyə salınmalıdır ki, insanlar minimum gərginliklə bu dövrü keçirsinlər. Təmir müddəti uzana bilər, lakin əlaqə kəsilməməlidir. Ensiz yol olsa belə, müvəqqəti yol olmalıdır”.
Şahanə Rəhimli
Musavat.com
06 Sentyabr 2025
05 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ