İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayonlarda həkim qıtlığına “dərman axtarışı”

Həkim-ekspert: “Bu problemin həlli üçün bir çox ölkələr müxtəlif tədbirlər görür, Azərbaycan da bu təcrübədən yararlana bilər”

Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələrin aparılması əsas verir ki, müayinə üçün Bakıya gəlməyə ehtiyac qalmasın. Amma bölgələrdə ixtisaslaşmış həkimlərin çatışmazlığı hələ də mövcuddur. Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov da mətbuata açıqlamasında təsdiqləyib.

Onun sözlərinə görə, oxşar tendensiya bütün dünyada müşahidə oluna bilər. Son zamanlar tibb ixtisaslarına abituriyentlərin müraciəti azalıb. Avropada da vəziyyət eynidir. Məsələn, Almaniya xaricdən tibb kadrlarını cəlb edir. “Bakıda və digər şəhərlərdə həkim qıtlığı problemi yoxdur. Bu problem ucqar rayonlara xasdır. Lakin TƏBİB problemin aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirir. Bu layihələr həkimlərin bölgələrdə işləməsinə yönəlib. Bütün ölkəni əhatə edə bilməsək də, əksər bölgələrdə həkim çatışmazlığını aradan qaldırmağa çalışacağıq”, - V. Qurbanov qeyd edib.

Hazırda Azərbaycanda həkim olmaq üçün cəmi bir neçə ali tibb müəssisəsi mövcuddur: Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsi. Bu isə həkim olmaq istəyənlər üçün dar bir çərçivədir. Qeyd edək ki, Bakı və Sumqayıt da daxil, əyalətlərdə 10-dək tibb kolleci də var. 

Respublikanın bir çox bölgələrində travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur. Rayon xəstəxanaları bəzi sahələrdə həkimlərin olmamasından hələ də əziyyət çəkir. Tibb müəssisələrindəki kadr çatışmazlığının əsas səbəbi kimi maddi-məişət qayğıları göstərilir. Bunun üçün də həkimləri bölgələrdə işləməyə cəlb etmək üçün təşviqedici addımlar atılmalıdır.  Qeyd etmək lazımdır ki, ötən illərdə  1400-dək həkimin Azərbaycanı tərk edərək, Almaniyaya köçməsi həyəcan təbili çalmağa əsas verir. Digər ölkələrə üz tutan həkimlərimizin də sayı az deyil. Lakin onların rəsmi statistikası ictimaiyyətə açıqlanmır.

Beləliklə, əsas problem kadr çatışmazlığı kimi görünsə də, bunun səbəbi yalnız bu sahədə ixtisas seçimi ilə bağlı deyil. Həm də həkimlərin yerləşdirilməsi və xaricə üz tutması problemi var.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb. O da qeyd edib ki, həkim çatışmazlığı problemi hazırda kifayət qədər aktual bir problemdir: “Xüsusən də inkişaf etməkdə olan ölkələrdə, periferiyalarda, yəni ucqar rayon və kəndlərdə həkim çatışmazlığı, xüsusilə də ixtisaslı həkimlərin azlığı ciddi şəkildə hiss olunur. Bu, bir sıra səbəblərlə bağlıdır. Əsas səbəblərdən biri periferiyadakı həyat şəraitidir. Bu şərait adətən gənclər üçün maraqlı və cəlbedici olmur.

Tibb universitetini bitirənlər əsasən gənclərdir və bu insanlar daha çox urbanizasiyaya meylli olurlar, yəni şəhər mühitində işləməyə üstünlük verirlər. Burada səbəb yalnız şəhər həyatının hərəkətliliyi və cazibədarlığı deyil, eyni zamanda şəhərlərdə yerləşən böyük klinikalarda təcrübə qazanmaq imkanlarının geniş olmasıdır. Bu klinikalarda daha mürəkkəb və həyəcanlı tibbi prosedurlar həyata keçirilir ki, bu da gənc həkimləri universiteti bitirdikdən sonra həmin müəssisələrdə qalmağa sövq edir".

Zülfüqar Yusifov qeyd edir ki, bu məsələnin həlli üçün bir çox ölkələr müxtəlif tədbirlər görür: “Məsələn, qonşu Türkiyədə belə bir təcrübə var: tibb universitetini bitirdikdən sonra həkimlər ixtisas almaq üçün mütləq şəkildə müəyyən müddət - məsələn, 2-3 il - ucqar rayonlarda işləməlidirlər. Bu, məcburi xidmət kimi tətbiq olunur. Nəticədə həmin həkimlərin bir qismi bölgəyə uyğunlaşır, orada ailə qurur və orada daimi işləməyə başlayır. Beləliklə, periferiyalarda kadr təminatı qismən də olsa həll edilir.

Bundan başqa, həvəsləndirici tədbirlər də mövcuddur. Məsələn, periferiyada işləyən həkimlərin stajlarının artırılmış şəkildə qeyd olunması və ya şəhərlə müqayisədə daha yüksək əməkhaqqı ilə təmin olunması kimi stimullar tətbiq edilir. Belə üsullarla bu problemin müəyyən qədər həllinə nail olmaq mümkündür.

Qeyd olunduğu kimi, doğrudan da periferiyada yaxşı avadanlıqla təchiz olunmuş xəstəxanalar qurulub, lakin kadr çatışmazlığı hələ də ciddi problemdir. Bununla belə, son vaxtlar bu istiqamətdə mühüm işlər görülməkdədir. Məsələn, Qarabağ Universitetində tibbi istiqamət üzrə müəyyən hazırlıq işləri aparılır. Naxçıvanda isə artıq uzun illərdir bu sahədə kadr hazırlığı həyata keçirilir. Fikrimcə, kadr çatışmazlığı problemi təkcə Tibb Universiteti ilə əlaqələndirilməməlidir. Çünki yetərincə tibb mütəxəssisi universiteti bitirir. Bəli, onların bir qismi xarici ölkələrə üz tutur - bu, müəyyən mənada normal prosesdir. Lakin bu axının miqyası narahatlıq doğuracaq səviyyəyə çatmamalıdır. Məsələn, Almaniyaya olan axın kifayət qədər çoxdur. Bu axında daha çox rezidenturaya gedənlərin sayı üstünlük təşkil edir".

“Bəs bu nədən qaynaqlanır” sualına Zülfüqar Yusifov bu cür cavab verib: “Rezidentura təhsili alanlar daha yaxşı təcrübə imkanlarına, yüksək səviyyəli təhsilə və müvafiq sahədə inkişaf imkanlarına ehtiyac duyurlar. Eyni zamanda rezident həkim artıq peşə sahibidir və öz sahəsində müstəqil çalışmaq istəyir. Bunun üçün də normal məvacib alması vacibdir. Əgər biz bu məsələni müqayisəli şəkildə təhlil etsək, görərik ki, Azərbaycanda rezidentin aldığı əməkhaqqı onun ehtiyaclarını tam qarşılaya bilmir, halbuki Almaniyada bu imkanlar daha genişdir. Bu da həkimlərin miqrasiyasına səbəb olan başlıca amillərdəndir.

Beləliklə, burada 2-3 əsas stimullaşdırıcı məqam ön plana çıxır: həm həyat şəraiti, həm iqtisadi təminat. Əgər bu məsələlər yerində olarsa, düşünürəm ki, həkimlərimiz ölkədə qalaraq işləməyə daha çox maraq göstərəcəklər. Hətta bəziləri öz doğulduqları kəndlərə qayıdıb orada fəaliyyət göstərməyə etiraz etməzlər.

Tibbin periferiyaya yaxınlaşması da olduqca vacibdir. Son vaxtlar bu sahədə müəyyən təşəbbüslər müşahidə olunur. Məsələn, tibbi konfransların, kursların, treninqlərin regionlarda keçirilməsi mühüm addımdır. Tibbi hadisələrin mütləq şəkildə Bakıda baş verməsi zəruri deyil. Xarici mütəxəssislərin iştirakı ilə keçirilən ustad dərslərinin və seminarların bölgələrdə təşkil olunması region həkimlərinin yerində təhsilini artırmaqla yanaşı, həm də onları motivasiya edən, məsafəni azaldan təşviqedici tədbirlərdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR