İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ 31 mart Azərbaycanlıların Soyqırım gününə dair müraciət yayıb

Qafqaz Müsəlmanları İdarəsi 31 mart Azərbaycanlıların Soyqırım günü ilə bağlı müraciət ünvanlayıb.

Musavat.com xəbər verir ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirdilər: "Bu günlərdə bizlər Vətən müharibəsində Zəfərimiz üçün canlarından keçən qəhrəman şəhidlərimizə Allah-Təaladan rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlıqlarımızı verir, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləyirik. Azərbaycan dövləti hər zaman şəhidlərin xatirəsini uca tutur. Vətən torpağı, müstəqilliyimiz, dövlətçiliyimiz yolunda canını fəda etmiş I, II Qarabağ müharibəsinin, 20 Yanvar və Xocalı şəhidlərinin ruhları qarşısında baş əyir, xatirələrini daima anırıq.

Bəli, tarixdə heç kim və heç nə unudulmur. Biz sizlərlə 31 mart — Azərbaycanlıların Soyqırımı günü ərəfəsində bir arada toplaşmışıq. Bu qanlı tarix – 1918-ci ilin Mart soyqırımı Bakı şəhərində və müxtəlif bölgələrimizdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınları ehtiva edir. Bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Lakin erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda məqsədyönlü şəkildə kütləvi məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni sözün əsl mənasında “qan çanağı”na çevirdilər. Azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırım aktlarının reallaşması ilə müşayiət olunan bu siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. Bu məqsədlə Ermənistanda və ayrı-ayrı xarici dövlətlərdə dırnaqarası "milli-mədəni", dini, siyasi və hətta terrorçu təşkilatlar qurmuş, erməni diasporunun və lobbisinin imkanlarını səfərbər etmişlər. 1948-1953-cü illərdə ermənilər yüz minlərlə azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyasına nail oldular və faktiki olaraq Ermənistan Respublikası ərazisində monoetnik respublika yaratdılar. Azərbaycan xalqının görkəmli dövlət xadimi Heydər Əliyevin Siyasi Büro rəhbərliyindən uzaqlaşdırılmasından istifadə edən erməni şovinistləri etnik təmizləmənin yeni dalğasını həyata keçirdilər – 250 mindən artıq azərbaycanlınin Ermənistandan amansızlıqla qovulmasına nail oldular. 1992-ci ildə erməni ekstremistlərinin qədim Xocalıda həyata keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur.Soyqırımı və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır. Bütövlükdə, 2 milyona yaxın azərbaycanlı mənfur erməni siyasətinin fəlakət və dəhşətlərini öz taleyində yaşamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi.

Qafqazın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı dini konfessiyalarla birgə dünya dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara illərdir etdiyi müraciətlərdə Azərbaycan xalqına qarşı törədilmiş ədalətsizliklərə tarixi qiymət verilməsinə, törədilmiş hadisələrin bütöv xalqa qarşı planlı surətdə həyata keçirilən soyqırımı həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Bu il də birgə Müraciətimizi məqamlarına ünvanlamışıq, mətbuat vasitəsilə və Xarici İşlər Nazirliyi xətti ilə dünya ictimaiyyətinin diqqətinə çatdırmışıq".

QMİ sədri soyqırım kimi bəşəri cinayətlərin bir daha heç vaxt təkrarlanmaması üçün bu müraciətlərin, ədalətin bərqərarının olduqca vacib olduğunu qeyd edib.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR