Onlayn ictimai-siyasi qəzet
Növbənöv, çeşid-çeşid milli xüsusiyyətlərimizdən biri də malalamaq, mala çəkməkdir.
Əslində “malalamaq” deyəndə əsasən üç şey nəzərdə tutulur: 1. Kotanla aparılan şumdan sonra kəsəyi, kəltəni malayla əzib, xırdalayayıb, hamarlamaq; Divara vurulan suvağı malayla yayıb, kələ-kötür yerlərini hamarlamaq, şümal etmək; 3. Siyasətdə, cinayətdə, məişətdə, ümumiyyətlə, həyatda cürbəcür “mala işləri” görmək.
Bu ifadənin üçüncü, məcazi mənası çox geniş yayılıb, hər gün yüz minlərlə adam bu ifadədən istifadə edir. Dünən axşam dövlət başçısı da müşavirədəki çıxışında o kəlməni iki dəfə işlətdi.
O cümlələrdən biri belədir: “... bir halda ki, nazirlik bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın”. İkinci cümlə isə daha genişdir: “Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək”.
Göründüyü kimi, ümimmilli malakeşliyimiz artıq dövlət rəhbərliyi səviyyəsində qeyd olunur.
İntəhası, məişətdə, ailədaxili konfliktlərdə uğurla tətbiq edilən malakeşlik cinayət hadisələrində, hərbi münaqişələrdə, dövlət işlərində, siyasi dartışmalarda həm effektiv olmur, həm də çox vaxt qəbahət olur.
Məsələn, olur ki, gənc ailədə heç nədən gərginlik yaranır, tərəflər münaqişəni böyüdürlər. Bu yerdə ağsaqqal və ağbirçək (əslində malakeşlik qadınlarda yaxşı alınmır, onlar çox vaxt ocaq üstünə benzinlə gedirlər) ortaya girir, əngin təcrübələri ilə ortalıqdakı daş-kəsəyi əzir, ortamı yumşaldır, barışıq üçün münbit şərait yaradırlar. Bu, xoşməramlı malakeşlikdir.
Amma olur ki, bir gənc avtoxuliqanlıq edərək 3 piyadanı xurd-xəşil edir. Bu məqamda ortalığa girib həm zərərçəkənlərlə, həm də hüquq-mühafizə orqanları ilə danışığa gedərək məsələni malalayan ağsaqqal əslində cinayətə bərabər bir hərəkət edir. Çünki həmin avtoxuliqan düşdüyü cəncəl işdən cəzasız qurtularsa, çox çəkməz, gedib daha ağır qəza törədəcək və daha onu malalamaq da mümkün olmayacaq. Bu da bədxassəli malakeşlikdir.
Bir dəfə Tərtər tərəfdə 17-18 yaşında iki gənc dalaşıbmış, biri o birini döyübmüş. Polisə şikayət məsələsi gündəmə gələndə döyənin atası “mala”sını da götürüb gedib döyülənin atasının yanına, deyib, əmoğlu, bunlar gəncdirlər, dəliqanlıdırlar, ikisi də diribaş uşaqdır, sözləri çəpləşib, tutaşıblar, süpürləşiblər, bir-birinə güc gəliblər, o da vurub, bu da vurub, intəhası, bizim qırışmal bir az qıvraq tərpənib, gəl, işi böyütməyək.
Ta nə desin? Evdə oğluna dediyi kimi, “yaxşı eləyib o gədənin ağzını-burnunu dağıtmısan” desə, iş və xərc böyüyə bilərdi. Adam məcburdur ki, mala işlətsin, ortalığı hamarlasın, döyülənin də izzət-nəfsini tumarlasın.
Yaxud tutaq ki, bir nazirlik olur, onun generalları pullu adamları tutur zirzəmiyə salır, kimin gücü nəyə çatır, 3 milyon, 5 milyon, heç olmayanda yarım milyon alır, buraxır, sonra işin üstü açılanda bunların özlərini tuturlar, bu dəfə ortalığa “malakeşlər” dəstəsi çıxır, deyirlər ki, bu ölkədə hamı bir yerdən başını dolandırır, bunlar da elə ediblər, zərərçəkənlər də azacıq aşın duzu olmayıblar, guya bunların yerində başqaları olsa, elə etməyəcəkdilərmi, bəs o biri nazirliklərə niyə dəyib-dolaşmırlar və s.
Məqsəd işi malalayıb ört-basdır etmək, güllələnməyə layiq adamları yüngül cəzayla qurtarmaq, hətta onların taladıqları milyonları özlərinə qaytarmaqdır.
Bu heç bir dəftərə-kitaba sığmayan malakeşlikdir. Bunu edənin malasını əlindən alıb təpəsinə vurmaq lazımdır.
Bax, belə şeylərə görə insanlarda malalama işləri ilə məşğul olanlara ikrah hissi yaranıb. Bir də görürsən, biri kobud səhvə yol verir, özü vəziyyətdən çıxa bilməyəndə malakeş-trollar ortaya atılır, “əslində müəllim elə demək istəməyib”, cənab başçının fikirləri təhrif edilib, o demək istəyib ki” deyə müstəvini hamarlamaq, yumşaltmaq cəhdi göstərirlər. Bəzən alınır, bəzən də alınmır.
Görünür, xarici şirkətin Söyüdlüdə yol verdiyi cinayətləri (özüm “qüsurları” yazmadım ki, malalamaq kimi çıxmasın) malalamaq cəhdləri olub. Nə qədər olmasa da qızıllı müəssisədir. Tarixən malalama işlərində pul və qızıl həmişə önəmli rol oynayıb. Qızılın əla hamarlayıcı, yumşaldıcı xassəsi var.
Əslində gərək bu işi yaxşı bacaran adamlara “Qızıl mala” mükafatı verilsin – “Qızıl qələm” kimi. “İlin malakeşi” nominasiyası da təsis etmək olar.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ