İnsanlara hürriyət, millətlərə istiqlal!

Radikal təfəkkürün siyasi “mahiyyəti”  

 

 Təəssüf ki, bizə düşmən gözü ilə baxan ölkələrin zəhərli “istixanalarında” yetişdirilən radikal təfəkkür hələ də öz mövcudluğunu qoruya bilib. Əlbəttə ki, bu cür düşüncə tərzinin siyasi meydanlarda mövcudluğu dünyada baş verən müxtəlif münaqişələr və müharibələr kimi heç də təsadüfi deyil. Radikal təfəkkür zərərli mikrob kimi konkret cəmiyyətə yeridilir ki, ictimai-siyasi münasibətlərdə sistem xarakterli çətinliklər formalaşsın və həmin cəmiyyətin ideoloji parçalanması üçün süni zəmin yaransın. Yəni, birmənalı olaraq bilməliyik ki, radikal təfəkkür əsla ədalət və inkişaf uğrunda sərt mübarizənin məhsulu deyil. Tam əksinə, siyasi radikallıq cəmiyyətin təkamül yolu ilə inkişafına əngəl yaratmaq niyyətinin təzahürüdür. Şahidi olduğumuz hər hansı bir siyasi hadisə ilə bağlı şəxsi münasibətimiz formalaşarkən qeyd olunan həqiqəti mütləq nəzərə almalıyıq.

Sözügedən mövzuya təkrar toxunmağa vadar edən səbəb Azərbaycanda radikal təfəkkürün “klassik” nümunəsi olan Əli Kərimlinin 11 oktyabr tarixli “çox məzmunlu” müsahibəsidir. Sözügedən müsahibə radikal təfəkkürün amorf və dağıdıcı mahiyyətini “dibə” qədər ifşa edir.               

Keçmiş babin kasetlərinə yazılmış səs yazısı kimi səsləndirilən müsahibə Ə.Kərimlinin bir siyasətçi kimi tükənmişliyinin növbəti sübutudur. Gəlin bir neçə “maraqlı” epizoda diqqət yetirək. Müsahibə zamanı bu insan özünü bir neçə dəfə “prinsipial müxalifət” adlandırır. Deməli elə çıxır ki, siyasətdə olan bütün digər insanlar “prinsipsizdirlər”. Əlbəttə ki, mövcud termin təsadüfən istifadə olunmur. Radikal baxış və mövqeyini “prinsipial” sözü ilə əvəz etmək istəyən bu zavallı siyasətşivən anlamır ki, siyasətdə prinsipial mövqenin nümayişi konkret nəticələri olan aktiv fəaliyyətin göstərilməsini tələb edir. “Boykot-boykot” oyunları, məsuliyyətdən qaçmaq, cəmiyyətin inkişafına səbəb ola biləcək heç bir rasional təklifin sahibi olmamaq, habelə ucuz və peşəkarlıqdan uzaq olan emosional demaqogiya əsla prinsipial siyasət sayıla bilməz. Əksinə, sadalanmışların hamısı bilavasitə siyasi prinsipsizliyin nəticəsidir.    

Halbuki Kərimli ünvanlarına lağlağı edərək “prinsipsiz siyasətçilər” adlandırdığı şəxslər özlərində güc tapıb seçkilərdə iştirak etdilər və bu gün artıq Milli Məclisdə təmsil olunurlar. Görünən odur ki, öz növbəti fiaskosunu etiraf edə bilməyən bu siyasətçi indi də “şiddətli” şəkildə yeni bəhanələr axtarışındadır. Razılaşın ki, 30 il ərzində öz partiyasına heç bir uğur qazandıra bilməyən “prinsipial” siyasətçi çoxdan siyasi meydanı tərk etməli idi.

Adını çəkdiyimiz bu siyasətçinin partiyada hətta müavini belə yoxdur. Bəli, bu fakt özü-özlüyündə “əsl prinsipiallığın” göstəricisidir. Müsahibə zamanı Kərimli çəkinmədən və utanmadan etiraf edir ki, müavini yoxdur. Həqiqətən də “böyük demokratdır”. İdarəçiliyin baza prinsiplərindən xəbəri belə olmayan bu insan kimə və nəyə güvənir..? Yoxsa bunları etmək üçün ona “ürək-dirək” verən hansısa “əcnəbinskiy” pərilər var?     

Bu insan öz müsahibəsində açıq şəkildə etiraf edir ki, o bir siyasətçi kimi artıq arxaizmə çevrilib. Texnologiyalar durmadan inkişaf edir, müxtəlif tendensiyalar dinamik şəkildə yayılır, dünyada və regionda yeni reallıq formalaşır və qeyd etdiyimiz sözügedən obyektiv amillər suveren ölkələrdən davamlı şəkildə yenilənməyi və təkmilləşməyi tələb edir. Kərimli isə öz müsahibəsində bəyan edir ki, “yeni siyasi konfiqurasiyada özümü görmürəm”. Əlbəttə ki, “ipi” digərlərin əllərində olan “marionet kuklanın” heç bir ümidi olmaz. Öz siyasi gələcəyi ilə bağlı bütün ümidlərini yalnız Qərbin dəstəyinə bağlayan siyasətçidən əsl lider çıxmaz, çünki  bu cür siyasətçi müstəqil düşünə bilməz.

 Müsahibənin məzmunu bizlərə növbəti dəfə onu göstərdi ki, Kərimlinin “nailiyyətləri” yalnız ucuz demaqogiya sahəsi ilə bağlıdır. Müsahibədə onun peşəkarlığını göstərən, bu və ya digər sahənin inkişafı ilə bağlı hansısa fikir səsləndirilmədi. Həqiqətən də 30 il ərzində öz siyasi amorfluğu demaqogiya və emosional manipulyasiya ilə gizlətmək bacarığı böyük “prinsipiallıqdır”.

 Beynəlxalq təcrübəni və müxtəlif elmlərin metodologiyasını nəzərə alaraq deyə bilərik ki, siyasətdə radikal təfəkkürün mövcudluğunun əsas səbəbləri xəstə ambisiyalar, natamamlıq kompleksi, qeyri-peşəkarlıq, reallaşmamış ümidlər, irrasionallıq və cərəyan edən hadisələrə qeyri-adekvat reaksiyadır. Siyasi radikallığı xarakterizə edən əsas xüsusiyyətlər bunlardır. Əlində silah küçələrdə iğtişaş yaratmaq istəyənlər isə terroristlərdir. Ancaq bir çox ölkələrin təcrübəsi bizə onu da deməyə əsas verir ki, terrorizm siyasi radikallığın cəmi bircə addımlıq məsafədə dayanır.

politoloq Asif Adil

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR