İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramazanda toy da olar, nişan da, amma...

Mübarək ayda şənlik etməklə bağlı fərqli fikirlər var; bəs dinimiz nə deyir?

Mübarək Ramazan ayını yaşayırıq. Orucluq matəm ayı sayılmasa da, Ramazanda adətən Azərbaycanda toy şənlikləri keçirilmir. Halbuki buna heç bir dini qadağa yoxdur. Ramazanda toy-nişan etmək olarmı və hansı tövsiyələr var? Qeyd edək ki, bir sıra müsəlman ölkələrində Ramazan ayında toylar keçirilsə də, bu, ölkələrin mədəniyyəti, dini dəyərləri və ictimai baxışlarına görə fərqlənir.

Misal üçün, Türkiyədə Ramazanda toylar nadir hallarda keçirilsə də, bəzi ailələr iftardan sonra məhdud çərçivədə toy məclisləri təşkil edir. Lakin böyük və səs-küylü mərasimlərə üstünlük verilmir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətərdə orucluqda toy etmək qeyri-adi haldır, çünki bu ay ibadət və oruc tutmağa həsr olunur. Lakin bəzən ailəvi məclislər təşkil edilə bilər. Misir, Mərakeş, Tunisdə də toylar əsasən Ramazandan sonraya saxlanılır, amma bəzi ailələr iftardan sonra sadə şəkildə toy edə bilirlər.

Pakistan, Hindistan, Banqladeşdə toylar əsasən Ramazan ayına planlaşdırılmır, çünki insanlar daha çox dini fəaliyyətlərə üstünlük verirlər. Ümumilikdə isə insanların oruc tutması, Ramazanın dini mahiyyəti və iftar saatına qədər qonaqların rahat iştirak edə bilməməsi toyların sayını azaldır. Bir sözlə, Ramazan ayında toy edənlər azdır və adətən belə mərasimlər daha sakit, iftardan sonra və kiçik miqyasda keçirilir. Ölkəmizdə fəaliyyət göstərən şadlıq evləri və restoranlarla əlaqə saxlayıb toyla bağlı sifariş alıb-almadıqlarını soruşduq. Şadlıq evlərinin bir qismi, ümumiyyətlə, cavab vermədi, bəziləri isə bildirdi ki, Ramazan ayında demək olar ki, sifariş almayıblar. Yalnız bir-iki ad günü və nişan üçün sifariş qəbul ediblər. Bəziləri isə bildirdi ki, bir aylıq təmirə görə bağlanıblar, Ramazandan sonra fəaliyyət göstərəcəklər.

resul mirhesimli.jpeg (61 KB)

Dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Ramazan ayı İslam dinində xüsusi yer tutan mübarək aydır. Ramazan ayı insanlara ruhani təmizlənmə, mərhəmət və özünüdərketmə imkanı vermək baxımından seçilir. Günün bəlli saatlarında insanların halal olmayanlardan aralı durması nəfsi tərbiyə baxımından müsbət vərdişlər qazandırır. Oruc tutan insan bir ay boyunca bu vərdişlərə yiyələndikcə qalan ayları da Ramazan ayının hikmətinə yaşamaq xarakterini özündə daşımağa cəhd edir. Ramazan ayında toy etmək mövzusu hər il müxtəlif variantlarla gündəmə gəlir. İnsanların toy mərasimi, yaxud başqa şənliklər təşkil etmək istəyinə kimsə qadağa qoya bilməz. İslam dini də insan iradəsinə məcburi qaydada müdaxiləni yolverilməz sayır. Çünki dinimiz məcburiyyəti məqbul saymır. İslam dini, eləcə də bütün səmavi dinlər haramlardan uzaq durmağı tövsiyə və bəyan edir, harama yaxınlaşmağın günah olduğunu bildirir. İnsanlar həmin toy məclisində haramlardan uzaq durub, orucluğun qaydalarına əməl edərək toy etmək istəyirsə, buna kimsə qarışa bilməz.

Lakin bəzən insanlar dinin qadağalarına əməl etməyib, bu qadağaların əleyhinə davranıb, bu əməllərinə də bəraət axtarırlar. Din konkret olaraq nəyin haram, nəyin halal olduğunu açıq şəkildə bəyan edir. İnsanlara da haramlardan uzaqlaşmaları xəbərdarlığı edilir.

Əgər insanlar Ramazan ayına məxsus olan prinsipləri nəzərə alaraq, toylarda bu qaydalara riayət etməyə çalışırlarsa, kimsə onlara qadağa qoya bilməz. Hər bir insan öz seçimində sərbəstdir. Ailə qurmaq iki insanın sevgisi üzərində qurulan, iki ailənin razılığı əsasında baş tutan cəmiyyətin ən önəmli mənəvi institutudur. Ailənin qurulması zamanı insanlar Allahın da razılığını qazanmaq istəyirlərsə, o zaman Yaradanın əmr və bəyanlarına həyatlarında yer ayırsınlar. O zaman qəlbləri də aramlıq tapar, həmçinin ailənin təməlinə haram qatmamış olarlar".

Məlumat üçün deyək ki, keçmişdə bəzi müsəlman dövlətlərində, xüsusilə Osmanlı və Abbasilər dövründə Ramazan ayında böyük dövlət tədbirləri, o cümlədən saray toyları keçirilirdi. Misir və İran kimi ölkələrdə tarixən Ramazan ayında kral ailələri və yüksək vəzifəli şəxslər kiçik ailəvi mərasimlər təşkil ediblər.

Mütəxəssislər Ramazanda toy məclislərinin keçirilməsinin bəzi psixoloji-sosial tərəfi barədə məqamları qeyd ediblər. Belə ki, gündüz vaxtı ac və susuz qalmaq enerjini azaldır, bu da uzun toy məclislərinin iştirakçıları üçün yorucu sayılır. Bəzi ailələr Ramazanda toy etməyi hörmətsizlik kimi qəbul edir, digərləri isə bunu normal sayır. Ramazan toylarında adətən spirtli içkilər olmur, qonaqlar ibadətə daha çox diqqət yetirir. Bu faktın özü də toyların az olmasına dəlalət edir. İslamda toy etmək üçün xüsusi qadağan olunmuş vaxt yoxdur, amma bəzi mənbələrə görə, Məhərrəm və Ramazan ayları toy üçün daha az münasib hesab edilir. Ramazanda toy etmək dini baxımdan haram hesab edilmir, lakin bəzi din xadimləri bunu tövsiyə etmir. Bir sözlə, Ramazanda toy etmək ətrafında müxtəlif fikirlər var. Dini baxımdan konkret qadağa yoxdur, amma sosial və mədəni səbəblərə görə çox yerdə bu, ənənə halına çevrilməyib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR