İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sony”nin ümidinə qalan SSRİ - Şirkət rəhbəri rusların iş üsulunu bəyənməyib

1970-ci illərdə Sovet İttifaqı sənayesini modernləşdirmək üçün fəal şəkildə texnologiyalar axtarıb. Yaponiyanın “Sony” korporasiyası elektronika sahəsindəki inqilabi inkişafı ilə xüsusi maraq doğurub. Şirkətin təsisçisi Akio Moritaya dəvət ən yüksək səviyyədə göndərilib. Morita şəxsən xarici bazarları araşdırıb, ABŞ də daxil olmaqla filiallar açıb və məhsulları istehlakçılara uyğunlaşdırıb. Onun töhfələri “Sony”yə beynəlxalq tanınma və sahibkarın özünə çoxsaylı mükafatlar qazandırıb.

Səfərdən əvvəl dostları Morita və onun həyat yoldaşını SSRİ-dəki ibtidai həyat şəraiti barədə xəbərdar ediblər və onlara butulkalarda su, dəsmal və tualet kağızı götürməyi tövsiyə ediblər. Morita Moskvaya gəlib və ilk dəqiqələrdən qonaqlara xüsusi münasibət göstərildiyi məlum olub. Hökumət maşını düz təyyarəyə qədər gedib, şəxsi tərcüməçilər onları bir dəqiqə belə tərk etməyiblər, gömrük rəsmiləşdirmələri ləğv edilib.

ilki-5.jpg (90 KB)

Qonaqlara qayğının həddi-hüdudu olmayıb. Moritanın arvadı piroq dadmaq istəyəndə bu, xidmətçilər arasında böyük səs-küyə səbəb olub. Tərcüməçi səbirlə izah edib: “Piroqlarlar işçilərin yeməyidir, çətin ki, onları yeyəsiniz. Amma çoxlu telefon zənglərindən sonra, nəhayət, qonağın istəyi yerinə yetib və cütlük fəhlələrlə bir yerdə dayanaraq ət və tərəvəzli piroqlardan fərəhlə yeyiblər.

Dövlət elm və texnika komitəsinin sədr müavini Jermen Qvişiani nümayəndə heyətini şəxsən Moskva və Leninqradın müəssisələrində müşayiət edərək sovet elektronika sənayesinin nailiyyətlərini nümayiş etdirib. Lakin Morita fabriklərdə gördüklərindən heyran olmayıb. Onun sözlərinə görə, sovet müəssisələri elektronika sahəsində Yaponiya və Qərbdən 8-10 il geri qalıb, hələ də ibtidai alətlərdən və səmərəsiz istehsal proseslərindən istifadə edilib. Ən əsası isə yapon sahibkar işçilərin və rəhbərliyin məhsulların keyfiyyətinə tam biganəliyini müşahidə edib. Heç kim texnologiyanı təkmilləşdirməkdə maraqlı olmayıb. Onun qənaətinə görə, rəqabətin olmadığı ölkədə yenilik üçün stimul mövcud ola bilməz.

ilki-3.jpg (40 KB)

Səfərin sonunda Qvişiani sovet iqtisadiyyatının üstünlüklərini vurğulayaraq şirnikləndirici əməkdaşlıq təklifi edib: inflyasiyanın olmaması, aşağı əmək haqqı, sabit işçi qüvvəsi. O, Moritadan öz fikrini bildirməsini istəyəndə yapon son dərəcə səmimi danışıb. Qonaq izah edib ki, Yaponiyada illərlə sadə şeyləri təkmilləşdirmək üçün ətraflı araşdırmalar aparılıb, SSRİ-də isə biznesin mahiyyətinə zidd olan kommunist ideologiyası ucbatından işçilərin heç biri öz işinin nəticəsi ilə maraqlanmır.

“Sony”nin qurucusu Akio Morita “Yaponiya istehsalı” kitabında bu barədə yazıb: “Siz burada bu cür səy göstərmirsiniz; görünür, burada buna ehtiyac yoxdur, çünki heç kim maraqlanmır. Sizə deməliyəm ki, mən “Sony” məhsullarının sizin buradakı şərtlər altında istehsal olunduğunu görməyə dözə bilmədim. Mən hələ sizə texnologiyamızı təklif edə bilmərəm”. Avropaya ixracı planlaşdırılan sovet ağ-qara televizorlarının nümayiş anı yaponlar üçün göstərici olub. Moritanı böyük sənət və balet ölkəsində dizaynın primitivliyi heyran edib. Texnologiya və estetikanın niyə birləşdirilmədiyini soruşduqda, Rabitə Nazirliyinin nümayəndəsi səmimi cavab verib: “İncəsənət bizim sahəmiz deyil!”.

ilki-4.jpg (217 KB)


Bu cavab Moritanın sovet sənayesi ilə əməkdaşlığı barədə düşüncələrini üzərindən xətt çəkib. Bu barədə yapon biznesmen Qvişinai ilə görüşdə deyib: “Cənab Qvişiani, Sovet İttifaqında gözəl, istedadlı rəssamlar var. Sizin böyük musiqiçiləriniz var, balet böyük bədii irsdir, ifaçılarınız bütün dünyada məşhurdur. Xoşbəxtlikdən, ölkənizdə həm texnologiya, həm də incəsənət var. Bəs niyə bu sizin televizorunuzda görünmür? Sovet İttifaqında həm sənətiniz, həm də texnologiyanız varsa, niyə onları birləşdirərək gözəl şeylər yaratmırsınız? Düzünü desəm, cənablar, bazardan və istehlakçı zövqündən bildiklərimizə görə, belə eybəcər televizorun satıla biləcəyini düşünmürük”.

Moritanın sözlərinə görə, Sovet İttifaqında texnoloji inkişaf kosmos və hərbi proqramlarda cəmlənsə də, istehlak mallarına ümumiyyətlə toxunulmayıb. Əhaliyə gəldikdə, texnologiyanın dizaynı və keyfiyyəti ciddi şəkildə geri qalıb. “Sony” SSRİ-nin hazır radio avadanlıqlarını satmağa hazır olub və hətta sovet televizorunun təkmilləşdirilməsi üçün texniki yardım təklif edib. Lakin əsas texnologiyaların, xüsusən də inqilabi Trinitron sisteminin lisenziyası altında ötürülməsi qəti şəkildə istisna edilib. Yeri gəlmişkən, bu mövqe təkcə Sovet İttifaqına deyil, o zaman yaponların da öz texnologiyalarını açıqlamadığı, əməkdaşlıqdan imtina etdiyi Çinə də aiddir.

ilki-1.jpg (49 KB)

Eyni zamanda həlledici amil İtaliyanın “Fiat” şirkətinin təcrübəsi olub. Morita italyanların avtomobil istehsal texnologiyasını SSRİ-yə ötürməsini səhv addım olduğunu bildirib. Onun fikrincə, bu addımdan sonra Avropada “Fiat”ın kopyaları, lakin keyfiyyət baxımından əhəmiyyətli dərəcədə aşağı olan avtomobillər meydana çıxıb. Buna görə “Fiat” şirkətinin reputasiyası zədələnib. Odur ki, “Sony” şirkəti eyni aqibəti yaşamaq istəməyib. Təxminən iki ildən sonra Zalsburqda musiqi festivalı zamanı Akio Morita Qvişiani ilə yenidən görüşüb. SSRİ rəsmisi ona deyib: “Yenə bizə gəlməlisən”. Lakin yapon iş adamı SSRİ-yə ikinci dəfə səfər etməyə lüzum görməyib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR