İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Balayev baş nazirə yazdı, bunları istədi - reaksiya

Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrinin Əli Əsədova məktubu ətrafında müzakirələr...

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev baş nazir Əli Əsədova müraciət ünvanlayıb. Müraciət ittifaqın rəsmi saytında dərc olunub. Rasim Balayev deyib ki, uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: “Son otuz ildə bu istiqamətdə dövlət dəstəyi ilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir”.

AKİ sədri müraciətdə qeyd edib ki, dövlət proqramının məqsədi uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir: “Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın fəaliyyətlərini faktiki dayandırmış "Azanfilm" və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı".

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, uşaq kinosunun, bu mövzuda film və animasiya filmlərinin yox dərəcədə olması ciddi təhlükəyə çevrilib, ana dilində uşaq filmlərsiz nəsil yetişib. Bu istiqamətdə ciddi addımlar atılmasa, gənclər əcnəbi məhsullardan asılı vəziyyətə düşəcəklər. Bu vəziyyətin ağırlığı məhz dövlət proqramının qəbulunu vacib edir.

Xatırladaq ki, Sovet dövründə uşaqlar yay tətillərində yerli istehsal olan “Şərikli çörək”, “Skripkanın sərgüzəşti”, “Gilas ağacı”, “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Ögey ana”, “Şir evdən getdi” kimi filmləri böyük maraqla izləyirdilər. Həmçinin nağıllara əsaslanan “Qərib cinlər diyarında”, “Sehrli xalat”, “Bir qalanın sirri”, eləcə də “Əzablı yollarla”, “Mən nəğmə qoşuram”, “Qalada tapılan mücrü” və digər filmlər uşaqların diqqət mərkəzində idi.

Bu bir faktdır ki, həmin filmlər uşaqların psixologiyasına, davranışına və tərbiyəsinə müsbət təsir göstərirdi. Orta nəsil nümayəndələri də təsdiqləyə bilər ki, uşaqlıqda bu filmlərin qəhrəmanlarına bənzəməyə, onlar kimi davranmağa çalışıblar.

Sovet hakimiyyəti dağıldıqdan sonra ekranlara əsasən əcnəbi filmlər gəldi. “Harri Potter”, “Evdə tək”, “Qarfild” kimi bədii filmlər, “Tıq-tıq xanım”, “Cırtdan” cizgi filmlərinin yerini isə “Tom and Jerry” kimi xarici animasiyalar əvəz etdi.

Doğrudur, bu filmlər texniki cəhətdən yüksək səviyyədə çəkilir və baxımlıdır. Lakin nəzərə almaq lazımdır ki, bu cür əcnəbi filmlər daha çox öz ölkələrinin uşaqlarının psixologiyasına uyğun hazırlanır. Üstəlik, mütəxəssislər bildirirlər ki, bu filmləri istehsal edən şirkətlərin müəyyən ideoloji hədəfləri və məqsədləri mövcuddur.

Xüsusilə son illərdə silahlı döyüşlər, yadplanetlilərin hücumları, aqressiya və şiddət doğuran xarici cizgi filmlərinin nümayişi demək olar ki, adi hal alıb. Halbuki bu cür filmlər uşaq psixologiyasına, tərbiyəsinə və onların mədəni şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Nəticədə, bu cür zorakılıq və aqressiya təsiri altında böyüyən uşaq yeniyetmə yaşına çatanda daha sərt, aqressiv, hətta bəzən kriminal təfəkkürlü biri ola bilər. Son illərdə xüsusilə yeniyetmələr və gənclər arasında depressiv, aqressiv davranışların artması da qismən bununla bağlıdır. Bu, həm onların izlədiyi şiddət dolu filmlər və animasiyalar, həm də oynadıqları kompüter oyunları ilə əlaqələndirilir.

Uzun illər fasilədən sonra, 2015-ci ildə uşaqlar üçün “Dərs” filmi çəkildi və nümayiş olundu. Rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül olan bu film məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir. Lakin həmin film də nədənsə televiziya ekranlarında çox az görünür.

Elxan Cəfərov: “Qarşımıza çıxan maneələr bizim xeyrimizədir” - MÜSAHİBƏ

Elxan Cəfərov

Mövzu ilə bağlı “Şir evdən qaçdı”, “Mən mahnı qoşuram” filmlərindəki uşaq obrazları ilə sevilən, Əməkdar incəsənət xadimi, aktyor-rejissor Elxan Cəfərov “Yeni Müsavat”a danışıb: “Animasiya filmləri az sayda olsa da mövcuddur, lakin onların sayı çox azdır və biz onları nadir hallarda görürük. Bu, artıq yayım problemləri ilə bağlıdır. O ki qaldı uşaq filmlərinin istehsalı məsələsinə, bu barədə dəfələrlə bildirmişəm ki, uşaq və yeniyetmələr üçün film istehsalı kino sahəsində ən çətin istiqamətlərdən biridir. Hazırda Azərbaycanda mükəmməl kino sistemi mövcud deyil. Son 30 il ərzində kinematoqrafik istehsal və yayım sistemi demək olar ki, tamamilə dağılıb və bu sahənin yalnız bərpasından sonra kino istehsalatının təşkili, yayım prosesinin mükəmməlləşdirilməsi və inkişafı mümkün ola bilər.

Əgər normal kino istehsalı və inkişaf prosesi mükəmməlləşməsə, hətta sovet dövründə mövcud olan yayım və istehsalat sisteminə gəlib çatmasa, mənə elə gəlir ki, uşaq filmlərinin çəkilməsi barədə danışmaq hələ tezdir. Çünki hazırda Azərbaycanda kino istehsalı və yayımı çox geridədir və olduqca aşağı səviyyədədir. Bunun bir neçə obyektiv səbəbi var. Bu səbəblərdən biri Azərbaycan kinosunun ümumilikdə istehsalat sahəsində üzləşdiyi maliyyə problemləri, digəri isə texniki çatışmazlıqlardır. Əlbəttə, çox ümidliyəm ki, bu sahəyə diqqət daha da genişlənəcək - həm dövlət, həm də idarəçilik səviyyəsində. Ancaq Azərbaycan kino istehsalı və yayımı müəyyən inkişaf mərhələsindən keçib, müəyyən səviyyəyə çatmayınca, uşaq kinosu haqqında danışmaq tez olar. İlk növbədə kino istehsalı və yayım prosesini bərpa etməliyik. Yalnız bundan sonra bu barədə danışmaq mümkündür".

“Çəkilən animasiya filmlərinin keyfiyyəti sizi qane edirmi” sualına isə Elxan Cəfərov belə cavab verdi: “Animasiya filmləri adi kinodan təxminən 1,5 dəfə daha bahalı istehsal prosesinə malikdir. Kənardan asan görünə bilər ki, animasiya filmi çəkmək daha sadədir, bədii kino isə daha mürəkkəb və ciddi prosesdir. Lakin dünya istehsalat prosesinə nəzər salsaq görərik ki, animasiya filmlərinin maliyyə büdcəsi bəzi hallarda hətta tarixi filmlərdən də yüksək olur. Bu da keyfiyyətə bilavasitə təsir göstərir. Burada həm yaradıcı, həm də texniki proses əsas rol oynayır. Ən vacib amillər isə zaman, maliyyə və texniki məsələlərdir. Bunlar həll olunduqdan sonra keyfiyyət haqqında danışmaq olar. Dünya animasiya istehsalı ilə Azərbaycan animasiyasını eyni səviyyəyə qoymaq mümkün deyil. Çünki qeyd etdiyim kimi, oradakı maliyyə və sistem tam fərqlidir. Hazırda bizdə bu sahədə vəziyyət olduqca çətindir.

Biz çox ümid edirik ki, kino sahəsinə diqqət daha da genişlənəcək. Bu, təkcə texniki və maliyyə məsələsi deyil, həm də tədris problemidir. Yaradıcı şəxslərin yetişdirilməsi və təhsili də ciddi önəm daşıyır. Bu gün təkcə Azərbaycan daxilindəki tədrislə kifayətlənmək doğru deyil. Həm kino, həm də animasiya sahəsində mütləq şəkildə bu sahəni öyrənmək üçün yaradıcı şəxslər xaricə təhsil almağa göndərilməlidir. Bu istiqamətdə mütləq şəkildə beynəlxalq əlaqələr qurulmalıdır. Bundan sonra keyfiyyət haqqında danışmaq mümkündür. Hazırda isə keyfiyyət məsələsini müzakirə etmək hələ tezdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR