Onlayn ictimai-siyasi qəzet
Gürcüstan rəhbərliyinin Avropa İttifaqına (Aİ) inteqrasiya siyasəti fonunda prezident Mixeil Kavelashvili ölkəsinin milli ləyaqətini və suverenliyini qorumağın vacibliyini vurğulayıb.
Musavat.com-un məlumatına görə, dövlət başçısı bildirib ki, bəzi QHT-lər və vətəndaş cəmiyyətinin nümayəndələri xalqın mandatına malik olmadan, qanunvericilik prosesinə təsir göstərməyə və legitim hakimiyyətdən üstün mövqe tutmağa çalışırlar:
“Öz vətəndaşlarını, öz tarixini və keçmişini təhqir etmək, yalnız hansısa bir ittifaqa daxil olmaq üçün bir ayaq üstə dayanmaq nə deməkdir?! Bu, milli qürurun zədələnməsi, dövlətin suverenliyinə hörmətsizlikdir.”
Kavelashvili qeyd edib ki, Gürcüstan Avropa inteqrasiyasına sadiq qalsa da, bu istiqamətdə ölkənin daxili dəyərləri və maraqları heç vaxt qurban verilməməlidir. Onun sözlərinə görə, “Gürcüstanın Avropa ailəsinə daxil olması yalnız milli iradə və dövlətin ləyaqəti əsasında mümkündür.”
Prezidentin bu açıqlaması Qərbin son aylarda Tbilisi hökumətinə yönəltdiyi tənqidlər fonunda səslənib. Brüssel və Vaşinqton tez-tez Gürcüstan hakimiyyətini “demokratiyadan uzaqlaşmaqda” və “anti-Qərb ritorikası”nda ittiham edirlər.
Lakin Tbilisidə hesab olunur ki, Qərbin bu təzyiqləri Gürcüstanın Ukrayna müharibəsinə münasibətdə balanslı mövqe tutması, Rusiyaya qarşı sanksiyalara qoşulmaması və öz suveren xarici siyasətini qorumaq cəhdlərindən qaynaqlanır.
Rəsmi dairələr bildirirlər ki, Gürcüstanın məqsədi həm Avropa dəyərlərinə inteqrasiya etmək, həm də öz milli maraqlarını qorumaqdır. Bu balansın saxlanması isə, prezidentin sözlərinə görə, ölkənin gələcək siyasi sabitliyi üçün əsas şərtdir.
Musavat.com
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ