İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qlobal resurslarda Azərbaycanla bağlı məlumatlar yoxdur"

"İnternet Mübadiləsi Mərkəzləri (Internet Exchange Point - IXP) ilə bağlı qlobal resurslarda həqiqətən də Azərbaycanla bağlı məlumatlar yoxdur".

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

osman.jpg (66 KB)

Ekspert qeyd edib ki, əvvəllər "Delta Telecom" tərəfindən aparılan az-ix.net adlı belə bir layihə olub, amma sonradan bu qlobal resurslardan Azərbaycanla bağlı məlumatlar silinib:

"Azərbaycanda iki magistral provayder - "Delta Telecom" və "Azertelecom" arasında arabağlantı (buna IXP demək doğru olmazdı) var. Yəni bu iki qurumun provayderləri arasındakı mübadilə trafiki xaricə çıxmaya bilər.

Əgər hər iki magistralın daxili siyasəti xarici tranzitdən istifadə etməyi tələb edirsə və ya bəzi ISP-lər birbaşa bu əlaqəyə qoşulmayıbsa, trafik xaricə çıxa bilər. Maraqlıdır ki, lokal, 2-ci səviyyəli provayderlər bu bağlantıya qoşulmayıb. Bu xidmət ödənişlidir.

Eyni zamanda, yeni yaranan magistral provayder olan "Aztelekom" ilə digər magistralların bağlantısı haqqında da bilgilər yoxdur. Halbuki əsas regional trafikimiz bu provayder üzərindədir.

Görünən odur ki, bizdə bütün lokal və magistral provayderləri birləşdirən rəsmi, şəffaf, hamı üçün bərabər əsaslarla istifadə edilə biləcək IXP indiyədək formalaşmayıb. Əgər lokal provayderlər eyni magistrala bağlıdırsa, mübadilə elə bu magistral üzərindən baş tutur, yox əgər provayderlər müxtəlif magistrallara bağlıdırsa, onda mübadilə birbaşa deyil, magistrallar üzərindən baş tutur. Yəni hər magistralın mübadilə mərkəzi, əslində, onun özüdür.

Azərbaycanda iki provayder arasındakı trafik mübadiləsinin marşrutuna "traceroute" vasitəsilə baxsaq, görərik ki, bu marşrut xeyli qəlizdir. Trafik çox sayda marşrutlardan (routerlərdən - Hop) keçərək son nöqtəyə çatır. Bu Hop-ların ortalama sayı qonşu ölkələrdə 2-4 arasındadır, bizdə isə adi istifadəçi üçün (məxsusi IP yoxdursa) 10 civarındadır. Bu isə çox böyük rəqəmdir və bu o deməkdir ki, internetin sürəti hiss olunacaq dərəcədə aşağı düşəcək.

Bəs nə etməli?

Yeni bir magistral provayder - "Aztelekom" da "backbone" bazara daxil olub. Güman ki, yaxınlarda daha bir magistral - "Starlink" də gələcək. A2Z də telekommunikasiya lisenziyası alıb və düşünmək olar ki, o da magistral olmaq istəyəcək.

Eyni zamanda RİNN-in apardığı "Onlayn Azərbaycan" layihəsindən sonra regionlarda minlərlə internet istifadəçisi arasında xeyli trafik mübadiləsi baş verir. Amma indiki halda bu regional trafik də magistrallar üzərindən mübadilə olunduğundan internetin sürətində ləngimələr qaçılmaz olur.

Odur ki, İKTA bütün provayderlərin bəhrələnə biləcəyi, şəffaf, bərabər əsaslarla qoşulmaq mümkün olan, bütün magistralların və lokal provayderlərin qoşulduğu, regional mübadilə mərkəzləri ilə inteqrasiya olunan bir milli internet mübadilə mərkəzinin yaradılmasına təşəbbüs göstərməlidir.

İKTA-nın bu haqda məlumatları qlobal resurslarda yerləşdirməsi də doğru olardı".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

14 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR