İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda “TikTok”a qadağa qoyulur, bəs Azərbaycanda?

Ölkəmizdə də bu sosial şəbəkə ilə bağlı xeyli narazılıqlar var;  Ekspert: ""TikTok"u qadağan etsək, insanlar ağıllanacaq?"

Qırğızıstanda “TikTok”a qadağa qoyulur. Xarici KİV-lərin məlumatına görə, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə “TikTok”un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.

Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.

Nazirlikdən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.

Qeyd edək ki, ayın əvvəlində Qərbi Afrika ölkəsi Seneqalda da “TikTok”un qadağan edildiyi haqda məlumat yayılmışdı. Ölkənin Rabitə Nazirliyinin açıqladığı bəyanatda “TikTok” ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır", - deyə bildirilirdi.

Həmçinin Çin, ABŞ və bəzi Avropa ölkələri, Türkiyə də bu sosial şəbəkədən istifadədə müəyyən qadağalar tətbiq edib. Belə ki, Pekində orta yaşlılar gecə 22:00-dan səhər saatlarına qədər “TikTok”dan istifadə edə bilməzlər. Çünki Çin öz yaratdığı sosial şəbəkənin psixologiyaya və əmək fəaliyyətinə necə təsir etdiyindən xəbərdardır. Türkiyədə isə 12 yaşa qədər uşaqların bu sosial şəbəkəyə girişi qadağandır. 12-15 yaş arası uşaqların gün ərzində 30-40 dəqiqə istifadə etmək hüquqları var. Bir çox müsəlman ölkələri isə bu platformaya girişi qadağan edib.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda da “TikTok”la bağlı xeyli narazılıqlar, iddialar var. Bildirilir ki, “TikTok” artıq dövlətimiz üçün ciddi təhlükə mənbələrindən birinə çevrilib. Belə ki, “TikTok” müəyyən pis vərdişlərə təhrik, insan alverini əlçatan edən, dələduzluq hallarını artıran, eyni zamanda əxlaqi dəyərləri aşındıran neqativ davranışların virtual məkanı olub. Həmçinin bu platformada qadın alveri açıq formada həyata keçirilir, yüngül həyat tərzi yaşayan xanımlar bu platformada öz hesabları vasitəsilə hansı qiymətə görüşəcəklərini elan edirlər.

Elşad Mirbəşir:Fransa Ermənistanı silahlandırmağa çalışır

Elşad Mirbəşir

Xatırladaq ki, keçən ilin sonunda deputat Elşad Mirbəşir “TikTok”un Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olduğunu bildirib, aidiyyəti qurumlara azyaşlıların “TikTok”a girişinin məhdudlaşdırılması çağırışını etmişdi. Deputat bildirib ki, “TikTok” Azərbaycan gəncliyinin məhvə getməsinə səbəb olur. Onun sözlərinə görə, məktəblər, qanunvericilik, valideynlərlə iş prinsipi səviyyəsində bu işə diqqət yetirilməlidir: “16-24 yaş arasında gənclərin "TikTok"dan istifadəsi 60%-ə bərabərdir. Bir çox ölkələrdə məhkəmə qərarları ilə “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb, dayandırılıb. Azərbaycanda da bu istiqamətdə iş görülməlidir".

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz də bugünlərdə qeyd edib ki, “TikTok” uşaqlar üçün təhlükəlidir. “Uşaqlar və yeniyetmələr üçün "Tik-Tok" məhdudlaşdırılmalıdır. Bu istiqamətdə bütün maraqlı tərəflərin iştirakı ilə daha ağlabatan üsullardan istifadə edilməlidir. Amma ciddi hüquqi əsaslar olmadan bu platformaya qarşı bloklanma doğru olmazdı. Digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı", - deyə Osman Gündüz bildirib.

Azərbaycanda da “TikTok”a qadağa və yaxud məhdudiyyətlər qoyulsunmu?

Fazil Mustafa ikinci dəfə əməliyyat edildi - ANS - Sayt Başlığı

Fazil Mustafa

Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, qadağalar barəsində düşünmək doğru çıxış yolu deyil: “Çünki onun qarşısını alacaq imkanlara sahib deyilik. Axı "TikTok"u kəşf edən biz deyilik, biz yalnız onun istehlakçısıyıq. Şərq cəmiyyətləri olaraq bizim düşüncə potensialımız ancaq istehlakçı olmağa yetərlidir.

Savadsızlığın geniş yayıldığı bir məmləkətdə “Facebook”dan “TikTok”dan necə istifadə olunmalı idi ki? Yalnız təbriklər, “Allah rəhmət eləsin” və bir də mənasız məsələlər öz əksini tapır. Halbuki bunlar  faydalanmaq üçün çox önəmli sistemdir. Hətta “TikTok”da bəzən ağıllı kəsintilər təqdim olunur. Digər elementlər isə onsuz da cəmiyyətin bütün sahələrində olub, olacaq da, bunu qapatmaq mümkün deyil. Yalnız dövlətin nəzarətində olan mexanizmlərdə bunu etmək mümkündür.

Bu baxımdan, bunun qarşısını almaq əvəzinə, bu axına paralel axın yaratmaq lazımdır. Bəs paralel axın nədir? Təhsili inkişaf etdirib, insanların daha ağıllı və sistemli bilik almasına yönələn fəaliyyəti genişləndiməliyik. Məhz burada axsayırıq. Bu məsələdə axsadığımıza görə də məktəbli uşaqların böyük əksəriyyəti sosial şəbəkədən bayağı, özlərini hansısa şəkildə yüngül davranış sahibi kimi göstərmək üçün istifadə edirlər. Digər cəmiyyət üzvləri də belədir. Məsələn, diqqət edirsinizə, böyük əksəriyyət sosial şəbəkəyə ancaq hansısa şəkildə linç etmək, söyüş söymək məkanı kimi baxır.

Beləliklə, biz yalnız alternativləri  inkişaf etdirməyi düşünməliyik. Yəni tutaq ki, “TikTok”u qadağan etsək, insanlar ağıllanacaq? Əlbəttə ki xeyir. Ona görə də qadağa üzərində düşünmək yerinə normal islahat keçirib, təhsili cəmiyyətin dəyərinə çevirmək lazımdır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR