İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qoca qitə" Ukraynaya girov düşüb: ABŞ-dan Avropaya "Apokalipsisə hazırlaşın" mesajı verildi

Avropa Birliyi sosial xərcləri azaldır, vergiləri artırır, çünki müdafiə və təhlükəsizliyü gücləndirmək, Ukraynaya dəstəyi davam etdirmək üçün maliyyə qaynaqlarına ehtiyac duyulur... "Soyuq müharibə"dən sonra hərbi büdcələrini ixtisar edib, yalnız zəngin olmaq barədə düşünən Avropa ölkələri indi başqa dövlətlərdən yolverilməz şəkildə asılı duruma düşüblər...

Ukrayna savaşı ətrafında yeni situasiyanın yaranması Qərbdə gələcəyə yönəlik pessimist əhval-ruhiyyəni gücləndirməyə başlayıb. Qərb siyasi dairələri Ukraynanın məğlub olacağı təqdirdə, Rusiya qarşısında tab gətirməyin çətin olacağını düşünürlər. Və çıxış yolu axtardıqları bu vəziyyətin tədricən nəzarətdən uzaqlaşmaqda olduğu qənaətindədirlər.

Qərb siyasi dairələrinin əsas məyusluğu ondan ibarətdir ki, Rusiyaya qarşı qurulmuş planlar böyük ölçüdə baş tutmayıb. "The New York Times" nəşri hesab edir ki, ABŞ-ın iki il ərzində reallaşdırmağa çalışdığı və Rusiyanın dünyadan təcrid edilməsinə yönəldilmiş hərbi-siyasi kampaniya son təsir sərhədlərinə çatıb. Ona görə də, nəşrin təhlilinə görə, Ağ Evin Rusiyanın öz sərhədləri daxilinə sıxışdırmaq planını artıq iflasa uğramış hesab etmək olar. Çünki Kreml Rusiyanın zəngin neft-qaz resursları sayəsində maliyyə və siyasi cəhətdən duruş gətirməyi bacarıb.

0ae88fc6e60467b733e0046040aa3b19.jpg (100 KB)

Məsələ ondadır ki, Ukrayna savaşının başlanmasından dərhal sonra ABŞ Rusiyaya qarşı siyasi-diplomatik hücumları gücləndirib, iqtisadi məhdudiyyətlər tətbiq edib, dünya ölkələrinə təzyiq göstərməklə, onları Kremllə əlaqələri kəsmək məcburiyyətində buraxıb. Ancaq indi məlum olur ki, bütün bu cəhdlər tamamilə boşa çıxıb. Hər halda, Kremli Qərbdən verilən mesajlara həssas yanaşmaq zorunda buraxacaq situasiyanın yarandığını iddia etmək qətiyyən mümkün deyil.

Kreml Rusiyanın neft-qaz resurslarına bağlı maliyyə və siyasi dayanıqlılığından Qərbə müqavimət istiqamətində bacarıqlı şəkildə istifadə etməyə nail olub. Üstəlik, Rusiya bu müddət ərzində Qərbin təzyiqlərini dəf etməklə yanaşı, Asiya, Afrika və Cənubi Amerikada öz təsir mexanizmlərini də gücləndirməyə imkan tapıb. Və bu səbəbdən də, Rusiyanı qısa zaman içərisində küncə sıxışdırıb, məğlub etmək planlarının perspektivləri barədə danışmaq indi tamamilə yersiz görünür.

Əksinə, hazırda Qərb yenidən güclənməkdə olan Rusiya təhlükəsinə qarşı vaxtında çarə tapmaq barədə düşünmək məcburiyyətində qalıb. Hər halda, Qərb siyasi dairələrində indi Rusiya ilə yaxın gələcəkdə qaçılmaz olacaq savaşa hazırlıqla bağlı çağırışlar daha ön plana keçirilib. Xüsusilə də, Avropa Birliyi ölkələri hərbi xərclərin artırılması ilə bağlı məcburiyyəti böyük narahatçılıqla müzakirə edirlər. Və bu, Avropa dövlətləri üçün vərdişdən uzaq situasiya hesab olunur.

Maraqlıdır ki, Avropa Birliyi hazırda iki variantdan birini seçmək məcburiyyəti ilə qarşılaşıblar. Birinci variant Ukraynaya dəstəyi dayandırıb, öz hərbi potensiallarını artırmaqla bağlıdır. Yəni, Ukrayna savaşına sərf edilən maliyyə vəsaitinin ölkələrin hərbi qüdrətinin artırılmasına xərclənməsi vacib hesab olunur. İkinci varianta görə isə rəsmi Kiyevə dəstəyi davam etdirərək, Ukraynanın məğlubiyyətdən xilas olunması sayəsində Rusiya və Avropa arasında bufer zonasının qorunmasına nail olmaq nəzərdə tutulur.

orig-1635353624BtZoEW3QiICa0Nl8RZvifhYSTfttlYkOXoszjS96.jpeg (184 KB)

Ancaq Qərb siyasi dairələrinin indiyə qədər buraxdıqları kobud səhvlər bu iki variantı ayrı-ayrılıqda qeyri-effektiv duruma gətirib. Yəni, Avropa Birliyi hansısa variantlar arasında seçim şansı verəcək zamanı böyük ölçüdə artıq itirib. Ona görə də, indi Avropa dövlətləri bu iki variantı eyni vaxtda, bir-birinə paralel şəkildə reallaşdırmaq məcburiyyətində qalıb.

Hər halda, Qərbin hərbi dəstəyi olmadan Ukraynanın Rusiya qarşısında uzun müddət tab gətirməyərək, məğlub olacağı artıq qətiyyən şübhə doğurmur. Ukrayna məğlub olacağı təqdirdə isə Avropa Birliyi ölkələrinin Rusiya ilə ehtimal edilən savaşa hazırlaşmaq imkanı real görünmür. Və Kremlin Avropa dövlətlərinə Rusiya ilə savaşa hazırlaşmaq şansı tapacağına inanmaq sadəlövhlük olardı.

Təbii ki, belə situasiya Avropa Birliyinin maliyyə yükünü daha da ağırlaşdırır. Çünki indi Avropa ölkələri bir tərəfdən Ukrayna savaşının maliyyələşdirilməsini davam etdirməlidirlər. Digər tərəfdən isə öz ölkələrinin onilliklər boyu əhəmiyyət verilməyən hərbi ehtiyaclarına fantastik maliyyə vəsaiti xərcləməlidirlər. Və üstəlik, bütün bunlar üçün maliyyə qaynaqlarının təmin edilməsi də əlavə problemlər yaradır.

Bir müddət öncə Danimarka Ukraynanın dəstəklənməsi istiqamətində gözlənilməz addım atmışdı. Belə ki, Danimarka ordusunun artilleriya sistemləri tam şəkildə Ukraynaya verilmişdi. İndi isə Danimarka öz ordusunu ən müasir artilleriya sistemləri ilə təmin etmək məqsədilə dövlət büdcəsindən irihəcmli məbləğlər ayırıb. Və bəzi hərbi ekspertlər Danimarkanın seçdiyi variantın ən doğru çıxış yolu olduğunu düşünürlər.

ezgif.com-gif-maker.jpg (210 KB)

Maraqlıdır ki, Danimarka baş naziri Mette Frederiksen Avropa ölkələrinin üzləşdiyi hərbi-siyasi böhranı da tam dəqiqliyi ilə ifadə etməyi bacarıb. Onun fikrincə, Avropa ölkələri sosial təminata sərf edilən xərcləri azaltmalıdır və vergilərin aşağı salınması siyasətindən imtina etməlidirlər. Bu sahələrə sərf edilən maliyyə vəsaiti daha aqressiv Rusiyadan qorunmaq üçün müdafiə və təhlükəsizlik məqsədlərinə yönəltmək lazımdır.

Danimarka baş nazirinin fikrincə, Avropa ölkələri indiyə qədər müdafiə və təhlükəsizlik sahələrinə yetərincə maliyyə vəsaiti xərcləməyiblər: "Soyuq müharibə"dən sonra Danimarka da daxil olmaqla, Avropa ölkələri öz hərbi büdcələrini ixtisar ediblər. Biz dünyanın qərb hissəsində yalnız daha zəngin olmaq barədə düşünürdük. Ona görə də, Avropa bəzi ölkələrin yolverilməz asılılığı altına düşmüş oldu".

Göründüyü kimi, Danimarkanın baş naziri demək olar ki, Avropa ölkələrinin düşdüyü acınacaqlı durumu müəyyən mənada, təsvir etməyə çalışıb. Onun dediklərindən və mövcud situasiyadan belə anlaşılır ki, Avropa Birliyi ölkələrini olduqca ağır dövr gözləyir. Bu dövrün nə qədər təhlükəli və qorxunc olduğunu isə amerikalı senator Çak Şumer daha konkret ifadə edib: "Ya Ukraynaya yardım edəcəksiniz, ya da çox tezliklə baş verəcək Apokalipsisə hazırlaşın".

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR