Onlayn ictimai-siyasi qəzet
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.
Musavat.com “Qafqazinfo”ya istinadla yazır ki, Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə etiraz edir.
Məktəbdə payı olduğunu iddia edən Kamilə Əliyeva məhkəməyə üz tutub. Məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib.
Hökmə görə, Rasim Məmmədovun arvadı Mehriban Məmmədovanın rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib. Bu səbəbdən dövlət nəfinə alınması hökmdə əksini tapıb. Rasim Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə olunub. Apellyasiya və kassasiya instansiyaları Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qanuni hesab edib.
Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları, çəkişmələri davam edərkən Kamilə Əliyeva susmağa üstün verib. Hökm qanuni qüvvəyə minənə kimi də bu məsələ haqda danışmayıb, məhkəməyə şikayət verməyə tələsməyib. Məktəb bu yaxınlarda icra məmuru tərəfindən 24 milyon 700 min manata satışa çıxarılıb.
Kamilə Əliyevə hökmlə razı deyil. K. Əliyeva şikayətində yazır ki, Bakı Oksford Məktəbinin 1/2 hissəsi ona məxsusdur. O, artıq bütün instansiyalardan keçmiş işi yenidən başlatmaq istəyir. Əldə etdiyimiz digər məlumata əsasən, keçmiş Administrasiya rəhbərinin qızı ilə birgə hələ də Bakı Oksford Məktəbinin rəhbəri olan Mehriban Məmmədova da maraqlı şəxs kimi işə qoşulmaq niyyətindədir.
Hər iki xanım apellyasiya şikayəti vermək üçün birinci instansiyaya - Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər. Hələ ki, məhkəmə onların müraciətinə baxmayıb.
Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasən imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb.
Xatırladaq ki, Rasim Məmmədov barəsində 2022-ci ilin dekabrında hökm çıxarılıb.
O, 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Rasim Məmmədov məhkəməsində “Ramiz Mehdiyevi atam qədər istəmişəm” deyib. Eyni zamanda məhkəmədəki çıxışlarından belə anlaşılıb ki, Rasim Məmmədovun həbsi Ramiz Mehdiyevin şikayəti əsasında baş tutub.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ