Onlayn ictimai-siyasi qəzet
Hər il havalar soyuyanda, qar yağanda dünyanın müxtəlif yerlərində, o cümlədən Azərbaycanda bəzi (nadir) insanlar buzlu suda çimməkə gündəmə gəlir. Sosial şəbəkələrdə dekabrın 3-də, soyuq yağışlı havada 56 yaşlı bir kişinin Kürdə çimməsini əks etdirən video yayılıb. Daha əvvəllər qar yağanda yaşlı kişinin dənizdə çimməsinə dair görüntüləri də var.
Vaxtilə mərhum məşhur YAP-çı Sirus Təbrizli də qarlı havada buzlu suda çimirdi.
Belə adamlar təkcə bizdə deyil, hətta məşhurlar da soyuq havada dənizdə, çayda, hovuzda çimir. Məsələn, 56 yaşlı supermodel Helena Kristensen bugünlərdə şaxtalı havada çimrəlik paltarı geyinərək üzü buzla örtülən gölə girib.
Bu adamların bədənləri digərlərindən fərqlidirmi? Yoxsa bu, anomaliyadır? Onlar gerçəkdən üşümür, yoxsa buna dözə bilirlər? Bəs tibb nə deyir?
Zülfüqar Yusifov
Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Biz bu cür vəziyyətlərlə həm Azərbaycanda, həm də dünyanın müxtəlif yerlərində qarşılaşırıq. Ekstremal təcrübələri sevən və adrenalin axtarışında olan insanlar var. Bəzən görürük ki, fərqli və təhlükəli sınaqlar həyata keçirilir. Bu, yalnız iqlimlə bağlı deyil, məsələn, hündürlüklərdən tullananlar, təhlükəli hərəkətlər edənlər var. Soyuq suya girmək də bunlardan biridir. Təbii ki, insanların orqanizmləri fərqlidir və hər birinin dözümlülük həddi müxtəlifdir. Bir də bu, çətinliklərə orqanizmin nə qədər hazır olması ilə bağlıdır ki, bu da illər ərzində qazanılmış vərdişlərdən asılıdır. Belə insanlar davamlı olaraq uzun illər bu vərdişlərin içində yaşadıqları üçün orqanizmləri müəyyən dərəcədə adaptasiya və readaptasiya prosesinə uyğunlaşa bilir.
Amma ümumilikdə normal şəkildə həyatını sürən insanlar üçün belə təcrübələr təhlükəlidir və tövsiyə olunmur. Bu kimi davranışlar həyat üçün çox riskli nəticələrə səbəb ola bilər.
Belə vərdişlər adətən yalnız müəyyən şəxslərdə müşahidə edilir və zamanla formalaşır. Məsələn, qidalanmada sərt və fərqli seçimlər edən insanlar var. Görürük ki, bəziləri iti əşyaları udur, bəziləri soyuqda uzun müddət qala bilir, bəziləri yüksək hündürlükdən tullanır, qarda yata bilir və ya həddən artıq böyük miqdarda qida qəbul edir. Bütün bunlar orqanizmin normadan kənar vəziyyətlərə uyğunlaşmasının nəticəsidir və illərlə qazanılan təcrübələrin məhsuludur.
Belə hallar orta statistik həyat yaşayan insanlar üçün uyğun deyil. Normalar həmişə qorunmalıdır və mümkün qədər bu hədlərdən kənara çıxılmamalıdır. Çünki normadan kənara çıxmalar orqanizm üçün ciddi fəsadlara yol aça bilər".
Dünyada da bununla bağlı bir sıra araşdırmalar aparılıb. Qeyd edilir ki, buz üstündə və şaxtalı havada suda üzən insanların vəziyyəti tibb baxımından araşdrılıb. Bu insanların orqanizmlərinin digər insanlardan çox fərqli olmadığı, lakin uzun müddət təlim və uyğunlaşma nəticəsində bədənlərinin soyuq mühitə dözümlülüyünü artırdığı ortaya çıxıb. Bəs bu adamlar soyuğu həqiqətən hiss etmirlərmi sualına isə belə cavab verilir. Bu insanlar əslində soyuğu hiss edirlər, lakin bədənləri və zehinləri buna daha yaxşı uyğunlaşır. Onlar həmçinin yüksək iradə və zehni hazırlıqla soyuqdan yaranan narahatlığa dözə bilirlər. Uzun müddət davam edən bu məşğələlər bədənin soyuq mühitdə daha effektiv işləməsinə şərait yaradır. Tibbi baxımdan bu fəaliyyətlər müəyyən faydalar təqdim etsə də, soyuq mühitə uzun müddət məruz qalmanın zərərli təsirləri də ola bilər, məsələn, toxuma zədələri və ya digər sağlamlıq problemləri (trenç ayağı kimi). Buna görə də bu cür fəaliyyətlər ciddi hazırlıq və diqqət tələb edir.
Danimarkalı alim, soyuqla bağlı fizioloji təsirləri öyrənən tədqiqatçı Dr.Susanna Soeberg hesab edir ki, soyuq suda üzən şəxslərdə “qəhvəyi piy toxuması” daha aktiv olur. Bu toxuma bədəni istiliklə təmin edir və enerjini daha tez metabolizə edir. Bu, “soyuq mühitdə rekalorifikasiya” adlı bir mexanizmə əsaslanır. Susanna Soberg soyuq suya mütəmadi məruz qalmağın insan sağlamlığına müsbət təsirlərini, o cümlədən metabolizmin sürətlənməsini, immunitetin güclənməsini və stressə davamlılığın artmasını araşdırıb.
O, kitabında soyuq suya uyğunlaşmanın zehni və fiziki sağlamlıq üçün faydalarını təsvir edir. Onun “Soberg Prinsipi” adlanan yanaşması, soyuq suya qısa müddət məruz qalmanın belə böyük təsirlərə malik olduğunu göstərir. Həmçinin bu təcrübə bədəndə stress hormonlarını azaltmaq və insanın özünəinamını artırmaq baxımından təsirli ola bilər. Üstəlik, titrəmə zamanı əzələlərdən “süksinat” adlı maddə sərbəst buraxılır, bu da əlavə istilik yaranmasına səbəb olur. Davamlı şəkildə soyuq mühitlərdə təlim keçənlərin bədənləri bu vəziyyətə uyğunlaşır. Bu, tədricən soyuq hissini azaldır və bədəni daha dözümlü edir. Ancaq bu təsirin tam təsdiqlənməsi üçün daha çox tədqiqat tələb olunur. Bu şəxslər soyuqda rahat qalmaq üçün bəzən Wim Hof kimi tənəffüs metodlarından istifadə edirlər. Bu metodlar bədənin stress reaksiyalarını azaldaraq soyuqla mübarizədə kömək edir.
Yeri gəlmişkən, Wim Hof, daha çox “Buz Adam” kimi tanınır, Niderlanddan olan ekstremal idmançı və dünya rekordçusudur. O, ekstremal soyuq şəraitlərə dözümlülüyü ilə məşhurdur və bu qabiliyyətini xüsusi bir nəfəs alma və meditasiya texnikası vasitəsilə əldə etdiyini iddia edir. 1959-cu ildə Niderlandın Sittard şəhərində doğulan Wim Hof müxtəlif ekstremal nailiyyətlərə imza atıb. Misal üçün, “şortik” geyinərək Kilimancaro dağına qalxıb. Arktik dairədə -20°C temperaturda marafon qaçıb. Bir saatdan çox buz dolu vanna içində qalıb. Wim Hof metodu adlanan texnika nəfəs alma məşqləri, soyuğa məruz qalma və zehni fokuslanmanı birləşdirir. Onun texnikası bədəndə iltihabın azalmasına, immunitetin güclənməsinə və stressin idarə edilməsinə kömək edir. Tibb sahəsində aparılmış araşdırmalar göstərir ki, Wim Hof ağlı vasitəsilə bədənində kortizol və digər iltihab əleyhinə maddələrin səviyyələrini dəyişə bilir. Hof həmçinin öz texnikasını dünyaya yaymaq üçün təlimlər keçirir və insanların öz bədənlərini daha yaxşı idarə edə biləcəklərinə inanır. Bu metod yalnız ekstremal idmançılar üçün deyil, gündəlik həyatda stress və sağlamlıq problemlərini idarə etmək istəyənlər üçün də tövsiyə olunur.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ