Onlayn ictimai-siyasi qəzet
Son zamanlar Rusiyada anti-Azərbaycan isterikası daha da ağlasığmaz şəkil almaqdadır. Hətta Kremlə yaxınlığıqları ilə seçilən siyasətçilər və ekspertlər Azərbaycanın idarəçilik modelini 3-cü Reyxlə müqayisə etmək kimi absurdlara qədər gedib çıxırlar.
Halbuki, 3-cü Reyx irqçi ideologiyaya əsaslanan, milyonlarla insanın məhvinə səbəb olmuş totalitar hərbi diktatura idi. Bu rejimin dayaqları üstün irq konsepsiyası, qonşu ölkələrin işğalı və siyasi opponentlərin məhv edilməsi idi.
Azərbaycanın reallığı isə fərqlidir. Ölkə çoxmillətli quruluşunu qoruyur, beynəlxalq hüquqa əsaslanan siyasət yürüdür, ekspansionist ideologiyadan uzaqdır. Bu halda Azərbaycanı Reyxlə müqayisə etmək nə elmi, nə də etik baxımdan doğrudur. Bu, sadəcə ucuz populizm və manipulyativ ritorikadır.
Tarixə nəzər salaq: “Reyxin süqutu yalnız Hitler faşizminin məğlubiyyəti deyildi – o, həm də öz xalqını aldadan, cəmiyyətini qütbləşdirən, fərqli düşüncəni məhv edən bir ideologiyanın iflası idi”.
Azərbaycanın siyasəti bu gün “çoxqütblü dünyanın sərt qaydaları içində öz yolunu seçmək” cəhdidir. Bu yol nə Reyxdir, nə də kiminsə köhnə imperiya illüziyaları. Bu, müstəqil dövlətin yoludur. Və ən önəmlisi, Azərbaycanı Reyxlə müqayisə edənlər bir gün bu ritorikanın hədəfinə özlərinin çevriləcəyini anlamırlarmı?
Tarix göstərir ki, nifrət üzərində qurulan heç bir ideologiya uzunömürlü olmayıb.
Ən maraqlısı isə budur ki, Reyx analogiyasını dilə gətirənlərin öz ritorikası və davranışları həmin totalitar modelin ilkin mərhələsini daha çox xatırladır. Nifrət ritorikası, cəmiyyətin bölünməsi, opponentləri xain və təhlükə mənbəyi kimi damğalamaq, özünü yeganə doğru yolun daşıyıcısı kimi təqdim etmək açıq-aşkar ittihamçıların ruhuna hopmuş kimi görünür.
Bütün bunlar Hitler Almaniyasının başlanğıc illərində yürüdülən siyasətin elementləri olsa da, bu gün Azərbaycanı ittiham edənlərin gündəlik həyat tərzinə çevrilməkdədir.
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Musavat.com-a deyib ki, Azərbaycanı Reyxlə müqayisə etmək gülüncdür:
“Rusiyanın bəzi siyasi dairələrində Azərbaycanın idarəçilik modelini 3-cü Reyxlə müqayisə etmək cəhdləri yalnız tarixə qarşı hörmətsizlik deyil, həm də dərin geosiyasi manipulyasiyadır. Özlərini “böyük tarixi həqiqətin daşıyıcıları” kimi təqdim edən bu dairələr bilməmiş deyillər ki, Reyx yalnız Almaniya sərhədlərində doğulmuş bir sistem deyildi.
Bu sistem özünə qapılmış və dünyaya meydan oxuyan bir irqçi fəlsəfənin məhsulu idi.
Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bir çox dövlətlərin maralarına uyğun gəlmir. Ona görə də ölkəmizə qarşı absurd iddialarla çıxış edirlər. Azərbaycan Qarabağ müharibəsində qalib gəlmiş, beynəlxalq hüququn (BMT Təhlükəsizlik Şurasının qətnamələrinin) icrasını təmin etmiş bir dövlətdir və Reyxlə müqayisə etmək absurd və gülüncdür. Bu gün ölkəmiz müstəqil xarici siyasət yürüdür. Azərbaycan nə Qərbin, nə də Moskvanın peyki olmayaraq öz maraqlarını müdafiə edir.
Bu, nasizm deyil, suverenlik prinsipidir. Azərbaycan enerji resurslarını öz milli maraqları üçün lazım bildiyi şəkildə yönəldir. Bu gün Bakı Avropa üçün enerji təhlükəsizliyinin təminatçısına çevrilib.
Ölkəmizdə çoxmillətli quruluşu qorunur. Azərbaycan vətəndaşları olan ruslar da, yəhudilər də, gürcülər də, ləzgilər də, tatlar da, talışlar da ölkənin bərabər hüquqlu üzvləridir. Reyx isə “üstün irq” konsepsiyasına əsaslanırdı.
Bütün bunlar göstərir ki, Azərbaycanı Reyxlə müqayisə edənlər faktlara əsaslanmır. Onlar geosiyasi təzyiq ritorikası ilə məşğuldurlar”.
A.Nağıyev qeyd edib ki, əgər bu gün hansısa siyasi analitik, yaxud özünü “strateq” adlandıran ekspert Azərbaycanın müstəqil kursunu “Reyx təfəkkürü” ilə eyniləşdirirsə, onda sual olunur: bu bənzətməni irəli sürənlər özləri hansı modelin davamçılarıdır:
“Azərbaycan beynəlxalq hüquqa əsaslanan və regionda sabitlik missiyasını daşıyan bir dövlətdir. Bunu görməyənlər ya tarixi bilmirlər, ya da bilərəkdən təhrif edirlər. Əslində isə Reyx analogiyasını dilə gətirənlərin ritorikasında özünəqapanma, nifrət və “vahid həqiqət daşıyıcısı” iddiası açıq-aşkar görünür.
Əgər bütün bu faktlara baxmayaraq, Azərbaycanı Reyxlə müqayisə etməkdə davam edirsinizsə, onda bu bənzətmənin məqsədi tarixi həqiqət deyil, siyasi manipulyasiyadır. Bu gün Reyx modelinə daha çox onların yanaşması bənzəyir.
Azərbaycanı Reyxlə müqayisə edənlər bir anlıq güzgüyə baxsalar, öz ritorikalarının və davranışlarının daha çox kimə bənzədiyini görərlər.
Reyx bənzətmələri edənlər özlərinin nifrət ritorikalarına və radikal çağırışlarına diqqət etsinlər. Bu ritorika ilk baxışda təhlili paralel kimi təqdim olunsa da, əslində həm tarixi, həm hüquqi, həm də etik baxımdan ciddi suallar doğurur. Üçüncü Reyx Adolf Hitlerin rəhbərliyi altında qurulmuş irqçi və ekspansionist ideologiyaya əsaslanan, milyonlarla insanın məhvinə səbəb olmuş bir sistemdir.
Azərbaycan isə çoxmillətli, dini və mədəni müxtəlifliyi qoruyan, beynəlxalq hüquqa əsaslanan dövlət siyasəti yürüdən bir respublikadır. Burada dövlətin milli və dini azlıqlara qarşı sistemli soyqırımı, yaxud ekspansionist müharibə planı yoxdur. Bu mənada, Üçüncü Reyxlə hər hansı eyniləşdirmə tarixi faktlara deyil, siyasi ritorikaya əsaslanır”.
Deputat deyib ki, nasizm tamamilə ideoloji dövlət modeli idi:
“Bu gün Azərbaycan dövləti Konstitusiya ilə müəyyən olunmuş çoxpartiyalı mühit və hüquqi çərçivədə fəaliyyət göstərir. Reyx milyonlarla qurban vermiş bəşəriyyət faciəsidir. Onunla müasir dövlətləri müqayisə etmək tarixi məsuliyyətsizlikdir.
Belə sərsəm iddiaları irəli sürənlər başa düşməlidirlər ki, Azərbaycan müstəqil dövlətdir və öz müstəqil siyasətini yürütməkdə davam edəcək”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ