Onlayn ictimai-siyasi qəzet
Orta məktəbdə oxuyanda elə bilirdim ki, böyüklərin hamısı savadlıdır, səhvsiz yazmağı, yaxşı danışmağı bacarırlarvə hamısı hər gün nəsə oxuyur. Bu qənaətə gəlməyimə səbəb o idi ki, qəzet abunəçisi olmayan adam yox idi, hər evə qəzet girirdi.
Sonradan məlum oldu ki, sovet hökuməti zəhmətkeşləri və rəhbər işçiləri qəzet və jurnallara zorla abunə edirmiş. Partiya heç kəsi özbaşına qoymurmuş, deyirmiş, hamı oxumalıdır – rayon qəzetindən ta “Pravda”ya qədər.
Amma ali məktəbdə rektorumuzun nitqinə qulaq asanda, açığı, çox sarsıldım. O boyda professorun bir normal cümləsi olmadı. Məsələn, adam belə cümlələr qururdu: “Partiya və hökumətimizin atalıq qayğısı nəticəsində tələbələrimizin təhsildəki nailiyyətləri, o cümlədən biz çalışmalıyıq ki, yaxşı mütəxəssislər sosializm quruculuğu istiqamətində hazırlamaqla, bir sözlə, təhsildə müvəffəqiyyətlər qazanmaq bizim borcumuzdur”.
Uzun sözün kəsəsi, rektorun yarım saatlıq çıxışında bir dənə də olsun, mübtədası, xəbəri yerində olan, başı ilə ayağı düz gələn cümlə eşitmədim. Amma məktəbimizdə o, ən savadlı kadr sayılırdı, ona görə də onu rektor qoymuşdular, deyirdilər, ixtisasının bilicisidir və yaxşı təşkilatçıdır.
O vaxtlar dəb idi, savadı kəm, nitqi bərbad, yazı-pozusu sıfır olan kadrların əl-üzünü yumaq üçün həmişə deyirdilər: “Düzdür, filankəs savadsızdır, amma yaxşı təşkilatçıdır”. Hətta sonra bu ifadə bir az da konkretləşdi: “Xasiyyətinə qalsa, o, eşşəyin biridir, amma yaxşı təşkilatçıdır, işinin öhdəsindən yaxşı gəlir”.
Bu ifadə o dövrün savadlı adamlarına böyük ziyan vururdu, karyeralarını baltalayırdı. Çünki ifadənin antonimi beləydi ki, əgər bir kadr savadlıdırsa, demək, yaxşı təşkilatçı olmayacaq. Yaxşı təşkilatçı olmaq üçün mütləq savadsız və qaba adam olmaq lazımdır.
İki ali məktəb (biri hətta “partşkola”) qurtarmış adam tanıyırdım, onunla eyni kursda oxuyanların hamısı hansısa rayonda ya birinci katib, ya da icraiyyə komitəsinin sədri idilər, buna isə “Bilik” cəmiyyətinin sədri vəzifəsi vermişdilər. Adam nəinki ana dilimizdə, hətta rusca esse yazmağı bacarırdı, amma adı çıxmışdı ki, təşkilatçılıq məsələsində axsayır. Özü də pis olan o idi ki, ona heç vaxt məsul vəzifə verib necə təşkilatçı olub-olmadığını yoxlamamışdılar. Eləcə, mədəni davranışına, savadlı nitqinə baxıb qərar vermişdilər ki, bu rəhbər işlərdə işləyə bilməz.
Əslində bir az da haqlıydılar. O dövrdə adı “yaxşı rəhbər” kimi çıxanların hamısı mütləq qaba, söyüşcül, asan-kəsən, alan-verən adamlar idi. Mədəni kadrları basırdılar “Bilik” cəmiyyətlərinə. Partiya və dövlətə planı dolduran adamlar lazım idi. Marksizm-leninizm hərləyən yox idi.
Sonra vəziyyət lap pisləşdi. İki eşşəyin arpasını bölərkən qohum-əqrəbasındakı eşşəklərə də pay çıxan, öz adını-soyadını yazanda azı 3 səhv buraxan, Lissabonun şəhər, “sammit”in “zirvə görüşü” demək olduğunu bilməyən, danışanda ağzından horra tökülən adamlar gəlib İH başçısı oldular. Bildikləri o idi ki, yaltaqlıq adama mənsəb və sərvət bəxş edir. Onlar hansısa tədbirlərdə özlərindən böyüklərə 3-5 dəqiqə yaltaqlanırdılar, amma sutkanın yerdə qalan hissəsində özlərini əzazil firon kimi aparırdılar. Camaat əbəs yerə onlara “xan” adı qoymurdu.
İndi baxıram ki, hələ də kiminsə danışığında, yazısında səhv tutanlar və bunu ictimailəşdirənlər var. Gecdir, qardaşlar. Biz bu kitabı çoxdan bağlamış olmalıydıq. İndi danışanda, yazanda səhv buraxanlarla heç kəsi heyrətləndirmək, sarsıtmaq mümkün deyil. İndi universitet professoru redaksiyaya yazı göndərəndə və onun yazısında səhvlər az olanda (səhv olmayanda yox ha) redaktor heyrətlənir, riqqətə gəlir, gözü yaşarır, müəllifə mesaj yazıb təşəkkürünü bildirir.
Namxuda, sosial şəbəkələr hamının yazı-pozusunu, analitik qabiliyyətini, dünyagörüşünü bariz şəkildə ortaya qoyur. Sosial şəbəkələrdəki divarda (səhifələrə “divar”da deyirlər, bilirsiniz) yazılanlarla real həyatdakı və həyətlərdəki divarda yazılan şeylər qrammatik baxımdan uyğun səviyyəyə gəlməkdədir. “Ay eşşək, bura zibil atma”; “Burada maşın saxlayanın var-yoxusuna nəhlət!”; “Blokun lampışkasını açıb aparan gözüylə görəndir” və s. kimi divar yazıları ilə hansısa qrupa üzv edilənlərin, bayramlarda qoyun şəklinə tag olunanların, inboksuna intim təkliflər gələnlərin ritorikası artıq sürətlə bir-birinə yaxınlaşır.
Deyilənə görə, sosial şəbəkələrin əcnəbi seqmentlərində də bisavad və biədəb yazmaq trenddir. Ta heç kəs savadlı görünmək istəmir, hamı necə gəldi, yazır. Hər yanda qıcqırmış savadın izləri görünür.
Srağagün dostlardan biri bir şəkil paylaşmışdı, hansısa restoran öz müştərilərinə səhər yeməyi təklif edirdi. Səhər yeməyinin adı beləydi: “ZAFTRIK”. Axtarsan, cəmi bir hərf səhvi vardı - sonuncu hərf X olmalıydı...
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ