Onlayn ictimai-siyasi qəzet
Etiraf edək ki, növbəti ayla bağlı sinoptiklərin proqnozları bizə hələ məlum deyil – mümkündür ki, klimatik planda iyul tamam dözülməli ay olsun.
Amma siyasi meyarlara və ya mülahizələrə görə bu ay çox “qızmar” olmağı vəd edir, belə ki, iyulda iki mühüm tədbir baş tutmalıdır: Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü, Vilnüsdə isə NATO üzvlərinin sammiti keçirilməlidir.
Əvvəlcə NATO-nun sammiti haqqında bir neçə kəlmə. Bu sammit bir neçə səbəbdən diqqət çəkir – NATO ölkələri növbəti dəfə Ukrayna müharibəsində və Kiyevin NATO-ya üzvlük məsələsində müəyyənləşməlidirlər. Bir sıra ölkələr, xüsusən də Polşa tələb edir ki, Ukraynaya, nəhayət, üzvlüklə bağlı “yol xəritəsi” təqdim olunmalıdır. Amma digər ölkələr hesab edirlər ki, Kiyevə hələ məhdud təhlükəsizlik təminatları verilə bilər.
Hətta Ukrayna müharibəsi kimi bir mühüm məsələdə üzv dövlətlərin birmənalı mövqeyi yoxdur. Beləki, bu günə qədər tərəflər bir suala cavab verməyiblər: NATO-nun Rusiyaya qarşı “mədəni”, “ütülənmiş müharibəsi” nə vaxta qədər davam edəcəkdir? Nə vaxta qədər savaş Ukraynanın sərhədləri çərçivəsində aparılacaqdır?..
Əlbəttə ki, bu məsələlərlə bağlı NATO ölkələrinin mövqeləri statik deyil, onlar dəyişir. Məsələn, elə bu günlərdə ABŞ prezidentinə istinadən deyildi ki, Ukraynanın NATO-ya sadə, Üzvlüklə bağlı Hərəkət Planını həyata keçirmədən inteqrasiyasi mümkündür, amma Rusiya ilə müharibə bitəndən sonra! Qeyd edək ki, bu Plan şərt kimi 1999 –cu ildən qüvvədədir və hazırda onu Bosniya-Herseqovina həyata keçirir.
NATO sammitlə bağlı digər bir məqam İsveçin üzvlük məsələsidir. Stohkolm belə hesab edir ki, Ankaranın tələblərini həyata keçirib, hətta bir neçə PKK üzvünü Türkiyəyə ekstradisiya da edə bilər, amma gəl ki, Türkiyə bütün bunları kafi hesab etmir. Hazırda bu məsələ ilə bağlı çox intensiv danışıqlar gedir, məsləhətləşmələr aparılır. Bu günlərdə Brüsseldə NATO üzvü ölkələrinin müdafiə nazirlərinin toplantısı da keçirildi, amma siyasi müşahidəçilər əvvəldən qeyd etdilər ki, çətin, bu sammit Alyans qarşısındakı problemləri həll etmiş olsun...
Azərbaycan və Ermənistan liderlərinin görüşünə gəldikdə, hələlik qeyd edək ki, tərəflərin xarici işlər nazirlərinin anoloji Vaşinqton görüşü bu günlərdə təxirə salındı. Çox səbəblər deyildi. Amma güman ki, ən əsas arqument budur ki, Ermənistanda mürəkkəb siyasi vəziyyət hökm sürür, sülh sazişinin əldə olunması yolunda böyük maneələr var. Ona görə də hələ dəqiq məlum deyil: Brüsseldə liderlərin görüşü baş tutacaqmı? Elə bu günlərdə baş nazir Nikol Paşinyan bəyan etdi ki, nazirlərin Vaşinqton görüşü bu yaxınlarda reallaşa bilər...
Qeyd edək ki, bu həftə Türkiyə prezidentinin Bakıya səfəri oldu və o, üç mühüm məqamla yadda qaldı.
Birincisi, tərəflər iki illik yubileyi bu həftə tamam olan Şuşa Bəyannaməsinin prinsip və məqsədlərinə sadiq qaldıqlarını bir daha bəyan etdilər. İkincisi, prezident Ərdoğan bir daha əminliklə dedi ki, Zəngəzur layihəsi mütləq reallaşacaq. Üçüncüsü, Türkiyə prezidenti açıq şəkildə bildirdi ki, hazırda bu layihə qarşında ən böyük maneə İrandır. Yada salaq ki, Tehran belə hesab edir ki, Zəngəzur dəhlizi onun İrəvanla sərhədlərini bağlayacaq və bu səbəbdən onu özü üçün “qırmızı xətt”, hətta “sonuncu hədd” sayır.
Bəli, Cənubi Qafqazdakı geosiyasi proseslər indi belə bir mürəkkəb şəraitdə cərəyan edir. Rusiya ilə Qərb arasında açıq çəkişmə gedir. Qeyd etmək lazımdır ki, Bakı inamla məqsədlərinə doğru gedir: hazırda Laçın dəhlizində Rusiya sülhməramlıları və hətta onların yükləri də yoxlanışdan keçir.
Xankəndidən indi ən müxtəlif xəbərlər gəlir. Bir daha qeyd edək ki, İrəvanda siyasi vəziyyət mürəkkəbdir. Demək olar ki, bütün siyasi vektorlar fəallaşıb, hətta birinci prezident Levon Ter-Petrosyan aktiv siyasi fəaliyyətə qayıdıbdır – bu günlərdə onun Rusiya səfirilə geniş müzakirələr apardığı da deyildi.
Bu səbəbdən də bölgədə siyasi yay qızmar olmağı vəd edir. Amma bu, Bakını qəti qorxutmur.
Siyasi müşahidəçilərin böyük əksəriyyəti belə hesab edir ki, Azərbaycan-Ermənistan münaqişəsi konteksində bu il çox şey aydınlaşa bilər. Necə deyərlər, kölgələr günorta yox olur...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ