Onlayn ictimai-siyasi qəzet
Borrel Avropa İttifaqındakı qoca “qırğı”lardan biridir. Nə təsadüf ki, İspaniyada separatçı bölgədə-Kataloniyada doğulub. Yenə də nə təsadüf ki, Borrel ermənilərin saxta soyqırım günündə-24 apreldə bu işıqlı dünyaya gəlib. Anti-Azərbaycan mövqeyi ilə seçilən Avropa Parlamentinə də üç il sədrlik edib, 2019-cu ildən isə loru dildə Avropa İttifaqının “xarici işlər naziridir”, rəsmi olaraq isə vəzifəsi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsidir.
Borrel partiyaçı olaraq sosialistdir. Avropa sosialistləri deyilənlərə inansaq, pula o qədər də həris olmurlar, amma Aİ rəsmisinin nümunəsində gördük ki, yalan danışmağı yaxşı bacarırlar. Məsələn, Borrel ötən il Avropa İnsan Haqları Forumundakı çıxışı zamanı mövcud olmayan “Dağlıq Qarabağ”dan “etnik təmizləmə və yerli əhalinin məcburi deportasiyası məsələsindən” xeyli uydurmalar danışmışdı. Hətta demişdi ki, guya bir həftə ərzində Qarabağda 150 min erməni “qaçmağa məcbur olub”. O vaxt onun sosialist kimliyinə işarə edərək yazmışdım ki, bu yalanları ilə Borrel Ermənistanın “sosialist əməyi qərhəmanı” da ola bilər. Ermənilər səlahiyyət müddəti bu yaxınlarda başa çatacaq Borrelə o adı qıymadılar...
Onun nə səviyyə(siz)də diplomat olduğu Ukrayna müharibəsi ərəfəsi Aİ-nin səlahiyyətli nümayəndəsi kimi apardığı “diplomatik danışıqlardan” da göründü. Bu adam Moskvaya gedib bir söz deyirdi, Brüsseldə başqa söz... Rusiya tezliklə onun nə “yuvanın quşu” olduğunu anladı, ona Moskvaya gəlməyi qadağan etdi. Onun diplomatiyası heç bir işə yaramadı, iki ilə yaxındır ki, Ukraynada müharibə davam edir. Məncə, onu Avropa İttifaqının özü belə heç vaxt ciddi diplomat kimi qəbul etmədi.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bugünlərdə deyib ki, Aİ diplomatiyasının rəhbərinin səlahiyyət müddətinin başa çatmasına çox sevinir, çünki bu zehniyyətlə Borrel ancaq uşaq kimi qum və bellə oynamağı bacarar. Siyarto dəfələrlə Borrelə təması olan siyasətçidir, ondan nələr eşidibsə, bu cür bənzətmə edir.
Borrel görünür ki, gethagetdə özündən daha çox “xatirə” saxlamaq istəyindədir. Belə ki, Avropa Diplomatik Akademiyasının açılışında çıxışı zamanı deyib ki, “Avropa( Aİ-ni nəzərdə tutur) bağdır, biz bu bağı yaratdıq. Bu, siyasi azadlığın, iqtisadi perspektivlərin və sosial birliyin ən yaxşı birləşməsidir. Dünyanın qalan hissəsi tam olaraq bağ deyil. Dünyanın qalan hissəsi cəngəllikdir. Cəngəllik isə bağı zəbt edə bilər”.
“Ağsaqqal”ın gənc diplomatlar qarşısında dedikləri dərhal trendlərə düşüb. Borrell gənc avropalı diplomatları yalnız həqiqəti söyləməyə, eyni zamanda “bəzi detalları gizlətməyə”də çağırıb. Borrel fərqində də deyil ki, əsl həqiqətlər əslində detallarda gizlənir...
Borellin “bağ və cəngəllik” bənzətməsi ən əvvəl irqi və dini ayrı-seçkilik, lap sərt desək, faşist ideolojisinin təbligidir. Hitler də o cür düşünürdü ki, onun mənsub olduğu irq alidir, qalan millətlər və dövlətlər ya ondan asılı yaşamalı, ya məhv olmalıdırlar. Bu həm də “mənim evim cənnət olsun, qonşunun evi yansa da olar” çağırışıdır. Borrel onu demir ki, necə edək ki, dünyanın qalan hissəsi də bağ olsun. Deyir ki, “biz cəngəliyin bağımızı zəbt etməsindən qorumalıyıq”. Qoca “bağban”...
Avropa İttifaqının “cənnət bağı” olmadığı bəllidir, son illər bu ittifaqa daxil olan ölkələrdə yaşananlar da bunu təsdiq edir. Aİ-yə üzv ölkələrdə milli və dini zəmində artan cinayətlər bir kənara, son günlər Niderlanda və Fransada antisemitizmin yeni dalğasının başlaması Borelin dediyi “bağda” vəziyyətin heç də deyilən kimi cənnət olmadığının yalnız bir sübutudur. Borrel artan sosial gərginliklərdən, iğtişaşlardan, tətillərdən danışmır, çünki bunun məsuliyyəti həm də onun üzərindədir. Ukrayna kimi ölkənin xarabaya, “cəngəlliyə” çevrilməsi axı həm də Borrelin məsuliyyətsizliyidir.
Təəssüf ki, bu, Avropa Birliyinin bir rəsmisinin deyil, bir çoxlarının ortaq mövqeyidir. Prezident İlham Əliyev COP29 tədbirində çıxışında kolonolist Avropa ölkələrinin adını çəkdi. Borrelə xitabən isə “Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın” dedi.
Borrel son çıxışlarının birində Trampa və Amerika seçicilərinə də “ilişib”. Avropa Parlamentində keçirilən dinləmələrdə Trampı İspaniya diktatoru Frankoya bənzədib, deyib ki, amma ABŞ diktatorun öz vətəndaşları seçib. Yəni onların da elə cəngəllik qanunlar ilə yaşadığına işarə edib.
...Borrel vəzifəsindən dərhal getsə yaxşıdır, buna biz tərəflərdə “xərifləyib” deyirlər...
Nazim SABİROĞLU,
Musavat.com
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ