İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT sədri: “Laçın yolundakı aksiya dünyada ilk dinc antiterror hadisəsidir”


“12 dekabr 2022-ci il tarixdə, səhər saatlarından başlayan və artıq 10 gündür fasiləsiz olaraq Xankəndi-Gorus yolunun Şuşadan keçən hissəsində - Laçın yolunda davam edən aksiya postmüharibə dövründə Qarabağla bağlı ən mühüm proseslərdəndir. Burada söhbət Azərbaycan cəmiyyətinin sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə hələ də davam edən ekoterrora son verilməsindən, ermənilərin xarici şirkətlərlə birlikdə qanunsuz istismar etdikləri faydalı yataqlarımızda dövlət qurumlarımızın monitorinq aparılmasına şərait yaradılmasından, Laçın yolundan qanunsuz yüklərin daşınmasına son qoyulmasından gedir”.

Musavat.com xəbər verir ki, bunu aksiyanın ilk günündən fəal iştirakçısı olan “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri, “Yeni Müsavat” media qrupun redaktoru Elşad Məmmədli bildirib.

318456997_872824387297926_1840763292903125303_n.jpg (76 KB)
O qeyd edib ki, bu, heç də sadə bir proses deyil, faktiki olaraq dinc antiterror əməliyyatı kimi də səciyyələndirilə bilər: “44 günlük Vətən savaşımız dünya hərb tarixində yenilik olduğu kimi, bu proses də dünyada ilk dinc antiterror hadisəsidir.


Bildiyimiz kimi, Qeyri Hökumət Təşkilatları Laçın yolundakı aksiyanın lokomotividir. Son illər QHT sektorunda aparılan islahatların, Agentliyin effektiv fəaliyyətinin də böyük təsiri ilə vətəndaş cəmiyyəti təşkilatları kifayət qədər peşəkarlaşıb, püxtələşib. Zatən QHT sektorunda təmsil olunanların əksəri milli, fədakar, vətənpərvər insanlardır.
Laçın yolundakı aksiya bu sektorun cəmiyyət, dövlət üçün nə qədər lazımlılığını, inkişafının nə qədər mühüm məsələ olduğunu ortaya qoydu.
QHT-lər çox peşəkarlıqla, nizam-intizamla, usanmadan Azərbaycan adına mübarizə aparır Şuşada. Dövlət, millət savaşında QHT sektoru mühüm rol alıb.
QHT-lərin dövləti proseslərdə rolunun daha da - maksimum artırılması ancaq faydamıza olar. Bir məqamı da xüsusi olaraq vurğulayım ki, jurnalistlərin rəhbərlik etdiyi QHT-lər bu prosesdə xüsusi fəallıqları və bacarıqları ilə seçildilər, dünyaya, ictimaiyyətə daha çox səs sala bildilər.
Nə baş verdiyini artıq nəinki bütün Azərbaycan, bütün dünya bilir. Əslində, bu aksiya növbəti dəfə Azərbaycanın humanistliyinin ifadəsidir.
Bu aksiya niyə keçirildi? Çünki sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində bizim faydalı mədən yataqlarının qanunsuz istismarının dayandırılması tələbləri yerinə yetirilmirdi, monitorinq üçün dövlət qurumlarımızın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin fəaliyyətinə imkan verilmirdi. Qanunsuz silahlı erməni birləşmələri monitorinq üçün gedən azərbaycanlı mütəxəssisləri silahla təhdid etdilər.
Azərbaycanın hüququ vardı ki, ora silahlı qüvvələri yollasın. Ancaq Azərbaycanın vətəndaş cəmiyyəti institutları humanizm yolunu seçdilər və Laçın yolunda dinc aksiyaya başladılar.
Ermənilər ilk günlərdə həyasızcasına iddia edirdi ki, guya azərbaycanlılar Laçın yolunu bağlayıb, amma bu belə deyildi, indi özləri də etiraf edir. Ona görə də bəzi qərəzli təşkilatların, ölkələrin azərbaycanlıların erməniləri blokadada saxlaması haqda dedikləri heyrət doğurur. Onlar fərqinə varmalıdır ki, bu dinc aksiya ən humanist variantdır”.
E.Məmmədli deyib ki, bu aksiya daha bir həqiqəti də üzə çıxardı və bu çox mühüm məsələdir: “Erməni politoloq Armen Baqdasaryan belə bri açıqlama verib ki, Azərbaycan tərəfinin aksiyasına Xankəndidən 3-4 nəfər belə yığılıb bir şüar səsləndirməyib. Sitat: “Sizcə, niyə belə tendensiyanı izləyirik? Bütün dünya bizdən danışır, amma Qarabağda yaşayan ermənilər susur. Hanı 120 min dediyiniz əhali? Bəsdir yalan danışdınız, orada heç min nəfər qalmayıb. Hamı qaçıb canını qurtarıb. Kimi İrəvana, kimi də erməni diasporu çox olan ölkələrə. “Dqr”də yaşayanlar guya blokadadadırlar. Bəs niyə narazılıqlarını bildirmirlər? Çünki orada olan 100-dən bir az çox insan çölə çıxsa, bütün yalanlar ifşa olacaq, hazırda müxtəlif beynəlxalq platformalarda erməni diaspor nümayəndələrinin “Bakı 120 min erməniyə qarşı humanitar təzyiq göstərir” qışqırıqları puça çıxacaq”.
Bunu artıq ermənilər özləri etiraf edir ki, Xankəndidə guya 120 erməninin olması haqda deyilənlər yalandır!

Beləliklə, Azərbaycan QHT-ləri mütəşəkkil qaydada, dövlət üçün mühüm bir prosesdə əvəzsiz bir iş gördülər. Bu, tarixi bir hadisədir və QHT sektorunun aktivinə yazılan, onun nə qədər lazımlı institut olduğunu isbatlayan məsələdir.
Bir daha şahidi olduq ki, güclü vətəndaş cəmiyyətinin formalaşması nə qədər önəmlidir, vacibdir, lazımdır”.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR